TARİXİN AÇILMAYAN QATLARINDAN:evini, ailəsini, "Quran"ı qorumağa qalxanların Gəncə üsyanı...

2-06-2020, 09:36   


Kamran İSMAYILOV

tarix üzrə fəlsəfə doktoru, dosent

 

Bu günlər biz XX əsr tariximizin daha bir faciəvi, ancaq eyni zamanda şərəfli hadisələri sırasına daxil olan – 1920-ci ildə sovet işğalına qarşı Azərbaycanın müxtəlif bölgələrində (Gəncə, Qarabağ, Lənkəran, Zaqatala-Şəki və b.) baş vermiş üsyanların 100 illiyini də qeyd edirik.

Sovet dövründə tariximizin bir çox məsələləri kimi, həmin antisovet üsyanlarının da mahiyyəti saxtalaşdırılmış, bu üsyanlar imtiyazlarından məhrum edilmiş qüvvələrin “xalqın öz hakimiyyəti”nə – Sovet hakimiyyətinə qarşı silahlı müqaviməti, üsyanların vəhşiliklə yatırılması isə həmin hakimiyyətin əksinqilabçılar, istismarçılar üzərində möhtəşəm qələbəsi kimi qələmə verilmişdir.

Müstəqilliyimiz bərpa edildikdən sonra bu üsyanlara yeni sənədlər işığında nəzər salmaq mümkün olmuş, nəticədə həmin üsyanların əsil səbəb və mahiyyəti, gedişatı, nəticələri haqqında həqiqətləri üzə çıxarmaq mümkün olmuşdur.

Son illərdə 1920-ci il üsyanları haqqında Azərbaycan tarixçiləri tərəfindən maraqlı tədqiqatlar işıq üzü görmüşdür. Elə yaşadığımız bu günlər bir çox elektron resurslarda həmin üsyanlar, xüsusən Gəncə üsyanı haqqında çoxlu materiallar verilir.

Etiraf etmək lazımdır ki, Azərbaycan Cümhuriyyətinin süqutundan sonrakı ilk günlərdə Sovet işğalına qarşı nə Bakıda, nə də bölgələrdə hər hansı mütəşəkkil çıxış baş vermədi. Əlbəttə, bunun müxtəlif səbəbləri var və bu, ayrıca söhbətin mövzusudur. Lakin sonrakı günlərdə XI Qırmızı ordu hissələrinin və sovet orqanlarının əhaliyə qarşı kütləvi zorakılıqları, divantutmaları, qanunsuz müsadirələri az keçmədən xalqın səbir kasasını doldurdu və o, əlinə silah götürərək etiraza qalxdı.

Yuxarıda qeyd edildiyi kimi, üsyanlar haqqında artıq kifayət qədər yazılıb və mənim onları təkrar etmək məqsədim yoxdur. Lakin bir məqama diqqəti cəlb edim ki, 1920-ci ildə baş vermiş üsyanlar haqqında yazan müəlliflərin demək olar ki, hamısı öz tədqiqatlarında əsasən Azərbaycan arxivlərinə istinad edirlər. Həmin üsyanlar, xüsusən onların yatırılması məqsədilə həyata keçirilmiş hərbi əməliyyatlar haqqında məlumatları özündə əks etdirən əksər sənədlər Moskva arxivlərində saxlanılır. Bu sətirlərin müəllifinin Moskvada elmi ezamiyyətlərdə olduğu zaman həmin sənədlərin bəziləri ilə tanış olmaq imkanı yaranmışdır.

Bu sənədlər XI ordunun və əməliyyatlarda iştirak edən hərbi hissələrin komandanlıqlarının əmrlərindən, teleqramlarından, hesabatlarndan, yazışmalarından (perepisklar) ibarətdir və onları hətta şərti olaraq “Sənədlər ittiham edir” seriyası adı altında da birləşdirmək olar.

Həmin sənədlər sovet hərbi hissələrinin və xüsusi şöbələrinin Azərbaycan ərazisində insanlığa sığmayan dəhşətli əməlləri, vəhşilikləri haqqında dolğun təsəvvür yaradır. Bu gün həmin sənədləri həyəcansız, sakit ürəklə oxumaq mümkün deyil. Düşünürəm ki, yaxın gələcəkdə bu sənədlərin üzə çıxarılaraq sistemləşdirilməsi və nəşr etdirilməsi üçün konkret addımların atılması qarşıda duran ən əsas vəzifələrdən biridir.

