“LUKAŞENKO BİR OYUNUN İÇİNDƏDİR!...” – “KTMT heç vaxt Azərbaycan ərazilərində hərbi münaqişəyə daxil olmayacaq”

11-08-2020, 10:33   





Baxiş sayı: 2364
Dərc olunub: 11/08/2020 - 09:00
Bölmə: Müsahibə
Son zamanlar MDB məkanında müşahidə edilən gərginlik Belarusdakı prezident seçkiləri ətrafında baş verən hadisələr nəticəsində daha da artmış oldu.
“AzPolitika.info” MDB miqyasında, eləcə də regionumuzda baş verənlərlə bağlı Milli Məclisin deputatı Mixail Zabelinin fikirlərini öyrənib:
- Hazırkı Belarus-Rusiya münasibətlərini necə qiymətəndirirsiniz və sizcə, bu iki qardaş slavyan ölkəsi arasında yaranan gərinliyin səbəbi nədir?
- Bildiyiniz kimi, Belarus gərgin seçkiöncəsi mühit yaşayıb. Və Lukaşenko bu situasiyada müəyyən mənada siyasi oyunlar aparıb. Yəni seçkilərdə həm Rusiyaya, həm də Qərbə meylli seçicilərin səslərini əldə etmək istəyib. Bu mənada onu anlamaq olar. Sözsüz ki, Qərb Lukaşenkoya müəyyən vədlər verə bilər. Ola bilsin ki, buraya maliyyə dəstəyi də aiddir. Bu mənada indi Lukaşenko oynayır və ya oyunun içindədir.
Bir müddət əvvəl Lukaşenko verdiyi müsahibədə qeyd edirdi ki, Putin bizim böyük qardaşımızdır, biz tərəfdaş və qardaş münasibətlərinə malikik və s. Bu, ondan xəbər verir ki, Lukaşenko həm də Rusiyameylli seçicilərin dəstəyini qazanmaq istəyir. Bununla belə, cənab Lukaşenko anlayır ki, Belarus daxilində böyük müxalifət var, hansı ki, həmin qüvvə Qərbə yaxındır. O, düşünür ki, bu reallığı da nəzərdən qaçırmamaq lazımdır. Ancaq hesab edirəm ki, bu oyun yaxşı heç nə gətirməyəcək. Sözsüz ki, daim bir mövqedə olmaq lazımdır. Bir müddət əvvəl Minskdə 33 keçmiş rus hərbçisi saxlanılıb. Onlar keçmiş hərbçilərdir və hazırda hansısa özəl hərbi şirkətdə çalışırlar. Mən düşünürəm ki, bu addımın atılması Lukaşenkonun düşünmədən verdiyi qərar idi. Əgər Rusiya ilə əlaqələri yüksək səviyyədə saxlamaq istəyirsənsə, sözsüz ki, sənin Rusiya rəhbərliyi ilə əlaqələrin var, zəng edib Putinlə situasiyanı müzakirə edə, səni narahat edən məqamlara aydınlıq gətirə bilərsən.
Ancaq seçki öncəsi bu mövzudan qalmaqal düzəltmək, fikrimcə, Lukaşenkonun düşünülməmiş addımı idi və məncə, buna getməyə ehtiyac yox idi. İndi Lukaşenko hansı tərəfə daha çox yaxınlaşmalı olduğunu müəyyən edə bilmir. Sözsüz ki, belaruslar və ruslar sözün həqiqi mənasında iki qardaş xalqlardır. İndi siyasi şərhçilər də gözləyirlər ki, Lukaşenkonun qayığı hansı tərəfə çevriləcək.
- Sizcə, hansı tərəfə çevriləcək?
- Lukaşenko uzun illərdir ki, hakimiyyətdədir, onun zəngin təcrübəsi var və bilir ki, Rusiya ilə münasibətləri pozmaq hansı problemlərə və çətinliklərə səbəb ola bilər. Hər halda düşünürəm ki, Rusiya ilə münasibətləri sarsıdacaq addımlar atmayacaq.
- Ukrayna ilə Rusiya əsrlərlə qardaş xalqlar olsalar da, gördük ki, onların arasında qısa müddətdə düşmən münasibətləri yarandı. Sizcə, belə bir durum Rusiya ilə Belarus arasında da yaşana bilərmi?
- Bəzən kiçik aqressiv qrup hakimiyyəti ələ keçirəndə və böyük çoxluq buna səssiz yanaşanda və hakimiyyəti təhvil verəndə... hansı nəticələrin yarandığı göz önündədir. Hesab edirəm ki, belə bir durum Ukraynada da yaşandı. Beləcə, iki qardaş xalq arasında probemlər ortaya çıxdı. Əlbəttə, bəzən Rusiya özünün siyasi ambisiyalarına nail olmaq üçün təzyiqdən istifadə edir. Bu, şəxsən mənə xoş gəlmir. Eləcə də çoxlarına. Bu xalqlar SSRİ-nin tərkibində bir yerdə yaşayıblar, vahid idarəçilik olub. SSRİ dağıldıqdan sonra bu respublikalar müstəqillik əldə ediblər və sözsüz ki, indi təzyiqlərdən xilas olmaq istəyirlər. Bununla belə, Rusiya nəhəng dövlətdir, bir çox ölkələrin Rusiya ilə böyük iqtisadi əlaqələri var. Və bu, bir çox millətçi və aqressiv qrupların xoşuna gəlmir. Onlar çalışırlar ki, bu əlaqələri dağıtsınlar.
Mən, Azərbaycan nümunəsində misal gətirə bilərəm. Azərbaycan Rusiya ilə isti münasibətlərə malikdir. Biz hətta Rusiya ilə strateji portnyoruq. Bununla yanaşı, biz müstəqilliyimizi saxlayırıq. Biz faktiki olaraq heç bir tərəfdən asılı deyilik. Bəli, bizim neftimiz var, onun vasitəsilə ayaq üstə dura, iqtisadiyyatımızı yarada bilmişik. Xüsusilə, Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan bu amildən effektiv istifadə edib, bizim mənbələrimiz, bazamız var. “COVİD-19” pandemiyası dünyanı bürüyüb, amma biz öz gücümüzə bu problemi aradan qaldırırıq. Bütün hallarda bizim “təhlükəsizlik yastığımız” var və bu, olduqca vacib məqamdır. Amma Rusiya, Ukrayna və Belarusa gəldikdə, bu ölkələr arasında münasibətlərin necə qurulacağını gələcək göstərəcək. Mən düşünürəm ki, əgər bu ölkələrin idarəçiləri uzaqgörən və ağıllı olsalar, bütün hallarda onlar dost kimi qalacaqlar.
- Azərbaycanla Türkiyə arasında hazırda davam edən birgə hərbi təlimləri necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, bu, vacib addım idi. Əgər əvvəllər Türkiyə sözdə Azərbaycana dəstəyini ifadə edirdisə, indi Qarabağ məsələsində Azərbaycana hər cür dəstək verməyə hazır olduğunu nümayiş etdirdi. O cümlədən hərbi dəstəyi. Bununla yanaşı, bir məqama diqqət etməliyik: Nə üçün bizim cənab Prezident münaqişəni sülh yolu ilə həll etməyə çalışır? Çünki ola bilsin münaqişəni hərbi yolla həll etmək mümkündür, amma bu, ciddi zərərlər verərdi. Bir çox insanlar, eləcə də müxalifət mütəmadi olaraq bildirir ki, hər şeyi bir kənara qoymaq və müharibəyə getmək lazımdır. Siz bilirsinizmi, Azərbaycan hələ kiçik dövlətdir, biz beynəlxalq güclərin xəbərdarlığına baxmayaraq, onlarla münasibətləri pozmağı göz önünə alaraq müharibəyə gedəkmi?... Burada söhbət ancaq Rusiyadan getmir. Bəli, bir çoxları deyirlər ki, “Rusiya icazə vermir”. Söhbət ancaq Rusiyadan getmir, siz baxın görün erməni lobbisi Fransada və Amerikada nə qədər güclüdür.
Mən dünən Uruqvayın Xarici İşlər Nazirliyindən məlumat aldım. Uruqvay parlamentində kifayət qədər konqresmen və senator olan ermənilər var. Söhbət lobbi qurumlarından getmir. Bu ölkədə konkret olaraq, senatorlar, konqresmenlər arasında ermənilər var. Və onlar Azərbaycana münasibətdə neqativ mövqe tuturlar. Bu mənada hesab edirəm ki, bizim mövqeyimiz çox doğrudur. Biz dünyaya göstərdik ki, Ermənistan necə aqressivdir, işğalçıdır. Son hadisələr bütün dünyanın diqqətini bu problemə cəlb etdi. Baxın, görün indi sosial şəbəkələrdə nə qədər insanlar ermənilərə münasibətdə neqativ fikirlər yazırlar. Bu mənada hesab edirəm ki, respublika Prezidentinin mövqeyi çox düzgündür və biz uğurla dünyaya sübut edirik ki, Ermənistan faşist dövlətidir, işğalçıdır, Azərbaycanın ərazilərini işğal edib.
