“XALQIN ÖNÜNDƏ RUSİYANIN TƏZYİQLƏRİNƏ DÖZƏ BİLƏCƏK LİDER YOXDUR...” - “Putinin marağı bundan ibarətdir ki...”

21-08-2020, 13:23   





“Hamı Lukaşenkoya “get” deyir, amma yerinə kimin gəlməsini demir”

“Lukaşenkonun getməsi bir fəlakət, qalması da başqa fəlakət olacaq”

“Rusiyanın dəstəyinin müqabilində Lukaşenko Belarusun maraqlarını satmalıdır”

Məlum olduğu kimi, Belarusda avqustun 9-da keçirilən prezident seçkisindən sonra xalq ayaqlanaraq 26 ildir hakimiyyəti əlində saxlayan Aleksandr Lukaşenkonun hakimiyyətdən getməsini tələb edir. Hələlik Lukaşenko xalqın iradəsinə müqavimət göstərir və bu işdə Rusiyadan dəstək alır. Bununla belə, həm Avropa, həm də Rusiya üçün kritik region sayılan Belarusda proseslərin hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq olduqca çətindir. Görünən odur ki, Lukaşenko hakimiyyəti qorumaq üçün sona qədər dirənəcək.
Belarusda baş verənlərlə bağlı Azərbaycandakı siyasətçilərin mövqeləri fərqlidir. Onların arasında Lukaşenkonun müqavimət göstərməsini dəstəkləyənlər də var, onun getməli olduğunu düşünənlər də. “AzPolitika.info” bu mövzunu Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə müzakirə edib:
- Sərdar bəy, Belarusda situasiya demək olar ki, inqilab mərhələsinə keçid edib. 100 minlərlə insan küçələrə çıxaraq Lukaşenkoya “get” deyir. Siz bu durumu necə qiymətləndirirsiniz?
- Belarusda proseslər Ukrayna modeli üzrə inkişaf edir. Əslində, Svetlana Tixanovskya Belarusda Aleksandr Lukaşenkoya alternativ olacaq rəqib deyil və bu xanım təsadüf nəticəsində Lukaşenkoya rəqib olub. Belarusda problemin çətinliyi ondadır ki, narazı kütlənin önünə çıxan, xalqı özünün qələbəsinə səfərbər edən namizəd və ya lider yoxdur. Məsələn, Svetlana Tixanovskaya xalqa bəzi müraciətlərində deyir ki, küçələrə çıxmayın, döyülməyin, söyülməyin, hökumətə müqavimət göstərməyin və s. Halbuki, namizəd kimi ciddi şəkildə xalqı küçələrə səsləməli, özü bu prosesin önündə getməlidir. Buna getməməsini belə izah edirlər ki, həyat yoldaşı həbsdədir və qorxur ki, onu öldürərlər. Faktiki olaraq isə Belarusda demokratik hərəkat olsa da, bu hərəkatın lideri yoxdur. Seçkilərdə Lukaşenkoya müxalifət adına rəqib olan xanım isə bu hərəkatın lideri olacaq potensiala malik deyil.
Mənim fikrimcə, Belarusda gedən bütün oyunlar Lukaşenkonun Rusiya əleyhinə apardığı siyasəti neytrallaşdırmaqla bağlı idi. Təbii ki, Belarusdakı bütün proseslər Rusiyanın nəzarəti altındadır. Lukaşenko da oyunun mahiyyətinə bələd olduğu üçün Kreml tərəfindən irəli sürülən şərtləri qəbul edib, Rusiyanın hərbi qüvvələrini Belarus ərazilərinə buraxıb.
