Suriyada silahlılar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) – SOCAR-ın daha bir avtomobilini ələ keçirdikləri barədə məlumat yayıblar. İraq Şam İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının üzvləri ələ keçirdiklərini iddia etdikləri avtomobilin fotosunu da yayıblar.
ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə “APA-Economics”ə açıqlamasında bildirib ki, bu məlumat həqiqətəuyğun deyil. “ARDNŞ qəti şəkildə bəyan edir ki, Suriyada heç bir yanacaqdoldurma şəbəkəsi mövcud deyil. Fotoda əks olunan avtomobilin də SOCAR-a heç bir aidiyyəti yoxdur. Maşının nömrə nişanı da şübhəlidir. Belə hallar əvvəllər də olub. O vaxt da bildirilmişdi ki, ayrı-ayrı qruplaşmalar zaman-zaman öz məqsədləri üçün tanınmış şirkətlərin, o cümlədən, SOCAR-ın brendlərindən istifadə edirlər. Son fotoların yayılması da növbəti belə cəhdlərdən biri kimi qiymətləndirilməlidir”, - deyə N. Quliyev vurğulayıb.
Xatırladaq ki, bir neçə ay əvvəl də Suriyada vuruşan silahlılar üzərinə “SOCAR” yazılmış avtomobili ələ keçirdikləri barədə məlumat yaymışdılar. ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev həmin vaxt da avtomobilin üzərindəki “SOCAR” loqotipinin saxta olduğunu bildirmişdi.