Məsələn, siyasətə yaxın olan bəzi insanlar bəzən heç bilmirlər ki, Qarabağın Ermənistanla sərhədi yoxdur. Onlar bu haqda bilmirlər. Mən deyəndə ki, Qarabağın Ermənistanla sərhədi yoxdur, bu region demək olar ki, Azərbaycanın mərkəzindədir, bir çoxları təəccüblənir və “doğrudanmı belədir” sualını verirlər. Və ya siyasətlə maraqlanan adamlara deyəndə ki, Xankəndindən bir qədər aralıda ermənilərin Qarabağa gəlməsinin 150 illiyi ilə bağlı 1978-ci ildə abidə ucaldılıb, bu fakt da çoxlu sayda insanların təəccübünə səbəb olur. Odur ki, bu istiqamətdə təbliğat aparmaq və informasiyanı mümkün qədər daha geniş şəkildə yaymaq lazımdır ki, politoloqlar, bu konfliktlə maraqlanan şəxslər reallığı bilsin.
Türkiyə ilə məsələyə gəldikdə, bildirim ki, çox doğru qərar verilərək Azərbaycanda indi müşahidə etdiyimiz hərbi təlimlər keçirilir. Bu, bir çox ölkələrin düşünməsinə və bilməsinə səbəb olacaq ki, bizim arxamızda Türkiyə kimi güclü dövlət dayanıb. Hansı ki, bu dövlət həm də NATO-nun üzvüdür.
- İyulun 12-də Ermənistanın Tovuz istiqamətində Azərbaycan ərazilərinə hücumunun arxasında Rusiyanın dayandığı haqda iddialar səsləndirilir. Bu iddialara münasibətiniz necədir?
- İndi kim nə düşünürsə, bilib-bilməməyindən asılı olmayaraq, başlayır yazmağa. Bu, ağılsızlıqdır. Bu, heç kimə lazım deyildi, xususilə Azərbaycan-Ermənistan dövlət sərhədində. Mən hesab edirəm ki, bu mövzuda ən yaxşı şərhi həmkarım Rasim Musabəyov verdi. O, qeyd etdi ki, Ermənistanın müdafiə nazirinin hakimiyyətdəki mövqeyi güclüdür və Tovuz ideyası bu qüvvələrə məxsus olub. Bu da, onlar üçün sərfəli olub. Onlar bunu Paşinyana təklif edib və razılıq alıblar. Və təxribatı elə bir ərazidə həyata keçiriblər ki, oradan Azərbaycanın vacib neft-qaz layihələri keçir. Başqa səbəb tapmaq olmur. Təxribatın baş verdiyi ərazidə bəhanə kimi guya oradan “UAZ” markalı avtomobilin keçdiyi göstərilib. Həmin avtomobilin oradan keçib-keçməməsi haqda konkret bir söz deyə bilmərəm. Onlar sadəcə, bundan bəhanə kimi istifadə edərək planlarını həyata keçiriblər.
Rusiya, Fransa və ABŞ-a gəldikdə, belə təxribat onların nəyinə lazımdır? Bu, onların heç birinə lazım deyildi. Üstəlik, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı heç vaxt Azərbaycan ərazilərində hərbi münaqişəyə daxil olmayacaq. Çünki bu, fəlakət olar, diplomatik əlaqələr daxil olmaqla, bütövlükdə münasibətləri dağıdar. Burada hesablamalar belə olub ki, təxribatı törətdikdən və Azərbaycanı proseslərə cəlb etdikdən sonra Ermənistan üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından dərhal dəstək alacaq və öz məqsədlərinə nail olacaq. Üstəlik, Ermənistanda daxili vəziyyət də normal deyil. İqtisadi problemlərlə yanaşı, pandemiya da ciddi problemlər yaradıb. Məncə, əsas hədəf Rusiyanı hərbi prosesə cəlb etmək olub. Amma unutmamaq lazımdır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Rusiyadan başqa da üzvləri var. Belarus və Qazaxıstan heç vaxt belə bir addıma getməzdi. Bu mənada Paşinyanın hesablamaları bir çox hallarda yanlış olur. Ümumən Paşinyan dərin və uzaqgörən siyasətçi deyil. Hesab edirəm ki, apardığı siyasət onun özünə uğursuzluqlar gətirəcək.
“AzPolitika”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar