“AAAF Park” yaşayış kompleksinin baş direktoru saxlanıldı

26-07-2014, 13:44   
“AAAF Park” yaşayış kompleksinin baş direktoru saxlanıldı; Tofiq Heydərovu Beynəlxalq Bankın rəhbəri ilə nə birləşdirir?

Hakimiyyət dairələri iri maliyyənin dövr etdiyi tikinti şirkətlərində yoxlamalara qərar verib. Azərbaycan üçün qeyri-ənənəvi dini cərəyanlara yaxınlığı ilə seçilən, xüsusən radikal vəhhabiliyə meyl edən dini qruplaşmaların maliyyə qaynaqlarının nəzarət altına alınması prosesi başlayıb.

Aldığımız son məlumata görə, “Sevil” MMC ilə paralel “AAAF Park” yaşayış kompleksində də yoxlamalar olub. Vergilər Nazirliyi və Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları kompleksdə yoxlamalara başlayıb. Yoxlamaların ilkin nəticəsi olaraq “AAAF İnşaat” MMC-nin baş direktoru Tofiq Heydərov saxlanılıb.

AZAL prezidenti Cahangir Əsgərovun yaxın çevrəsinə daxil olan T.Heydərovun vergi cinayətinə görə tutulduğu bildirilir. “Yeni Müsavat”a daxil olan məlumata görə, yoxlama Korrupsiyaya Qarşı Mübarizə Komissiyasından verilən gizli göstərişlə həyata keçirilir.

Hər iki kompleksdə külli miqdarda vergidən yayınma halları qeydə alınıb. Qeyd edək ki, artıq Baş Prokurorluq “Sevil” MMC-də baş verən qanunsuzluqlar və həbslər haqda rəsmi məlumat yayıb.

Məsələ ilə bağlı “AAAF İnşaat” MMC ilə əlaqə saxladıq. Özünü təqdim etməyən MMC-nin xanım əməkdaşı əvvəlcə T.Heydərovun ölkə xaricində olduğunu söylədi. Sonradan isə T.Heydərovun iclasda olduğunu deyib telefonu qapatdı.

“AAAF İnşaat”ın həm AZAL prezidenti Cahangir Əsgərova, həm də Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevə bağlılığı haqda məlumatlar var. MMC adındakı AAAF abbreviaturasının Cahangir Əsgərovun prezidenti olduğu Azərbaycan Ağır Atletika Federasiyasına (AAAF) işarə olduğu deyilir.

Bu məlumatın ortaya çıxması təsadüfi deyil. Həbs xəbəri yayılmış Tofiq Heydərov vaxtilə Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti olub. Yəni birbaşa C.Əsgərovun müavini vəzifəsini daşıyıb. “AAAF Park” yaşayış kompleksində ailə sağlamlıq mərkəzi, uşaq bağçası, hotel, restoranlar, müxtəlif təyinatlı mağazalar, hər biri 6 sot ərazidə inşa edilmiş 2 mərtəbəli çoxsaylı villalar, 4 mərtəbəli yaşayış evləri, uşaqlar üçün əyləncə parkı var. Burada məktəblə yanaşı, ağır atletika ilə məşğul olan “Zirvə” idman klubunun üçmərtəbəli böyük binası da inşa edilib. “Zirvə”nin C.Əsgərovun prezidenti olduğu federasiya ilə əlaqələri də mövcuddur.

Cahangir Hacıyevə isə ərazinin aidiyyəti kompleksin üzərində tikildiyi torpağın Azərbaycan Beynəlxalq Bankının (ABB) girovluğunda olmasından keçir. Vaxtilə “Bakı Quşçuluq” ASC-nin yerləşdiyi bu ərazi sonradan şübhəli yollarla özəlləşdirilib. ASC səhmdarlarının məhkəmələrə üz tutması da, hüquqlarının bərpa olunması ilə sonuclanmayıb. C.Hacıyevə “AAAF inşaat” MMC-nin digər bağlılıqları da var. C.Hacıyev bu şirkətə daha aşağı faizlə uzunmüddətli kreditlər verib.

“AAAF İnşaat” MMC-də yoxlamaların aparılıb-aparılmamasını dəqiqləşdirmək üçün Baş Prokurorluğun mətbuat xidmətinə müraciət edilib. Lakin xidmətdən hər hansı bir şərh verilməyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.