Vəzifəyə qoyuldu, 5 gün sonra həbs edildi

19-12-2020, 10:26   


Dövlət Gömrük Komitəsinin keçmiş şöbə rəisi şərləndiyini deyir
Dövlət Gömrük Komitəsində vəzifə alandan 5 gün sonra həbs olunan Natiq Tofiq oğlu İmanovun ictimaiyyətə, qeyri-hökumət təşkilatlarına müraciəti var.
36 yaşlı Natiq İmanov Bakıda doğulub, 2001-ci ildə yüksək balla Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub, Prezident təqaüdü ilə təltif edilib. Həmin universitetin bakalavr və magistr pillələrini bitirərək 2006-cı ildən etibarən Dövlət Gömrük Komitəsində (DGK) xidmət edib. Rəhbərlik tərəfindən təşəkkür, fəxri fərmanlarla, xüsusi rütbələrlə və nəhayət, 2016-cı ildə “10 illik qüsursuz xidmətə görə döş nişanı” ilə təltif olunub.
Natiq İmanov deyir ki, yaxşı təhsil alıb, öz işində peşəkarlığıyla seçilib, 12 il çalışıb və 2018-ci ilin 6 sentyabrında Dövlət Gömrük Komitəsində keçirilmiş struktur və kadr islahatları zamanı Komitə sədri Səfər Mehdiyevin əmri ilə maliyyə şöbəsinin rəisi vəzifəsinə təyin olunub. Cəmi 5 gün bu vəzifəni icra edən Natiq İmanov Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxslərin qanunsuz hərəkərlərə görə rüşvət alması) maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.
“Ailəm kirayədə yaşayır”
“Bildirmək istəyirəm ki, Dövlət Gömrük Komitəsində (DGK) xidməti fəaliyyətim dövründə tərkibində 2 azyaşlı uşaq olan ailəmlə birgə kirayə mənzildə yaşamışam, malik olduğum yeganə mülk tələbəlik illərindən atam tərəfindən hədiyyə edilmiş “VAZ 2107” markalı avtomobil olub”, - Natiq İmanov yazır.
Məhkumun atası Tofiq İmanov 2-ci qrup Çernobl əlili, anası isə evdar qadındır. Qardaşım da heç yerdə işləmir. Həyat yoldaşı hazırda iki övladı ilə kirayə mənzildə yaşayır:
“Minimum əməkhaqqı həcmində maaşla kirayə mənzil haqqını ödəmək, övladlarımın düzgün qidalanmasını, onların təhsil xərclərini və digər zəruri tələbatlarını təmin etmək qeyri-mümkündür. Mənsiz keçirdikləri bu uzun müddət və mövcud acınacaqlı vəziyyət ailəmin, xüsusilə də azyaşlı övladlarımın psixologiyasına, onların həyat tərzinə çox böyük mənfi təsir göstərib.
İbtidai araşdırmanı həyata keçirən müstəntiqin verdiyi vədə ümid edərək məhkəmə baxışında ədalətli mühakimə nəticəsində günahsızlığımın təsdiq olunmasını gözləsəm də, Bakı Ağır Cinayətlər Məhkəməsində və Bakı Apelyasiya Məhkəməsində başvermiş qanun pozuntularına, təqsirsizliyimi sübut edən kifayət qədər faktlara əhəmiyyət verilmədən müstəntiqin və digər qərəzli şəxslərin mövqeləri müdafiə olundu. Ali Məhkəmədə təqdim olunmuş kassasiya şikayətinə baxılarkən məhkəmə baxışına kənar müdaxilənin olduğunu müəyyən edərək şikayətimi geri götürüb sizə və digər aidiyyəti orqanlara müraciət etməyi qərara aldım.
Nəzərinizə çatdırmaq istədiyim ən mühüm məqam budur ki, DGK-nın məni “rüşvət almaqda” ittiham etməsi bu orqana yeni rəhbər təyin olunması ilə başlanılan struktur və kadr islahatları zamanı, lakin cənab Prezidentin korrupsiya və rüşvətxorluğa qarşı daha sərt formada mübariz aparılması göstərişindən əvvəl, qərəzli mövqe və şəxsi maraqlar çərçivəsində baş verib”.
Həbs üçün plan...