Əlbəttə, bu, təkcə tarixçilərin işi deyildir, bu işi öz üzərinə götürə biləcək vətənpərvər insanların, xüsusən Rusiyada yaşayan  imkanlı həmyerlilərimizin “əllərini daşın altına qoymaları”ndan da çox şeylər asılıdır.

Ümumiyyətlə, Rusiyanın müxtəlif arxivlərində mövcud olan Azərbaycan tarixinə aid sənədlərin nəşr edilməsi məsələsi biz tarixçilərin ən ağrılı yeridir. Baxmayaraq ki, əməkdaşı olduğum AMEA-nın Tarix İnstitutu tərəfindən bu istiqamətdə xeyli işlər görülüb, ancaq bu işin sistemli şəkildə aparılmasına ehtiyac aşkardır. Lakin bu istiqamətdə nə Azərbaycanda, nə də Rusiyada yaşayan iş adamlarından indiyədək bircə təşəbbüsün belə, şahidi olmamışıq. Halbuki son 30 ildə erməni tarixçiləri tərəfindən Cənubi Qafqazda müxtəlif dövrlərdə baş vermiş hadisələri saxtalaşırmaq, dünya ictimaiyyətində sözdə “erməni soyqırımı”, Qarabağ, Naxçıvan, Zəngəzurun tarixi haqqında özlərinə sərf edən rəy formalaşdırmaq məqsədi güdən yüzlərlə kitablar, sənədlər topluları nəşr edilmişdir.

Yeri gəlmişkən, həmin sənəd toplularının bir çoxu Moskva arxivlərində saxlanılan sənədlərdən ibarətdir (Məsələn, Нагорный Карабах в 1918-1923 гг.: Сборник документов и материалов// Под ред. В.А.Микаеляна. Ереван: Академия наук Армении, 1992; Нагорный Карабах в международном праве и мировой политике: Документы и комментария. В 3 томах, Составитель Ю.Барсегов. Москва: КРУГЬ, 2008; Геноцид армян: ответственность Турции и обязательства мирного сообщества: в 3 т. Сб. док. М.: Гардарики, 2002 və s.).

Hər halda biz “buzun əriməsi”nə və vətənsevər soydaşlarımızıın səsimizə səs verəcəyinə ümidimizi itirmirik.

Sovet işğalına qarşı müqavimət hərəkatı bütün Azərbaycan ərazisini əhatə etsə də, mütəşəkkilliyinə və davamlılığına görə onların arasında Gəncə üsyanı xüsusi yer tutur.

1920-ci il mayın 26-da başlamış üsyanı yatırtmaq üçün Qırmızı ordu komandanlığı Gəncəyə ən say-seçmə, böyük döyüş təcrübəsi olan hissələri göndərmişdi. Üsyançılarla mübarizəyə XI Qırmızı ordunun ən döyüşkən bölmələri – 20-ci atıcı diviziyası və 18-ci süvari diviziyası cəlb edilmişdilər. Üsyanı yatırtmaq üçün ümumi komandanlıq 20-ci diviziyanın komandiri M.Velikanova həvalə edilmişdi. Üsyançılara qarşı zirehli qatardan, təyyarələrdən, ağır artilleriyadan istifadə edilməsinə baxmayaraq, işğalçılar onların ciddi müqavimətilə rastlaşmışdılar. Üsyanı yatırmaq üçün hərbi komandanlıq tərəfindən əlavə qüvvələr cəlb edilmiş, Daxili İşlər Komissarı H. Sultanov Gəncənin fövqəladə komissarı təyin edilmişdi. Yeri gəlmişkən, elə həmin H. Sultanov bir qədər sonra üsyanın yatırılmasında göstərdiyi “xidmətlərə” görə bir sıra digər hərbçilərlə birlikdə, “Qırmızı Bayraq” ordeni ilə mükafatlandırılmışdı.

Sovet hökuməti Azərbaycanda baş verən üsyanların onun Cənubi Qafqaz və bütün Şərqlə bağlı strategiyasının həyata keçirilməsinə əngəl olacağını düşünərək, bu üsyanları nəyin bahasına olursa-olsun yatırmağı qət etmişdi. Gəncə üsyanının Azərbaycanın digər ərazilərinə də yayılmasının qarşısını almaq üçün Sovet siyasi və hərbi rəhbərliyi ən amansız tədbirlərə əl atmağı tələb etmişdi. Üsyanın hansı qəddarlıqla yatırıldığını, Gəncə şəhərinin necə dağıdıldığını Rusiya Hərbi Arxivində saxlanılan iki sənəd əyani şəkildə təsdiq edir. Sənədlərinin əhəmiyyətini nəzərə alaraq onların məzmununu, demək olar ki, bütövlüklə verməyi zəruri hesab edirik.

