Həbsxanalarda heç də çoxunun fikirləşdiyi kimi itirilmiş, cəmiyyətə yarasız insanlar olmur. Hamıya məlumdur ki, burada ömrünün müəyyən anında bilərəkdən və ya bilməyərəkdən cəza törədən insanlar islah olunana qədər müvəqqəti saxlanılır. Bu da doğrudur ki, heç bir cinayəti olmayaraq həbsxana küncünə atılanlar da var. O insanların dustaq olmasına səbəb kiməsə mane olmaları, siyasi baxışları, hətta əmlaklarının yağmalanmasıdır. Bəzən başqasının əvəzinə cinayəti boyunlarına götürənlər də olur... Vaxtı ilə tanınan, sayılıb seçilən, nüfuz sahibi olan şəxslərin həbsə düşmələri də az olmayıb
Dünya çempionu – narkotik istifadəçisi
Bu dəfə həmin insanlardan biri, Azərbaycanın çox tanınmış bir simasının dəmir barmaqlıqlar arasına düşməsindən bəhs edəcəyəm. O, karate və digər əlbəyaxa döyüş növləri üzrə 7 qat dünya çempionu, dəfələrlə Avropa və ölkə birincisi olmuş əfsanəvi idmançı Canpolad Budaqovdur. Canpolad gənclik illərində SSRİ birinciliklərinin də dəfələrlə qalibi olub. Bəstəboy, həlim baxışlı, ləng, təxminən 55-60 kq çəkisi olan bu insana sonsuz hörmətin və nifrətin şahidi olmuşdum.
O, pis uşaqlara qoşulmaz
Əvvəlcə onunla ilk tanışlığıma qayıdım. 10 saylı CÇM-ə gəldikdə məni ilk olaraq qarşılayanlar arasında həmkəndlim, “qara kəl” ayamalı İlyas Əvəz oğlu Şükürov, hərbi hissələrdən birində həkim işləmiş, tabeçiliyində olan sanitar maşınıyla ərzaq üçün gedərkən minaya düşmüş cəlilabadlı Arif vardı. Sonra əhl başçısı Əziz və onun “xlebniki” salyanlı narkobaron Müşfiq gələcəkdi. Karantindən qonaq aparacaqdılar. Və bu qonaqlıqda Canpolad yuxulu gözləri ilə mənə bir qədər baxdıqdan sonra üzünü Əzizə tərəf çevirib:
- Sizin şair pis oğlana oxşamır. O, pis uşaqlara qoşulmaz, - deyib, sonra üzünü mənə: - Kişi, sənə o qədər yaxın, dost olmaq istəyənlər olacaq ki... “poslat” edərsən, – deyib, mənə məsləhət verdi.
Birlikdə şam yedik. Xeyli söhbət etdik. Canpolad haqda elə onda ətraflı öyrəndim. Bu çəlimsiz, əynindəki idman şalvarının balaqları az qala yerlə sürünən və idman kostyumunun içində vecsiz, miskin formada görünən adama niyə belə böyük hörmətin olduğunu başa düşdüm.
Yüz ilin ölüsünə qarışmış kimi
- Sən axı həkim olmalısan həm də? - soruşdum.
- Onlar hamısı arxada qaldı. Həkimlik də, idman da, alqışlar da... indi yüz ilin ölüsünə qarışmış kimiyəm...
Canpolad mənim üçün maraqlı adam olaraq qaldı. İlk on günü Əziz mənim heç yerdə yemək yeməyimə razı olmadı:
- Şair, o uşaqlar bizim uşaqlardı, bizim əhldəndir. Amma sən karantin vaxtını bitirənə qədər mənim qonağımsan. Özünə yer-yurd eləyənə, “xlebnik” tapana qədər. Mən istəmərəm at, mal heyvan, toyuq-cücə, şor- pendir motalı oğurlayanlarla oturub-durasan. Pis oğlan deyillər e... Amma filankəs adam vurub gəlib, bizimki burdan at oğurlayıb İrana keçirib, oradan da 4 motal pendir-şor əkişdirib, motalları da iranlından oğurladığı ata çatıb keçirib bu taya. Sonra da acgöz oğlu elə həmin atı da qaytarıb o tayda satmaq istəyəndə həbs olunub.
Əziz iki daşın arasında əhlin bəzi uşaqlarının “utanc gətirəcək” cinayət əməllərindən danışmışdı. Və mən də bir neçə gün – karantinin sonuna qədər Əzizgillə oturub-durmuşdum.
Canpoladla da elə bu ərəfələrdə isinişdik. O, oğru dünyasının tanınmış və mübahisəli siması olan Nadir Səlifovla – Lotu Quli ilə yaxın və bəzi məsələlərdə onunla əlbir olduğuna görə həbs olunmuşdu.
Onların yeyə biləcəyi yem...
Bir dəfə ondan Lotu Quli haqda soruşdum:
- Biz Bayılda olanda qardaşlar “malyovka” göndərdilər “xatalara”. Qulinin “vurulması” haqda. Guya onun hansısa qrexi var. Dustaqları incidib, bac-xərac yığıb.
Canpoladın əlindəki papirosu “ağzını açaraq“ ovcundakı tütünqarışıq nəşə yarpaqlarını udmaqla məşğul idi. Canpolad işinə ara vermədən.
- Qələt edirlər. Quli onların yeyə biləcəyi yem deyil, - dedi.
Papirosunu yandırıb dərin bir qullab vurduqdan sonra:
- Yaxşı maldır, çəkmək olar, - üzünü mənə tərəf tutdu. - Sən də şair, hər deyilənə qulaq asma. Mən bir-iki aya çıxıram burdan. Hər şeyə son qoyuram. İynəyə də, iyləməyə də, çəkməyə də. Aktiv idmana qayıdacağam.
Dəlinə şükür, ilahi
Sonra Əzizlə Müşfiq nəyinsə mübahisəsi üçün gələn dustaqların şikayətinə qulaq asdılar, məsələdən halı olub, haqlı tərəfi müəyyən etdilər. Yadıma Axundovun “Vəziri-xani-Lənkəran” pyesindən bir səhnə düşdü. Gülümsədim. “Razborkalarını” bərkgedən qardaşların səviyyəsinə qaldıran mujiklər, əslində, özlərini gözə soxmaq, onları özlərinə böyük qardaş və məsləhət yeri bildiklərini çatdırmaq istəyirdilər. Bu, çox aydın hiss olunurdu. Amma Əziz belə söz-söhbətə qulaq asıb, məsləhətini verib, haqlını müəyyən etdikdən sonra başını yellədi, dustaqların uzaqlaşmasını gözləmədən dedi:
- Dəlinə şükür, ilahi, bunlar nə vecsiz adamlardı. Buna görə də adamı narahat edərlər.
Canpolad fikirli idi, əlini eləcə yellədi, yəni: “fikir vermə”.
Sayıqlığını heç vaxt əldən vermirdi
Canpolad bəzən siqaret çəkdiyi yerdə yuxulayırdı. Siqaret tutan barmaqlarının arası yanmışdı. Siqaretlər süzgəcə qədər yanır, istilik barmaqlara toxunandan sonra diksinir, yenisini yandırır və yenə də həmin hal. Doğrusu, adını çox qabaqlar eşitdiyim, qazandığı uğurlara sevindiyim bir adamın belə vəziyyətə düşməsi məni mütəəssir etmişdi. Hər halda bu adam dəfələrlə bayrağımızı qaldırıb himnimizi səsləndirmişdi. Amma demək lazımdır ki, Canpolad bütün bu mürgülərə rəğmən, çox cəld və ayıq idi. Kənardan keçən, yaxud otağa girən yad adamın iyini hiss edirmiş kimi gözlərini açır, söhbətə bağlanır və sayıqlığını heç vaxt əldən vermirdi.
Onunla nəhayət ki, dostlaşa bildik və günlərin bir günü Tibb məntəqəsinin həyətindəki böyük tut ağacının altında ikilikdə oturub söhbət edərkən ondan özünün hekayətini danışmağı xahiş etdim. Razılaşdı. Amma:
- Mənim nə hekayətim olacaq ki?.. Gürcüstanda, Faxralıda doğulmuşam. Atam həkim idi. Amma sovetlərlə heç düz gəlməyib, qaçaqçılıq etdiyi vaxtlar da olub... Ermənilər atama qarşı təxribatlar hazırlayıb. Gürcülərlə əlbir olublar. Atam həbs də olunub. Amma bütün bunlar bizim təlim-tərbiyəmizə, təhsilimizə mane olmayıb, - dedi.
Hər şeyi atamdan öyrənmişəm
Sonra barmaqları arasında öz-özünə korun-korun yanan siqaretini ayaqları altına atıb yenisini yandırdı. Əzilib sifətinə yayılmış burnunun deşiklərindən yağ yeyən maşının səsboğucusu kimi tüstünü çölə üflədi.
- Hər şeyi atamdan öyrənmişəm. Bir dəfə uşaq vaxtımda atamla qatarda Bakıya gəlirdik. Biz Gürcüstanda yaşayanlar həmişə Bakını paytaxt bilmişik. Bax, həmin uşaqlıq vaxtlarımda kupedə idik. Atam mənə yuxarı yataqda yer edib yatızdırmışdı. Özü isə aşağıda uzanmışdı. Gecə qəribə səsə oyandım. Gördüm 3 kişi atamı dirəyib kupedə küncə, nə isə danışırlar. Hiss etdim ki, atam qorxur bunlardan. Mənə çox pis gəldi bu. Gözümü yarıaçıq qoyub onlara baxırdım. Danışıqlarını isə başa düşmürdüm. Başqa dildə danışırdılar. Deyəsən erməni idilər. Gürcü də ola bilərdilər. Amma nədənsə erməni kimi yadımda qalıblar. Atam onlara yavaşdan nə isə deyirdi, səsi titrəyirdi. 3 nəfər isə çox kobud idi. Atamın gözü birdən gözlərimə sataşdı. Oyaq olduğumu bildi, gülümsədi və yavaşca, “qorxma” dedi. İnanırsan, şair, mən o vaxtdan heç qorxmadım. Atam, sən demə, mənim oyanıb qorxmağımdan çəkinirmiş. Bir anın içində kinolardakı kimi hər üçünü vurdu. Onlar gözləmirdi heç. Ömrümdə birinci dəfə idi ki, insanın bir zərbədən necə halsız uzandığını görürdüm.
Beləcə böyüdüm. Atamı tutmaq istəyirdilər. Bir müddət meşədə gizləndi. Düşmənli idi. Ermənilərlə haqq-hesabını çəkib özü təslim oldu.
Sonra Bakıda Tibb Universitetinə girdim. Yaxşı oxuyurdum və idmanla da məşğul olurdum. Atam türmədən çıxmışdı. Yığışmışdıq Bakıya. Xəstə idi atam, dərmanlarına pul lazım idi. İlk cinayətimi həmən ərəfədə etdim.
Qara bazarda dollar satırdılar. Pul dəyişmək adı ilə bir yəhudini kənara çəkdim. Ona qoynumdan çıxardığım iri kağız bağlamasını göstərib, pul dəyişmək istədiyimi dedim. Məzənnəni müəyyənləşdirib razılaşdıq. Mən arıq, çəlimsiz cavan oğlanam, o isə yekəpərin biri. Həyətlərin birinin tağından içəri keçdik. Ona dedim ki, qorxuram ora getməyə - çəlimsiz adamam, birdən pulumu əlimdən alarsan. Birdən polis zad-da gələr, məni tutar. Heç olmasa sənin şərikin tağın qarşısında dursun, kənar adam gələndə xəbər eləsin. O, “heç qorxma”, - desə də, məni arxayın salmaq üçün şərikinə keçidin qarşısında durmağı tapşırdı, özü də daha arxayın oldu. Biz həyətin sakit bir küncünə çəkildik. O, istədiyim məbləği çantasından çıxarıb saymağa başladı. Mən də eləcə gödəkcəmin qoynundan kağız bağlamasını çıxardıb, ətrafa baxdım. Xəlvətə salıb, qəfildən, ona keyidici bir zərbə endirdim. Səsi belə çıxmadı. Onu ehmalca küncə söykədim, pulları da götürüb getdim. Çıxarkən şərikinə də dedim ki, məni tinə qədər ötürsün – nə olar, nə olmaz...
Beləcə, cinayət aləminə doğru atdığım ilk qədəmdən sonra dostlarım artdı. Çoxu da kriminal aləminə meylli uşaqlar idi.