Cinayət materiallarından məlum olur ki, DGK-nın Əməliyyat İdarəsinin rəis müavini vəzifəsinə yeni təyin olunmuş Rafael Əhmədov və dostu Mansur Zeynalov Natiq İmanovun həbs olunmasında əsas şahiddirlər. Şahid ifadələri Natiq İmanovun rüşvət aldığını təsdiqləsə də, təqsirləndirilən şəxs əksini söyləyir. İfadəsindən belə məlum olur ki, iş yoldaşı kimi yaxın münasibəti olduğu Mansur Zeynalov ona zəng edərək görüşmək istədiyini deyib. Görüşdə isə rayona gedəcəyini bildirib və şəxsi pulunu ona əmanət edib. Natiq İmanov da həmin pulla yaxalanıb. Sonradan müdafiə tərəfi Rafael Əhmədovla Mansur Zeynalovun birgə planı nəticəsində əməliyyatın həyata keçirildiyi qənaətinə gəlib.
“Rafael Əhmədov milli və beynəlxalq qanunvericiliyin tələblərinə əhəmiyyət vermədən, səlahiyyətlərindən kənar və sui-istifadə edərək işində irəliləmək xatirinə, guya hansısa qanunsuz hərəkətin qarşısını almaq təşəbbüsü göstərərək, günahsız şəxslərin təqsirli bilinərək məsuliyyətə cəlb olunması üçün qeyri-qanuni yollarla sübutlar toplayaraq cinayət işinin başlanmasına imkan yaradıb, həmin materialların məhkəmədə sübut kimi tanınmasına kənar müdaxilə nəticəsində nail olub”, - məhkum deyir.
Onun sözlərinə görə, Rafael Əhmədov Mansur Zeynalovla dostluq əlaqələrindən istifadə edərək heç bir qanuni əsası olmayan əməliyyat tədbiri planlayıb:
“Dostunu təlimatlandırıb ki, mənə zəng vursun, onunla danışıqlarımıza telefonun açıq mikrofonu ilə qulaq asılsın. Ona özünə məxsus pul verərək kolleqal münasibətlər zəminində mənə çatdırılmasını təlimatlandırıb.
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin bölgüsü haqqında” Fərmanına əsasən əməliyyat-axtarış tədbirlərinin hansı təhqiqat orqanı tərəfindən və hansı həcmdə tətbiqinin mümkünlüyü müəyyən edilib. Bu Fərmana uyğun olaraq “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsinin tələblərinə əsasən korrupsiya ilə bağlı cinayətlər üzrə əməliyyat-axtarış fəaliyyətini Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi həyata keçirir.
AR Cinayət Prosessual Məcəlləsinin 445-ci maddəsindən məlum olduğu kimi “telefon danışıqlarına qulaq asma” (445.1.1)) və “insanların güdülməsi” (445.1.6) yalnız məhkəmənin qərarı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləridir.
Qeyd olunan Qanuna əsasən, telefon danışıqlarına qulaq asmanı Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi, insanların güdülməsi isə DTX, DİN və dövlət sərhəddinin mühafizəsi ilə əlaqədar Dövlət Sərhəd Xidməti keçirir.
Milli və beynəlxalq qanunvericiliyi, Prezident Fərmanlarını heçə sayan Rafael Əhmədovun “şahidi dindirmə protokolu” və məhkəmə baxışındakı çəkişmədən və ya savadsızlığından verdiyi öz ifadələrindən açıq-aydın görünür ki, onun özbaşına etdiyi istintaq hərəkətləri nə onun səlahiyyətləri çərçivəsindədir, nə bu barədə rəhbərliyin məlumatı olub, nə də onlara məhkəmə tərəfindən nəzarət edilib.
AR CM-nin 302-ci maddəsinə əsasən, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyəti olan şəxslər təərfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla nəzərdə tutulmuş mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olduqda cinayət məsuliyyəti yaradır. Həmin maddənin ikinci hissəsinə əsasən, eyni əməllər gizli qaydada informasiya alınması üçün istifadə edilməklə törədildikdə ağırlaşdırıcı hal hesab olunur”.
“Heç bir sənədə imza atmamışam”
Natiq İmanov müraciətində yazır ki, cinayət qanunvericiliyinə görə rüşvət almaq vəzifəli şəxsin səlahiyyətlərinin icrası ilə əlaqədar hər hansı hərəkətə görə maddi neməti qəbul etməsidir:
“Nəzərinizə çatdırmaq istəyirəm ki, mən 5 günlük şöbə rəisi vəzifəsinə təyin olunmağıma baxmayaraq şöbə rəisinin səlahiyyətlərinə malik olmamışam. Belə ki, heç bir sənədə imza atmamışam və imzamın hüquqi qüvvəsi də olmayıb.
