Bir müddət öncə Azərbaycan Milli Elmlər Akademiyasına seçkilərlə bağlı mediada qalmaqallı yazılar dərc edildi. Bu yazılarda məlum seçkilərin ədalətsiz olması qeyd olunurdu. Bu yazıların ardından cumhuriyyet.az-a hamımızı təəccüb və təəssüf hissi içərisində qoyan bir məlumat daxil olub. Redaksiyamıza daxil olan xəbərdən məlum olur ki, AMEA-ya bu ilki seçkilərdə Milli Təhlükəsizlik Nazirliyinin 2005-ci ilin iyununda keçirdiyi xüsusi əməliyyat zamanı xidməti otağında külli miqdarda rüşvət alarkən yaxalanan Bakı Dövlət Universitetinin Ümumi və qeyri-üzvi kimya kafedrasının müdiri Babanlı Məhəmməd Baba oğlu, həmçinin Azərbaycan Pedaqoji Universitetinin professoru (uzun illər Naxçıvan Pedaqoji Universitetinin rektoru olmuşdur), 2006-cı ildə universitetdə baş vermiş bir rüşvət qalmaqalına görə şiddətli töhmət almış Cəfərov İsgəndər Həsən oğlu da vardır. Hətta M.Babanlı 2005-ci ildə Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvətalma) maddəsi ilə təqsirləndirilərək həbs edilib, barəsində məhkəmə hökmü də var.