“Qarant Sığorta”nın İdarə Heyətinin xanım üzvü qətlə yetirilib.
Bu barədə “Moderator.az”a Nəsimi Rayon Polis İdarəsi məlumat verib. Məlumata görə, polis və FHN əməkdaşları tərəfindən “Qarant Sığorta” əməkdaşının mənzilinə baxış zamanı Əliyeva soyadlı xanımın üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.
“Qarant Holdinq”in hüquqşünası Ruslan Məmmədov faktı “Azadlıq” qəzetinə təsdiqləyib. Bildirib ki, “Qarant Sığorta”nın işçisi Natəvan Əliyeva iyulun 11-də işə gəlməyib.
Maraqlanıblar, bəlli olub ki, mənzilində qətlə yetirilib. Hüquqşünas hadisə barədə əlavə məlumatları olmadığını, qətlin nə səbəbdən baş verdiyini bilmədiklərini, faktla bağlı hazırda hüquq-mühafizə orqanlarının araşdırma apardığını deyib.
Qeyd edək ki, “Qarant Sığorta” “Qarant Holdinq”ə daxildir. Holdinqin idarə heyətinin sədri isə nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur.