Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

‘Bir millət, iki dövlət’ və... gömrükdən şikayət- rəsmi reaksiya-yenilənib

3-05-2021, 10:41   


DGK türkiyəli sürücülərin şikayətinə münasibət bildirdi
Aprelin 30- da türkiyəli yük maşını sürücülərinin şikayətinə Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) də münasibət bildirib.
DGK qeyd edir ki, yük nəqliyyat vasitələrindən sərhədkeçmə proseslərində alınan gömrük ödənişləri mövcud milli və beynəlxalq qanunvericiliklə tənzimlənir.
Qurum bildirir ki, Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən Azərbaycan ərazisinə daxil olan və onu tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir. Açıqlamaya görə, Məcəlləyə əsasən yük avtomobilləri qaldığı müddətdən, oxların sayından, avtonəqliyyat vasitəsinin ümumi çəkisindən, qət edilən məsafədən, təhlükəli yüklərin daşınmasından asılı olaraq yol vergisinə cəlb edilir. Habelə "Dövlət rüsumu haqqında" Qanununun 24-cü maddəsinə əsasən Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumu tutulur.
Bildirir ki, xarici dövlətlərin avtonəqliyyat vasitələrinin Azərbaycan ərazisinə daxil olması və bu ərazidən tranzit yük daşınması zamanı yüklərin təhlükəlilik dərəcələri "Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında" Avropa Sazişinə uyğun olaraq müəyyən edilir:
“ Daşınan yüklərin təhlükəlilik dərəcəsindən asılı olaraq tətbiq olunan yol vergisinin hesablanması Azərbaycan Vergi Məcəlləsinin 15-ci fəslinə uyğun olaraq həyata keçirilir. Həmçinin,... sərhəd-keçid məntəqəsinə təqdim edilən malın istehsalçı tərəfindən verilmiş təhlükəsizlik pasportunda malların təhlükəsizlik dərəcəsi müəyyən edilmədikdə təhlükəli yüklərin daşınmasına görə yol vergisi tətbiq edilmir”
Habelə qeyd edilir ki, ikitərəfli sazişlərə əsasən xarici dövlətlərə məxsus yük nəqliyyat vasitələri müvafiq kvota çərçivəsində mübadilə edilmiş "İcazə" blankları ilə ölkə ərazisinə daxil olduqda və ya tərk etdikdə həmin sazişdə yol vergisindən azadolma nəzərdə tutulduğu halda yol vergisindən, tutulmadığı halda yalnız dövlət rüsumundan azad olunurlar.
“İddialar əsassızdır”
Vurğulanır ki, Türkiyə və Azərbaycan hökumətləri arasında beynəlxalq avtomobil əlaqələri sahəsində ikitərəfli sazişlərdə yol vergisindən azadolmalar nəzərdə tutulmayıb.
AGK bildirir ki, qeydiyyatda olduğu ölkədən asılı olmayaraq gömrük-sərhəd keçid məntəqələrində yük nəqliyyat vasitələrindən qanunvericilikdə nəzərdə tutulmayan ödənişlərin alınması, onların sürətli keçidinə maneələr yaradılması və ya yubadılması ilə bağlı iddialar isə tamamilə əsassızdır: “ Üstəlik Dövlət Gömrük Komitəsi gömrük-sərhəd keçid məntəqələrində yük nəqliyyat vasitələrindən qanunvericilikdə nəzərdə tutulmayan ödənişlərin alınması, onların sərhədkeçmə prosesi zamanı yubadılması ilə bağlı iddiaları təqdim ediləcək konkret faktlar əsasında araşdırmağa, geniş ictimaiyyətə açıqlamağa hazırdır.”
“Məsələyə siyasi çalarların əlavə olunması qəbuledilməzdir”
Açıqlamanın sonunda da yazılıb:
“Azərbaycan və Türkiyə qardaş, strateji tərəfdaş ölkələrdir.”
Bildirilir ki, iki dövlət arasındakı ticarət dövriyyəsi zamanı mal, nəqliyyat vasitələrinə qarşılıqlı olaraq tətbiq edilən vergi, rüsum və digər ödənişlərin aşağı, yuxarı dərəcəli olması bu münasibətlərə əsla xələl gətirə bilməz : “ Bu mənada məsələyə siyasi çalarların əlavə olunması qəbuledilməzdir”
***
Son günlər türkiyəli yük maşını sürücülərinin Azərbaycan gömrüyünü keçərkən üzləşdikləri problemlər gündəmdədir.
AzadlıqRadiosunun əməkdaşı Bakı yaxınlığında “tır parkları” deyilən yerlərdə olub, sürücülərlə danışıb.
“Məsələn, biz Gürcüstandan keçərək, buraya gəlirik. Gürcüstanda gömrük keçid rüsumu 61 dollardır. Qırmızı körpünü keçəndə isə 315 dollar alınır. Yol sənədləri, məsələn mənim maşınımda tezalışan maddə varmış, ona görə də ödəniş alır. Məsələn, Türkiyədə belə bir rüsum yoxdur, bu ödənişi kimsə tələb etməz. Bu çox böyük rəqəmdir. Yəni, Azərbaycan dövləti bizə qardaş dövlət kimi davranmır. Bizim əsas sıxıntılarımız bunlardır”.
Sürücülərin çoxu kameraya danışmasalar da, bildiriblər ki, bəzi hallarda onlardan dövlət rüsumundan əlavə pul da tələb olunur. Pulu ödəməyənlər günlərlə sərhəddə gözləməli olur, yük maşınlarında əsassız yoxlamalar aparılır.
Kölgə iqtisadiyyatı. Karikatura