Birinci sənəddə 18 diviziyanın komandiri Velikanovun üsyanın yatırılmasında iştirak edən qoşun hissələrinə əmri və 18-ci süvari diviziyasının rəisi Kurişkoya göndərdiyi teleqramın mətni öz əksini tapmışdır.

Sənəddə deyilirdi: “Основными силами в срочном порядке выступить Гянджу и самыми жёсткими мерами подавить восстание…” “Не останавливаться ни перед какими мерами, рубить направо и налево и во что бы то ни стало подавить восстание, если даже придется вырезать до 200 человек” (РГВА. Ф. 7717. Оп. 1. Д. 18, л. 39).

(Tərcüməsi: “Əsas qüvvələrlə təcili surətdə Gəncəyə hərəkət edərək ən sərt üsullarla üsyanı yatırın…”. “Heç bir üsuldan çəkilməyin. Sağdan-soldan hamını doğrayın və nəyin bahasına olursa-olsun, hətta 200 adamı qırmaq lazım gəlsə belə, üsyanı yatırın”) (RDHA, F. 7717, S. 1, İş 18, V. 39).

İkinci sənəd isə mayın 29-da XI Ordunun komandanı Levandovski ilə 20-ci diviziyanın rəisi Velikanov arasında yazışmadır:

“Командарм Левандовский: Приказываю в течение двух дней, каким угодно способом подавить восстание, ни в коем случае не выпускать восставших из образовавшегося кольца. Теперь же приказываю приступить к уничтожению восставших огнём, т.е. начать сжигать дома и квартиры. Помните, что своими действиями вы проваливаете не только политику центральной власти, но и всю нашу политику в Закавказье и на мусульманском Востоке. У вас достаточной артиллерии, чтобы начать разбивать квартал за кварталом и разрушить весь город до основания. Имеются аэропланы, которые могут забросать площади восставших, имеется у вас и живая сила и в большом количестве, которая может расправиться самым жестоким образом над восставшими. Таким образом, все зависит от вас лично. По этому, предупреждаю, что если вы в течение двух дней не подавите восстание, вы понесёте самую тяжёлую ответственность.

Подавление восстания должно носить характер самой жёсткой и беспощадной  расправы. За каждую пролитую кровь красноармейца, всех участников восстания расстреливать без всякого суда. Способны ли вы на это и можете ли справиться с этой задачей? Я хочу получить совершенно открывенный ответ от вас.

Начальник 20-ой дивизии Великанов: Будет выполнено хотя бы ценой жизни.

Командарм Левандовский: Кавалерию на город, на глинобитные стены не посылать, Ею нужно  только окружать район восставших, иметь возможность для того, чтобы парировать нападение извне, а расправляться только пехотой. Помните, что лишний час укрепляет позиции восставших, переносит восстание из Гянджи на больший участок и может вызвать всеобщее восстание на всей территории. Бакинский район накануне восстания, у контрреволюционных сил все готово, чтобы поднять восстание, все их взоры направлены к Гяндже и самые жёсткие расправы в Гяндже, вплоть до полного уничтожения города, смогут разрядить всю создавшуюся атмосферу. Расправляетесь, какими угодно средствами. За все я беру на себя ответственность, не трогайте только женщин и детей (РГВА, Фонд 195, опись 3, дело 232, листы 108-115)”

“(Tərcüməsi:

XI Ordu komandanı Levandovski: İki gün ərzində nəyin bahasına olursa olsun üsyanı yatırmağı, üsyançıların mühasirə halqasından çıxmasına imkan verməməyi əmr edirəm. Dərhal əmr edirəm: üsyançıları atəşlə məhv etməyə, onların evlərini və mənzillərini yandırmağa başlayın. Yaddan çıxarmayın ki, siz öz hərəkətsizliyinizlə həm mərkəzi hökumətin siyasətini, həm də bütün bizim Zaqafqaziyadakı və müsəlman Şərqindəki siyasətimizi iflasa uğradırsınız. Bütün şəhəri yerli-dibli, məhəllə-məhəllə dağıtmaq üçün sizin kifayət qədər artilleriyanız vardır. Üsyançıların yerləşdikləri əraziləri bombalamaq üçün aeroplanlarınız, üsyançıları ən sərt şəkildə məhv etmək üçün çoxlu sayda canlı qüvvəniz vardır. Beləliklə, hər şey bilavasitə sizin özünüzdən asılıdır. Ona görə də xəbərdar edirəm: əgər iki gün ərzində üsyanı yatırmasanız, ən ağır məsuliyyət daşıyacaqsınız.