Bundan əlavə, DGK-nın Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərdiyi 17.10.2018-ci il tarixli, 100-190/001-22/016556 nömrəli məktuba əlavə olunmuş “Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Maliyyə şöbəsi haqqında” Əsasnamədən göründüyü kimi birdəfəlik müavinətin ödənilməsi şöbə rəisinin xidməti vəzifəsi və səlahiyyətlərinə aid deyil (cinayət işinin materialları, səh140).


Onun sözlərinə görə, Rafael Əhmədov Mansur Zeynalovla dostluq əlaqələrindən istifadə edərək heç bir qanuni əsası olmayan əməliyyat tədbiri planlayıb
Dövlət Gömrük Komitəsindən Dövlət Xəzinədarlıq agentliyinə göndərilən hər hansı ödəniş sənədinə yalnız Komitə sədrinin birinci müavini, Maliyyə-Tarif və Valyuta Nəzarəti baş İdarəsinin rəisi və Maliyyə-Təchizatİdarəsinin rəisi imza atmağa və bu istiqamətdə göstərişlər verməyə səlahiyyətli şəxs idilər. Ödənişlərin elektron qaydada həyata keçirilməsi üçün zəruri olan elektron-imza kartları da yalnız qeyd olunan şəxslərə məxsusdur. Hər hansı ödənişin həyata keçirilməsi bu şəxslərin icazəsi və xəbəri olmadan mümkün deyil.
Rüşvətalma əməlinin törədilməsinə səlahiyyətimin olmaması bu cinayət əməlinin subyekti olmamağımın mötəbər sübutudur.
Əməldə məhz rüşvətalma cinayətinin əlamətini göstərən heç bir fakt, heç bir sübut olmadan yalnız şahid ifadələrinə və öz təxəyyülünə əsaslanan ittihamla müstəntiqin məni ittiham etməsi, kolleqal münasibətlər zəminində baş vermiş hadisənin şişirdilərək rüşvətalma kimi qələmə verilməsi və məhkəmə hakimlərinin onların mövqeyini müdafiə etməsi qərəzliliyinin və məhkəməyə hər hansı müdaxilənin açıq-aşkar ifadəsidir”.
Natiq İmanovun fikrincə, ona qarşı olan qərəzliliyin və məhkəmə icraatına hər hansı müdaxilənin daha bir mötəbər sübutu odur ki, onu Mansur Zeynalova Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq orqanı tərəfindən gömrük əməkdaşına müəyyən olunmuş birdəfəlik müavinətin artıq hesablanaraq ödənilməsi ilə ittiham etmələrinə baxmayaraq, nə Mansur Zeynalov rüşvətvermə cinayəti ilə məsuliyyətə cəlb olunub, nə də Maliyyə Nazirliyi səviyyəsində təqsirkar şəxslərin əhatəsinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülüb:
“Əksinə, həm ibtidai istintaq zamanı, həm də məhkəmə icraatı mərhələsində Rafael Əhmədovun qanunsuz hərəkətləri kimi Mansur Zeynalovun da törətdiyi cinayət əməlinə göz yumuldu. İbtidai istintaq və məhkəmə baxışı zamanı Mansur Zeynalovun əməlində CM-nin 312.1-ci maddəsinin tərkib əlamətlərinin olduğu aşkarlansa da, hansısa kənar müdaxilə səbəbilə onlara əhəmiyyət verilmədi.
Rafael Əhmədovun qərəzli mövqeyini təsdiq edən mühüm məqamlardan biri onun dostu Mansur vasitəsilə məni cinayətə təhrik etməsidir. O hər hansı qanunsuz hərəkətin qarşısını almaq üçün ilk növbədə dostu olan Mansuru bu əməldən çəkindirmək əvəzinə, əksinə onu bu əməli törətməyə təhrik edib. İlk zəngdə Mansurun görüş təklifini rədd etsəm də, o, Rəfaelin təkidi ilə qısa intervallarla bir neçə dəfə mənə zəng edib. (“Bakcell” MMC-dən alınmış “Müstəri zənglərinin detallaşması” sənədi. Cinayət materialları, səh.124)”.
