İraqda “İslam dövləti” (əvvəlki adı “İraq və Şam İslam Dövləti” (İŞİD) idi) qruplaşması tərəfindən mühasirəyə alınmış Sincar şəhərində yaşayan 40 mindən çox yezidin (yezidi kürdü) yarısı kürd peşmərgələrinin dəstəyi ilə xilas ola bilib.
Lakin qalan 20 min yeziddən bir neçə mini acından və susuzluqdan ölüb, habelə İŞİD yaraqlıları tərəfindən güllələnib və ya diri-diri basdırılıb.
Virtualaz.org saytı “The Guardian”a istinadən xəbər verir ki, İŞİD-in “şeytana sitayiş etməkdə” günahlandırdığı yezidlər xilas olmaq üçün dağ aşırımları ilə ağlasığmaz dərəcədə çətin yollarla Suriyaya keçib, oradan isə Peşxabar sərhəd-keçid məntəqəsindən keçməklə İraqın Ərbil şəhərinə çatıblar. Orada kürd rəsmiləri yezidlərə müvəqqəti sığınacaq verib, onları aclıqdan xilas etmək üçün yemək paylayıb.
Qəzet yazır ki, əgər ABŞ hərbi təyyarələri İŞİD yaraqlılarına hava zərbələri endirməsəydi, yaraqlılar xilas olmağa can atan yezidlərin hamısını qıra bilərdi.
“The Guardian” bildirir ki, yezid qaçqınların hamısı ac və əldən düşmüş vəziyyətdə olub. Onlar İŞİD başkəsənlərindən qurtara bildikləri əmlaklarını plastik kisələrdə bellərində daşıyıblar.
Ölüm təhlükəsinə baxmayaraq bəzi yezid kişiləri yolda İŞİD-in nəzarətində olan ərazilərdən mal-qara oğurlayaraq aclıqdan xilas olmağa çalışıblar. Lakin qırmızı ət susuzluq yaratdığından çoxları onu yeyəndən sonra ölüblər. Çünki dağ aşırımının həmin hissəsində və Nineviya səhrasında içməli su əldə etmək çətindir, gündüzlər havanın hərarəti 50 dərəcəni keçir.
Məqalədə bildirilir ki, hazırda 60 kilometrlik dağ aşırımının cənub tərəfində hələ də minlərlə yezid var. Onlar İŞİD yaraqlıları tərəfindən mühasirəyə alınıblar və kürd peşmərgələrin yaratdığı təhlükəsiz dəhlizə çata bilmirlər.
Britaniya ordusu yezidlərə havadan vertolyotlarla içməli su və ərzaq atıb, lakin qaçqınlar deyirlər ki, paraşütlərlə atılan su və qida konteynerləri ya dağılır, ya da dağdan aşağı yuvarlanaraq İŞİD yaraqlılarının olduğu yerlərə düşür.
Qaçqınlar deyirlər ki, İŞİD-in mühasirəsində hələ iki yezid kəndi qalır və onların qaçıb xilas olmaq imkanı yoxdur. İslamçılar onlara ultimatum veriblər:ya İslam dini, ya ölüm.
“Birinci dəfə deyil ki, bizə belə divan tuturlar. Yezidlər artıq özlərini nə İraqda, nə də Kürdüstanın özündə təhlükəsiz hiss edə bilmirlər. Bizi burada da salamat qoymayacaqlar, bu, zaman məsələsidir. Mənim qohumlarımdan çoxunu İŞİD oğurlayıb, digərlərinin başlarını kəsib, çoxları dağdan uçub və həlak olublar. Hamilə qadınlar, yeni doğulmuş körpələr və uşaqlar yolda qızdırmadan, aclıq və susuzluqdan öldülər” - deyə Ərbilə çatan yezid qadınlardan biri Raysala Şirkani bildirib.
İraqın insan haqları üzrə naziri Muhammed əl-Sudani bildirib ki, ən azı 500 yezidin İŞİD tərəfindən Sinjar şəhərində öldürüldüyünə dair sübutlar var. Daha bir neçə min adam isə dağlarda ölüb.
Bazar günü kürd peşmərgələri İŞİD-i İraqın şimalındakı Quveyr və Mahmur şəhərlərindən sıxışdıra bilib. Kürdlər Amerika aviasiyasının dəstəyi ilə əks-hücuma keçiblər. Lakin ABŞ-ın İŞİD-ə hava zərbələrinin nə qədər davam edəcəyi açıq qalır.