Üsyan ən sərt və amansız şəkildə yatırılmaldır. Qırmızı Ordu əsgərlərinin axıdılmış qanına görə bütün üsyançıları məhkəməsiz güllələyin. Siz bu vəzifənin öhdəsindən gəlməyə qadirsinizmi? Mən sizdən tamam açıq cavab almaq istəyirəm.

20-ci diviziyanın rəisi Velikanov: Həyatım bahasına olsa da əmri yerinə yetirəcəyəm!

Ordu komandanı Levandovski: Atlıları şəhərə, palçıqdan hörülmüş divarlar arasına göndərməyin. Atlılardan yalnız üsyançıların yerləşdikləri əraziləri mühasirəyə almaq və kənardan mümkün hücumların qarşısını almaq üçün istifadə etmək lazımdır, üsyançılar yalnız piyadaların köməyi ilə məhv edilməlidirlər. Unutmayın ki, hər itirilən saat üsyançıların mövqeyinin möhkəmlənməsinə, üsyanın Gəncədən daha böyük sahələrə yayılmasına gətirib çıxara bilər. Bakı rayonu üsyan ərəfəsindədir, əks-inqilabçılar orada üsyana başlamaq üçün  hazırdırlar və gözlərini Gəncəyə dikiblər. Gərgin vəziyyəti yalnız Gəncədə ən sərt divantutmalarla, o cümlədən şəhəri tamamilə dağıtmaqla aradan qaldırmaq olar. Üsyançılara divan tutmaq üçün bütün vasitələrdən istifadə edin. Bütün məsuliyyəti öz üzərimə götürürəm, yalnız qadınlara və uşaqlara toxunmayın. (RDHA, Fond 195, Siyahı 3, İş 232, vərəqlər 108-115)”

Müxtəlif mənbələrə görə, Gəncə üsyanında 10-12 min silahı iştirak etmişdi. Üsyanın əsas qüvvəsini Cümhuriyyət ordusunun əsgər və zabitləri təşkil etsələr də, Gəncə əhalisi bütünlüklə silaha sarılmışdı, ətraf kəndlərin əhalisi də gəncəlilərə qoşulmuşdu. M.Ə. Rəsulzadənin təbirincə desək, “çarizmin qəddar generalı Kinyaz Sisyanova parça-parça doğranıncaya qədər müqavimət göstərən Cavad xanın şəhəri bu dəfə də kəndisini göstərdi”.

Gəncə üsyanı hakimiyyət dairələrini o qədər vahiməyə salmışdı ki, sovet hökuməti hətta Azərbaycan ərazisini tərk etməyi götür-qoy edirdi. Üsyançıların müqavimətini qırmaq üçün qoşunlar ən ağlasığmaz vasitələrə əl atırdılar. İşğalçıların istifadə etdikləri ən yaramaz, qəddar üsullardan biri də üsyanda iştirak edənlərin ailə üzvlərinin girov götürülməsi idi. Qoşunların şəhərə bir neçə dəfə hücum etmələrinə baxmayaraq, onu ələ keçirmək mümkün olmamışdı. Yalnız mayın 31-i, səhərə yaxı şiddətli artilleriya atəşindən sonra şəhər dağıdılmış və üsyançıların bəzilər mühasirədən çıxaraq dağlara çəkilə bilmişdilər. Hətta sovet mənbələrində şəhərdə bir dənə də olsun salamat binanın qalmadığı etiraf olunur.

Üsyançılara mübarizədə, onlara divan tutulmasında ermənilər xüsusi fəallıq göstərmişdilər. Bu məqsədlə şəhərin erməni əhalisindən könüllü dəstələr yaradılmışdı. Ermənilər sovet hissələrini ərzaq, nəqliyyat vasitələri ilə təmin edir, onlara bələdçilik edir, üsyançıların gizləndikləri yerləri göstərməklə dünənki qonşularına satqınlıq edirdilər. M.Ə. Rəsulzadənin qeyd etdiyi kimi, “Gəncə erməniləri qiyamiləri arxadan vurmağa başlayınca şəhər süqut etmək məcburiyyətində bulundu. Xətti-ricətləri daşğın nəhrilə kəsilən əhali müdhiş bir qətliamə məruz qaldı”.

Bir çox erməni-daşnak kommunist maskası taxaraq üsyançılarla mübarizə etməyə hazır olduqlarını bildirdi. Ermənilərin müsəlmanlara qarşı özbaşınalığı hətta Velikanovu belə hiddətləndirmiş və o erməni dəstələrinin əməliyyat rayonundan geri çəkilməsini tələb etmişdi.