Natiq İmanov deyir ki, Rəfaelin Mansuru aldadaraq pulu ona verməyə təkid etməsini təsdiq edən başqa bir mötəbər sübut da var. Belə ki, DGK-nın Daxili Təhlükəsizlik İdarəsində ondan izahat alınıb və sərbəst buraxılıb. Elə həmin gün saat 18:14-də Mansur ona zəng edərək dostu Rəfaeli və onun tərəfdaşlarını təhqir edib, onu aldatdıqlarını, bu barədə Komitə sədrinə və digər aidiyyəti orqanlara məlumat verəcəyini bildirib. Həmin zənglə bağlı məlumat “Bakcell” MMC-dən alınmış “Müştəri zənglərinin detallaşması” sənədində də öz əksini tapıb.
“Lakin məhkəmə baxışında Mansur hər hansı təzyiq və təsir səbəbindən onu bu hərəkətə təhrik etmələri və aldatdıqları barədə açıq-aydın ifadələr verə bilməyib. Buna baxmayaraq Mansur Zeynalov və Rəfael Əhmədovun həm “şahidi dindirmə protokolundakı”, həm də məhkəmə baxışındakı ifadələri, işin faktiki halları əməlin aldatma və təhriketmə yolu ilə törədilməsi barədə yekun nəticəyə gəlmək üçün kifayət qədər əsas verir
Cinayətin törədilməsinə təhrikçi əməlləri səbəb olmuş əsas cinayət subytektinin məsuliyyətdən azad olunması, digər tərəfdən təhrik nəticəsində insan hüquq və əsas azadlıqları məhdudlaşdırılmış, yaşamağa özünün daimi evi belə olmayan “arxa -dayağı” olmayan, öz səyi və zəhməti sayəsində yüksək rütbələrə və vəzifəyə layiq görülmüş bir şəxsin 5 il azadlıqdan məhrum edilməsi heç bir ədalətə, qanunçuluq, bərabərlik və qərəzsizlik prinsiplərinə sığmır”, - Natiq İmanov yazır:
“Mən heç bir dövlət vəsaitinin mənimsənilməsi halı, hər hansı vətəndaş tərəfindən şikayət halı, hər hansı məmur – vətəndaş münasibətlərindən istifadə edərək iş yoldaşımın rayona getmək bəhanəsi ilə mənə saxlamaq məqsədi ilə verdikləri pulu aldığım üçün qanunsuz olaraq rüşvətlə ittiham olunmuşam.
Əlavə olaraq bildirmək istəyirəm ki, mən xidmət göstərdiyim Dövlət Gömrük Komitəsinin Mərkəzi Aparatında heç bir gömrük rəsmiləşdirilməsi həyata keçirilmir, ora heç bir sahibkarın, vətəndaşın daxil olması mümkün deyil.
Mənə qərəzli mövqe tutan gömrük əməkdaşlarının “rüşvətkarlıqla mübarizə” adı altında etdikləri qanunsuz hərəkətlər, korrupsiya halı ilə əlaqəsi olmayan imkansız şəxslərin, savadlı gənc kadrların məsuliyyətə cəlb olunması cənab Prezidentimizin korrupsiya və rüşvətxorluq halları mübarizə istiqamətində atdığı addımlara, verdiyi fərman və sərəncamların, keçirdiyi kadr islahatlarının icrasına kölgə salaraq həqiqi rüşvətxorların ifşa olunmasına mane törətməkdən başqa bir şey deyildir”.
Qanun deyir ki...
Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinin 3-cü hissəsində deyilir:
“Qanunla müəyyən edilmiş hallar istisna olmaqla heç kəs onun xəbəri olmadan və ya etirazına baxmayaraq izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz”.
Müdafiə tərəfi də hesab edir ki, Rafael Əhmədovun törətdiyi özbaşına və qanunsuz əməllər tək milli qanunvericiliklə qorunan hüquq və azadlıqlarını deyil, həmçinin beynəlxalq hüquqi normaların müddəlarının kobud şəkildə pozulması ilə müşaiyət olunub:
“Belə ki, qeyd olunan əməllər Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi ilə müəyyən olunan şəxsi və ailə həyatına, yazışmaya hörmət edilməsi hüququna müdaxiləyə gətirib çıxarıb.
