Rəsmi Bakı hökumətyönlü KİV-lər vasitəsilə Qərbin regionda “sabitliyi pozmaq” planları ilə bağlı narahatlığını bildirir. Bu təbliğat Ermənistan baş nazirinin Brüsseldə ABŞ dövlət katibi və Avropa Komissiyasının sədri ilə üçtərəfli görüşü ərəfəsində nəzərəçarpacaq dərəcədə güclənib.
Maraqlıdır ki, Qərblə bağlı bir çox məsələlərdə olduğu kimi, bu məsələdə də Bakı və Moskvanın qiymətləndirmələri üst-üstə düşür.
Aprelin 5-də Brüsseldə keçiriləcək görüşün gündəliyi Ermənistanın sabitliyinə, təhlükəsizliyinə dəstək və onun iqtisadi və humanitar problemlərinin həlli kimi açıqlanıb.
Bir neçə ildir beynəlxalq arenada Ermənistanın maraqlarının açıq lobbiçisi kimi çıxış edən NATO-nun keçmiş baş katibi Rasmussen daha konkret fikir bildirib. Bu günlərdə onun rəhbərlik etdiyi “Ermənistanın dostları şəbəkəsi” Avropa İttifaqı ölkələrinə tövsiyələr yer alan məruzə dərc edib.
Xüsusən, Ermənisstanla viza rejiminin liberallaşdırılması, Yerevana iqtisadi dəstək tədbirlərinin, səhiyyənin inkişafı, qanunun aliliyi, insan hüquqları və demokratiyaya riayət olunması üzrə tədbirlərin görülməsi təklif olunur.
Həmçinin, əsas ərzaq məhsullarının Ermənistana idxalını subsidiyalaşdırmaq tövsiyə olunur. Paralel olaraq, Aİ Ermənistan iqtisadiyyatının inkişafını dəstəkləməli və onu Avropa Enerji Birliyinin üzvü olmağa dəvət etməli, yaşıl energetikaya keçiddə və enerji mənbələrinin şaxələndirilməsində kömək etməlidir.
Məruzədə deyilir ki, Avropa İttifaqı “yeni müharibənin qarşısını almaq üçün” Ermənistanı gücləndirməlidir. Məhz buna görə Aİ və Ermənistan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq möhkəmləndirilməli və Ermənistana Aİ-yə namizəd statusu verilməlidir.
Məruzədə qeyd edilir ki, “Azərbaycan təhlükə təşkil etməkdə davam etdiyi və Ermənistana hücum etməyə hazırlaşdığının siqnalını verdiyi” üçün Ermənistan həddindən artıq qeyri-sabit təhlükəli mühitə düşüb, buna görə müasir Qərb texnikası da daxil olmaqla, Ermənistana hərbi yardım tədarük etmək zərurəti var.
Tövsiyələr, xüsusən təhlükəsizlik sahəsində tövsiyələr ciddi görünür, amma onlar nə dərəcədə realdır? Ukraynada müharibə fonunda Avropanın Ermənistana silah ayırmaq iqtidarında olduğunu təsəvvür etmək çətindir. Ancaq bu, qəbul edilmiş plan deyil, yalnız tövsiyədir. Avropa İttifaqının və ABŞ Dövlət Departamentinin nümayəndələri görüşdə müzakirə olunacaq təhlükəsizlik məsələlərinin yalnız Ermənistanın suverenliyinin müdafiəsini nəzərdə tutduğunu birmənalı olaraq təsdiq ediblər.
Təhlükəsizliyin təmin edilməsi təkcə silah deyil, həm də siyasi dəstəkdir. Bax, buna şübhə olmamalıdır. Qərb Ermənistanı hər cür dəstəkləyəcək, lakin bu, Azərbaycana qarşı düşmənçiliyin təzahürü deyil, Ermənistanın müstəqilliyinin məhv olmasına yol verməmək istəyidir. Bizim rəsmi təbliğatımız bunu fərqli şərh edir və “Paşinyan Ermənistanı Qərbə satıb!”, “Ermənistan Qərbin tapşırığı ilə Qafqazda Rusiyanın mövqeyinə zərbə vurur!” kimi başlıqlarla doludur.
Belə bir təəssürat yaranır ki, bu, Azərbaycan KİV-lərinin deyil, Kreml təbliğatının nəşrləridir.
Ermənistanın Rusiyanın nəzarəti altına qayıtması Azərbaycana nə dərəcədə sərf edir? Tutaq ki, Paşinyan devrildi və hakimiyyətə Rusiyayönümlü qüvvələr gəldi, onlar “Azərbaycana Zəngəzurdan yol açırıq!” deyəcəklər? Yoxsa Ermənistanın sərhədlərini qorumağa son qoyub, Bakının iki respublikanın sovet dövründəki sərhədlərini tanımasını tələb edəcəklər?
Rusiyanın adamları Ermənistana başçılıq etsə Kreml özünü necə aparacaq? Bakını yeni müharibəyə təhrik edəcək, ya sakitləşməyi və Rusiyanın maraqlarını nəzərə almağı tələb edəcək?
Bizim telekanallarımızda vakxanaliya bitmək bilmir, dırnaqarası politoloqlar və ekspertlər sevinclərini gizlətmədən və bir-birinin sözünü kəsərək Paşinyan rejiminin sonunun yaxın olduğunu proqnozlaşdırırlar. Lakin onların heç biri ondan sonra nə olacağını və bunun Azərbaycan üçün niyə yaxşı olduğunu demir.
Ermənistanın müstəqilliyini itirməsi və Rusiyanın ağuşuna qayıtması bir neçə prinsipial dəyişikliyə səbəb olacaq:
Bütün bunlar Azərbaycana lazımdırmı? Yəni, bu politoloqlar və onlara təlimat verənlər bunları başa düşmür?
Rusiya regionda öz mövqelərini qoruyub saxlamaq uğrunda mübarizə aparır. 90-cı illərin əvvəllərində biz Kremlin təsirindən çıxmaq istədikdə də eynilə bu şəkildə zərər görmüşdük və bunun nəticəsi nə oldu? O vaxtdan etibarən Rusiyanın liderləri dəyişib, lakin imperiya siyasəti dəyişməyib.
“Qərbin Ermənistanı silahlandıracağı” Brüssel görüşü ilə bağlı təbliğat səs-küyü reallıqlar və Azərbaycanın maraqları ilə heç bir əlaqəsi olmayan şüardır.
Azərbaycanın qanuni ərazilərinin ona qaytarılması və Ermənistanla sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması kimi mübahisəli məsələlərin aradan qaldırılması iki tərəf arasında birbaşa dialoq vasitəsilə həll olunan bilər. Bu fürsətdən istifadə etməmək səhv olardı.
Şahin Hacıyev