Gəncə üsyanı ilə bağlı ən qaranlıq məqamlardan biri də həlak olanların sayı haqdadır. Rusiya arxivlərindəki sənədlərdə sovet qoşunları tərəfindən 800-dən artıq qırmızı əsgərin öldürüldüyü və yaralandığı, üsyançılar tərəfdən isə 1000 nəfərin həlak olduğu göstərilir (RDHA, F.7940, S. 1, İş 40379, v. 3).

Mustafa Sübhi üsyanla bağlı hazırladığı hesabatda 3500 – 4000 dinc insanın öldürüldüyünü, hətta uşaqlara, qadınlara, yaralılara aman verilmədiyini qeyd edirdi. O, qırmızı əsgərlərdən 1500 nəfərə yaxın ölən və yaralananın olduğunu göstərirdi. Y. Baberovski soyadlı alman müəllif də bu rəqəmlərin müvafiq olaraq 1.500 və 4ООО olduğunu göstərir.

M. Sübhi həmçinin 12 min üsyançının həbs edildiyini, onlardan yalnız 8 minin sonradan azad edildiyini qeyd edirdi. M.Ə. Rəsulzadə sovet qoşunlarından 8.000 nəfərin öldürüldüyünü, müsəlmanların isə 15.ooo nəfər qurban verdiyini göstərirdi.

Nərimanovun müdaxiləsi nəticəsində xilas olmuş generallar S. Mehmandarov və Ə. Şıxliniski istisna olmaqla, üsyanda iştirak edən bütün zabit və generalların əksəriyyəti sovetlər tərəfindən edam edilmişdi. Üsyanın yatırılmasından sonra onun iştirakçılarına (əslində bütün Gəncə əhalisinə) qarşı tətbiq edilmiş repressiyalar sovet cinayət maşınının öz mövcudluğu ərzində həyata keçirdiyi amansız “Qırmızı terror”un ən dəhşətli səhifələrindən birini təşkil edir. Üsyançılara qarşı tətbiq edilmiş qəddarlıqları hətta Azərbaycanın bir sıra bolşevik xadimləri, o cümlədən adını çəkdiyimiz M. Sübhi də etiraf edir. Hətta Azərbaycan bolşeviklərinin mərkəzi orqanı olan “Коммунист” qəzeti 1920-ci il 2 iyun tarixli nömrəsində üsyan təşkilatçılarının və iştirakçılarının hamısının məhv edildiyini, üsyançıların şəhərdən çıxmaq cəhdlərinin qarşısının alındığını yazırdı.

Lakin bolşeviklərin bu amansızlıqları belə, işğala qarşı xalq hərəkatının qarşısını ala bilmədi. Tezliklə Azərbaycanın bütün bölgələrini etiraz dalğası bürüdü. Azərbaycanın ram edilməsinin əsas iştirakçısı olan XI Qırmızı ordunun komandanı Levandovski həmin günlər özü etiraf edirdi ki, xalq öz evini, öz ailəsini, öz məscidini və “Quran”ını bolşeviklərdən qoruyurdu: Hamı əmin idi ki, biz, həqiqətən də, bura müsəlmanları qırmağa gəlmişik”. O, üsyanları yatırtmaq üçün ən sərt repressiya tədbirlərinin həyata keçirildiyini, hətta Qırmızı orduya qarşı üsyan qaldırmış kəndlərin tamamilə məhv edildyini də açıq-aşkar etiraf edirdi (“Коммунист” qəzeti, 1920, 23 iyun).

Düzdür, həmin üsyanlar da Qırmızı ordu tərəfində ən vəhşi üsullarla yatırıldı, lakin bu üsyanlar Azərbaycan xalqının şüurunda artıq müstəqillik ideyalarının dərin kök saldığının, işğalla barışmadığının təsdiqi oldu. Burada dahi Rəsulzadənin müdrik sözlərini yada salmamaq mümkün olmur: “Bu üsyanlar dəxi olmasa idi Azərbaycan xalqı bilməm hankı vəqələrlə kəndi namusunu müdafiə etmiş olduğunu isbat edəcəkdi?!”

Həm də etiraf etmək lazımdır ki, üsyanlar yatırılsa da, Sovet hökuməti də Azərbaycanda tətbiq etdiyi siyasi kursda, müvəqqəti də olsa, müəyyən düzəlişlər aparmalı, milli və dini amilləri nəzərə almalı oldu.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.