Beynəlxalq hüquq təcrübəsindən də müəyyən olunduğu kimi cinayətin qarşısının alınmasında və ya istintaqında qanunsuz olaraq istifadə olunan bir sıra texnikalar, misal üçün rabitə əlaqəsinə müdaxilə (telefonun dinlənməsi-Malone Birləşmiş Krallığa qarşı, 2 avqust 1984-cü il tarixli qərar, bənd 64), elektron dinləmə vasitələrindən istifadə (danışıqların lentə alınması yolu ilə əldə olunan sübut-Xan Birləşmiş Krallığa qarşı 12 may 2000-ci il tarixli qərar, bənd 25) və s. hətta həmin üsullarla əldə olunan məlumatlar sonradan istifadə olunmasa da, 8-ci maddə ilə müəyyən olunan hüquqlara müdaxilədir. (Kopp İsveçrəyə qarşı 25 mart, 1998-ci il tarixli Qərar, bəndlər 51-53)
Açıq-aşkar hüquqi əsası olmayan müdaxilələrin əksəriyyəti 8-ci maddənin pozulması deməkdir (MM Niderlanda qarşı 8 aprel 2003-cü il tarixli Qərar, bəndlər 44-46-danışan tərəflərdən birinin polisin yardımı ilə, lakin məhkəmə istintaqı və qanunvericiliklə tələb olunduğu kimi istintaqı aparan hakimin qərarı olmadan telefon danışığının yazılması-pozuntu).
Cinayətin istintaqı üçün zəruri tədbirlərin görülməsi kimi ümumi bir səlahiyyət telekommunikasiya vasitələrinə müdaxilə spesifik tədbirlərin görülməsi üçün qənaətbəxş əsas deyil (Kruslin Fransaya qarşı, 24 aprel 1990-cı il tarixli Qərar).
Göründüyü kimi istər milli qanunvericilikdə (CM-nin 302-ci maddəsi, CPM-nin 445-ci maddəsi, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, AR Konstitusiyasının 32-ci, 71-ci maddələri və.s), istərsə də beynəlxalq hüquq qanunvericiliyində (Avropa İnsan Hüquqları Konvensiyasının 5 və 8-ci maddələri, Avropa Məhkəməsinin hüquqi aktları, BMT-nin “Hüquq-Mühafizə Əməkdaşlarının Davranış Məcəlləsinin 5-ci maddəsi və.s) hüquq-mühafizə əməkdaşı kimi Rafael Əhmədovun səlahiyyətlərinin əhatə dairəsi, həm də onun hansı tərzdə icra edilə bilməsini kifayət qədər aydın şəkildə göstərilsə də, o, bunlara əhəmiyyət vermədən özbaşına, qanunsuz və səlahiyyətlərindən kənar hərəkətlər edib.
Buna baxmayaraq, Bakı Ağır Cinayətlər Məhkəməsi və Apelyasiya Məhkəməsi Rəfael Əhmədovun qanunsuz hərəkətlərini təsdiq edən kifayət qədər faktların mövcudluğuna əhəmiyyət vermədən, onun qanunsuz hərəkətlərini yoxlamadı, onun və digər şəxslərin öz ifadələrində də təsdiqini tapan qanun pozuntularına göz yumaraq qərəzli mövqelərini müdafiə etdilər”.
Natiq İmanov deyir ki, topladıqları sübut və faktlarla, məhkəmə ifadələrinə istinadlarla hazırlanmış müraciəti Baş prokurora, Məhkəmə Hüquq Şurasına və Ombudsmana ünvanlasalar da, ümidverici cavablar almayıblar.
“Halbuki, müraciətlərimdə Bakı Ağır Cinayətlər və Bakı Apelyasiya Məhkəmələrində kənar müdaxilə və süni maneələrin olduğunu, Ali Məhkəmədə də məhkəmə baxışına kənar təsirin mövcudluğunu müəyyən edərək qeyri-prosessual münasibətlərin yolveürilməzliyinin təmin olunması mqəsədi ilə verilmiş kassasiya şikayətimi geri götürərək müraciət etdiyimi bildirmişdim.
Cənab Prezident İlham Əliyev məhkəmə-hüquq sahəsində keçirdiyi islahatlar çərçivəsində etdiyi çağırışlarında bildirilmişdi ki, “ilk növbədə qanunun aliliyi tam təmin edilməlidir və ədalətin qırılması üçün qanunun aliliyi başlıca şərtdir.”, “Qanun hamı üçün eynidir!””
DGK-dan Meydan TV-yə bildirilib ki, məhkəmə baxışından keçmiş heç hadisə ilə bağlı açıqlama verə bilməzlər:
“Məhkəmə məsələni araşdırıb, hökm oxunub. Şahid əməkdaşlar da orda öz ifadələrini veriblər”. (meydan.tv)

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.