Belə bir şəraitdə Qərbin Belarusda görəcəyi çox iş yoxdur. Ukraynadan fərqli olaraq, Belarusda Timoşenko, Yuşşenko, Poroşenko kimi siyasətçilər yoxdur. Ukraynada onlarla siyasətçi adı çəkmək olar ki, günlərlə küçələrdə xalqın önündə gedirdi. Belarusda belə demokratik liderlər yoxdur. Xalq Lukaşenkonun əleyhinədir, aksiyalar Lukaşenkonun hakimiyyətdən getməsi üçündür, amma yerinə kimin gəlməsi məsələsində xalqın rəyi yoxdur. Səbəb odur ki, xalqın önündə bu çətin dövrdə Belarusu idarə edən, Rusiyanın təzyiqlərinə dözə biləcək lider yoxdur. Lidersizlik hökm sürür və bu, Belarusda proseslərin qanlı məcraya qədər inkişaf etməsinə gətirib çıxara bilər. Qərbin müdaxiləsi ilə isə burada ciddi nailiyyət əldə edilə bilməz.
Belarusda Qərbin maraqlarına uyğun siyasət aparan lider də yoxdur. Bu baxımdan Qərb və Rusiya ya Belarusda status-kvonun saxlanılması məsələsində anlaşacaq, ya da Qərb Minskdən yüngül nəsə qopara biləcək.
- Sizcə, Belarusda küçələrə çıxan insanlar daha çox qərbmeyllidir, yoxsa Rusiyapərəst?
- Küçələrə çıxanların əksəriyyəti nə ruspərəstdirlər, nə də qərbpərəst. Onlar sadəcə, Lukaşenkonun əleyhinə olan insanlardır. Bu insanların içərisində Rusiyaya və sözsüz ki, Qərbə meylli qruplar da var. Eləcə də solçular, bitərəflər və s. Sadəcə, Lukaşenko uzun müddət hakimiyyətdə qaldığına, ölkədə ciddi dəyişikliklər olmadığına görə, ortaya yeni elektorat çıxıb. 30 ilə yaxındır ki, Lukaşenko hakimiyyətdədir, sovet rejiminə məsxus kolxoz və sovxozu saxlayır, ölkə sovet dövründə olduğu kimi idarə edilir. Yeni nəsil isə dünyanın getdiyi yolla getmək istəyir. Diqqətlə baxanda Belarusdakı problemin bir səbəbi də nəsillər arasında yaranan uçurumla bağlıdırYəni ölkəni idarə edənlərlə idarə olunanlar ayrı-ayrı nəsillərdir. Orada siyasi istiqamət də yoxdur. Sadəcə olaraq, dəyişiklik istəyənlər var. Pisliyə doğru da, yaxşılığa doğru da dəyişiklik istəyənlər meydandadır. Dəyişiklikləri istəmək hələ hamının Belarusun yüksək səviyyədə inkişaf etməsini, demokratiyanın bərqərar olmasını istəməsi mənasını vermir. Hamı Lukaşenkoya “get” deyir, amma yerinə kimin gəlməsini demir.
- Amma Qərbdən də ciddi təzyiqlər hiss edilir. Almaniya və Fransa liderləri Belarus məsələsini Putinlə müzakirə edirlər, Avropa İttifaqı sanksiya siqnalı verir, Avropa Lukaşenkonun qələbəsini şübhə altına alır. Sizcə, bunlar nəyə hesablanıb?
- Qərb öncədən proseslərə hazırlaşmalı idi. Reallıq budur ki, Qərb daim postsovet məkanında baş verən proseslərdə hazırlıqsız yaxalanır. Hələ altı-yeddi il əvvəl Belarusda liderlərin formalaşması üçün planlar olmalı, Qərb institutları bu işə dəstək göstərməli idilər. Amma bunların heç biri olmayıb. Meydana çıxan namizəd isə bu ağır işi aparmaq iqtidarına malik biri deyil. O qadın hakimiyyətə gəlsə belə, 3-4 aydan sonra gedəcək. Bu mənada Belarusda Lukaşenkonun getməsi bir fəlakət, qalması da başqa fəlakət olacaq. Hesab edirəm ki, təəssüfləndirici olsa da, belarusların pozitiv istiqamətdə variantları yoxdur. Ölkədə uzun müddət diktaturanın qalması və yeni liderlərin, demokratik gücün formalaşmasına imkan verilməməsi bütün xalqlarda belə fəlakətli vəziyyətin yaranmasına gətirib çıxarır.

- Sizin dediyinizdən fərqli olaraq, Belarusda görüntü belədir ki, küçələrə çıxan insanlar Lukaşenko ilə yanaşı həm də Rusiyaya qarşıdır və Qərb dəyərlərinə önəm verirlər...
- Mən bilmirəm ki, insanlar nədən belə qənaətə gəlirlər. Belarus və Rusiya təbii müttəfiqlərdir. Üstəlik Belarusda çoxlu rus yaşayır. Belaruslar heç də bizim kimi Rusiyanın əleyhinə deyillər. Rusiya bizim ərazilərimizi alıb yerində Ermənistan dövləti yaradıb, sonra Qarabağı işğal edib, indi də Qarabağı bizdən qoparmaq istəyir. Amma Belarusda bu ölkənin müstəqilliyini məhdudlaşdırmağa çalışır. Unutmayaq ki, SSRİ-nin əsası Rusiya, Belarus və Ukrayna tərəfindən qoyulmuşdu. Bu üç dövlət Rusiya imperiyasının özəyini təşkil edirdi. Atıq Ukrayna əldən çıxıb. Putin öz aləmində imperiya maraqlarını təmin etmək üçün ilk növbədə Belarus və Rusiyanı bir araya gətirməli, daha sonra digər respublikaları “döyə-döyə” gətirib bu prosesə qoşmalıdır. Putinin Belarusla bağlı marağı bundan ibarətdir. Yəni özünün imperiya ambisiyalarının əsaslarını yaratmaq niyyəti. Lukaşenko müəyyən müddət bunun əleyhinə çıxırdı, son dövrlər Qərbə doğru meyllənmə var idi. Vaxtında belə istiqamət götürə bilsəydi bəlkə də vəziyyətdən çıxa bilərdi. Amma elə oyun oynadı ki, sonda həm Rusiya, həm də Qərb tərəfindən dışlandı. İndi Rusiya Lukaşenkoya dəstək verir, amma bunun müqabilində Lukaşenko Belarusun maraqlarını satmalıdır.
- Sizcə, Lukaşenko hakimiyyəti qoruyub saxlaya biləcəkmi?
- Lukaşenko hakimiyyəti qoruyub saxlasa da, stabillik pozulacaq. Onun əleyhinə küçələrə çoxlu sayda insan çıxıb. Lukaşenkonun açıqlamaları da göstərir ki, bu insanlara qarşı hər cür repressiya həyata keçiriləcək. Yəni proses İslam Kərimovun Əndincanda minlərlə insanı güllələməsinə bənzər situasiyaya qədər gedib çıxa bilər. Təbii ki, bu addımlar Lukaşenkonun imkanlarından asılı olacaq. Lukaşenkonun beynində ona qarşı etiraz edənləri repressiya maşınından keçirmək planının olması şəksizdir. Bu baxımdan Lukaşenko hakimiyyətdə qalacaqsa, daxildə dəhşətli repressiyalar olacaq, ortaya çıxan qüvvələr darmadağın ediləcək, insanlar mühacirətə üz tutacaq. Hesab edirəm ki, əslində Belarusda destabilizasiya başlayıb və bu, uzun müddət davam edəcək.
- Ukrayna variantının Belarusda da təkrar olunması ehtimalı nə qədərdir?
- Ukrayna variantı əslində Belarus üçün ən yaxşı variantdır. Ehtimal edirəm ki, ruslar Belarusda Ukraynadan da dəhşətli oyunlar oynayacaqlar. Reallıq budur ki, Lukaşenko gedəcəyi təqdirdə onun yerinə ölkəni nəzarətdə saxlaya biləcək qüvvə yoxdur. Bizdə xalq hərəkatı nəticəsindəƏbülfəz Elçibəy hakimiyyətə gəldi, amma bir ildən sonra getdi. Belarusda da kim hakimiyyətə gəlsə, qısa müddət duruş gətirə biləcək.
Bu gün Qərbin demokratikləşmə ilə bağlı siyasəti iflasa uğrayıb. Onlar öz maraqlarını demokratik maraqların önünə çıxardığı üçün hətta onların maraqlarına uyğun olan proseslər də özlərinin əleyhinə işləyir. Azərbaycanla, Ermənistanla, Belarusla bağlı apardıqları siyasət bunu göstərir. Vaxtında demokratik proseslərə təkan vermədikləri üçün belə növbədənkənar məsələlər gündəmə gələndə Qərb hazırlıqsız yaxalanır. Fakt budur ki, Belarusda Qərbin maraqlarını təmin edəcək siyasi güc və qüvvələr yoxdur. Və bu, reallıqdır. Bu gün Belarusda hamı dəyişiklik istəyir.
Çoxları deyir ki, Belarus Avropadır. Etiraz etmirəm. Amma dünyada demokratiyanın böhranı müşahidə edilir. İqtisadi böhran adətən siyasi böhranlara səbəb olur. Bu gün qlobal iqtisadi böhranın ən ciddi təsirlərindən biri ümumdünya demokratik böhranıdır. Dünyada demək olar ki, bir ölkədə də demokratik qələbə yoxdur, amma dünyanın əksər regionlarında müharibələr, intervensiyalar, qarşıdurmalar sürətlə inkişaf edir. Bu, qlobal böhranın demokratik böhranı şərtləndirdiyini göstərir. Bu böhran oturuşmuş demokratik ölkələrdə də özünü ifadə edir. Məsələn, Fransada “Sarı jiletlilər” və onlara münasibət. İspaniyada Kataloniya prosesi, ABŞ-da irqçiliklə bağlı məsələlərin ortaya çıxması. İnkişaf edən demokratik ölkələrin özündə anti-demokratik poseslərin inkişafı gösərir ki, ciddi böhran var. Bu da son anda Qərbin demokratiyanı öz maraqlarında ən sonuncu yerə qoymasına səbəb olur. Bunu da şərtləndirən obyektiv səbəb qlobal iqtisadi böhrandır. Qərb və dünya qlobal iqtisadi böhrana hazır olmadığı üçün bunun ilk zərbələri məhz demokratiyaya dəyir.
- Dediklərinizlə yanaşı, daha bir həqiqət var: Belarusun Rusiyanın təsirindən çıxarılması Avropa üçün strateji hədəfdir...
- Bəli, Belarusun Rusiya təsirindən çıxarmaq Avropa üçün strateji məsələdir. Çünki Avropa ilə Rusiya arasında nə qədər çoxlu sayda demokratik ölkə olsa, Avropa bir o qədər sakit yaşaya bilər. Odur ki, Avropa ilə Rusiya arasındakı bufer ölkələrdə baş verənlərin Almaniya, Fransa və İngiltərənin maraqlarına aidiyyəti var. Amma bu ölkələrin çoxunun başı intervensiyalara, Aralıq dənizinə, Yaxın Şərqə qarışdığı üçün Belarusdakı proseslərdə işirak etmirlər. Çünki Belarusda iş görmək üçün maliyyə, insan resursları lazımdır. Üstəlik Belarusda Rusiya ilə dirənmək həm də digər məkanlarda daha ciddi şəkildə üz-üzə gəlmək deməkdir. Bu mənada ehtimal edirəm ki, Belarus məsələsində Qərb Rusiyaya güzəştə gedəcək. Belarus Rusiya üçün də strateji məkandır. Diqqətlə baxanda görürük ki, Qərb üçün strateji məkan Ukrayna, Rusiya üçün Belarusdur. Bu gün reallıq budur ki, Qərbin Belarusda proseslərə müdaxilə və təsir etmək üçün gücü yoxdur.
Rasim Əliyev
AzPolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar