Sabiq Nəqliyyat naziri Ziya Məmmədov Musavat.com-a açıqlamasında ölkədə koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejimindən və bu günlərdəki fəaliyyətindən danışıb.
Sabiq nazir bildirib ki, karantin günlərində dövlətin qoyduğu qaydalara əməl etməyə çalışıb:
“Karantin günlərini çox ciddi şəkildə keçirib, dövlət tərəfindən qoyulan qaydalara əməl edirəm. Bu günlərdə heç bir rayona getmədim. Karantin günlərini Bakıda keçirirəm. Qoyulan qaydalara əməl etmək bizim vətəndaşlıq borcumuzdur. Son günlər karantin rejimində yumşalma olsa da, hələ ki çölə çıxmamışam. Lakin çıxmaq niyyətim var”.
Ziya Məmmədov son dövrlərdə icra başçıları və yüksək ranqlı məmurların korrupsiya əməllərinə görə saxlanılması məsələsinə aşağıdakı kimi münasibət bildirib:
“Dövlətin bütün tədbirlərini bütün dövrlərdə dəstəkləmişəm, dəstəkləyirəm və uğurlar arzu edirəm. Onların əməllərinə isə hüquq-mühafizə orqanları qiymət verəcək. Başqa fikir bildirmək istəmirəm".
Sonda Ziya Məmmədov hər kəsi qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib:
“Bu günlər ərzində mən də oruc tutub, ibadətimi etmişəm. Allah hər kəsin oruc-namazını qəbul etsin”.
Əli Rais,
Musavat.com