İxtisar xəbəri aldığı üçün ürəyi partlayan və intihar edən neftçilər də var
Bu ilin birinci yarısında neft sektorunda istehsalat qəzası nəticəsində dünyasını dəyişənlərin statistikası açıqlanıb, orada narahatlıq doğuran yeni faktlar var. Bunu virtualaz.org saytına açıqlamasında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyib.
Hüquq müdafiəçisinin sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq bu il ixtisar xəbəri aldığı üçün ürəyi partlayan və intihar edən neftçilər də var: “İstehsalat qəzası nəticəsində isə 10 neftçi ölüb. Amma ürəyi partlayan və işdən çıxarıldığı üçün intihar edənlər də var. Məsələn, “Neftqaztikinti”nin əməkdaşı İsmayıl Umudov ixtisar edildiyini öyrənəndən sonra ölüb. Onun ürəyi partlayıb”.
M.Qəhrəmanlı bildirdi ki, “Nərimanneft” Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) əməkdaşı Həbib Şirinov işdə baş verən qəza nəticəsində ölüb. “Qarasu” əməliyyat şirkətində də ölüm hadisəsi qeydə alınıb. Şirkətin əməkdaşı Oleq Ağayev işdə baş verən qəza zamanı dünyasını dəyişib.
“Neftqaztikintitresti”nin əməkdaşları Musa Hacıyev və Mais Kazımov da işdə vəfat ediblər.
“Siyəzənneft”in əməkdaşı Elnur Ağayev iş yerində ölüb. “Baharenerji” əməliyyat şirkətinin işçisi Etibar Kövsərov işdən çıxarıldığı üçün intihar edib.
Hüquq müdafiəçisinin sözlərinə görə, istehsalat qəzası baş verən qurumlar arasında Tağıyev adına NQÇİ-nin adı da var: “Bu qurumda çalışmış Baranov Dmitri və Əliyev Zakir istehsalat qəzası nəticəsində ölüblər. “Balaxanı” əməliyyat şirkətinin işçisi Hafiz Qasımovun üstünə isə traktor aşıb”.
M.Qəhrəmanlı qeyd etdi ki, istehsalat qəzası nəticəsində ölüm faktına görə heç bir məmur cinayət məsuliyyətinə cəlb edillməyib.