Gürcüstan və Azərbaycan gömrüyünün fərqi
Başqa sürücülər də iki qonşu ölkə - Gürcüstan və Azərbaycan gömrüyü arasındakı fərqə diqqət çəkirlər:
“Başqa dövlətlərə də baxırıq. İki dövlət bir millət məsələsini görmürük, açığı. Yollarda radar postlarında da sıxıntılarımız olur. Amma ən çox problemlə gömrükdə üzləşirik. Saatlarla gözləmək, kiçik məsələlərə ilişirlər. Fikirləşirəm ki, azərbaycanlılar Türkiyəyə gələndə biz də onlara beləmi davranırıq. Önəmli olan budur”.
“Türkiyədən çıxıram Gürcüstana girəndə heç maşından aşağı enmirəm. Pəncərədən sənədləri verirəm. 3-5 dəqiqə, uzağı 10 dəqiqəyə iş bitir. Amma Azərbaycana girəndə Qırmızı körpüdə 30-45 dəqiqə sənədləşmə işlərini aparırsan. Ordan çıxıb, aşağıda sənədləşmə binası var, 4-5 saat da orada gözləməlisən”.
Türkiyədəki logistika şirkətlərindən birinin sahibi adının çəkilməməsi şərti ilə AzadlıqRadiosuna deyib ki, Azərbaycana gedərkən sürücülərdən təkcə rəsmi ödənişlərə 600 avro alırlar. Onun sözlərinə görə, malın sifarişçisindən isə qeyri-rəsmi ödənişlər tələb olunur. Sifarişçi bu ödənişi etməyənə qədər sürücülər bəzən 5-6 gün sərhəddə gözlədilir:
“Sifarişçidən, malın sahibindən problem haqda soruşuruq, deyirlər gömrükdə gözlədilmələrinin səbəbi onlardan açıqca pul tələb edilməsidir. Yəni, türk sürücülərdən yox, malı sifariş edəndən istəyirlər. Burada öz adımı, firmamın adını açıqlaya bilmirəm. Çünki növbəti dəfələrdə görmükdə mənə problemlər açılacağından çəkinirəm”.
Hələlik dövlət Gömrük Komitəsi türk sürücülərin bu iddialarına hər hansı açıqlama verməyib.
AzadlıqRadiosu sürücülərin səsləndirdiyi iddialarla bağlı Komitədən cavab ala bilməyib. Komitənin saytında qeyd olunan telefonlara cavab verən olmayıb, elektron hesablarına göndərilən sorğuya isə reporaj efirə gedənədək cavab gəlməyib.


“Türkiyə nömrəli maşından 600 avro tələb olunur, Gürcüstan nömrəlidən yox…”
Türkiyənin Beynəlxalq Çatdırılma Dərnəyinin idarə heyətinin rəhbəri Fatih Şener bildirir ki, dəfələrlə Azərbaycanın rəsmi qurumları ilə müzakirələr zamanı da bu məsələləri qaldırıblar.
Onun sözlərinə görə, Azərbaycan gömrüyündə 600 avroya qədər rüsum tələbi ancaq Türkiyə nömrə nişanı olan yük maşınlarından alınır. Fatih Şener deyir ki, illərdir sürücülər buna bir təhər dözüb, amma daha bıçaq sümüyə dirənib və Azərbaycandan keçən sürücülər bu problemlərin həllini tələb edirlər:
“Bu pulları ödəməmək üçün Türkiyədə bəzi daşımacılar gedib Gürcüstanda şirkət qurdular. Bizim bəzi üzvlərimiz var, 10 Türkiyə, 5 Gürcüstan nömrəli tırları var. Hər ikisi İstanbuldan Bakıya yola çıxır. Türkiyə nömrəli tırlardan 600 avro tələb olunur, Gürcüstan nömrəlidən yox. Təsəvvür edirsiniz hər dəfəsində bu qədər rüsumu ödəməmək üçün bizim daşımacılar məcbur Gürcüstanda şirkətlər qurublar, orda işçiləri var, Gürcüstana vergi verirlər. Amma ən son Rusiyada tırların 30 gün gözləmələri problemi çıxınca, bıçaq sümüyə dirəndi. Bizlər bunu açıqca bildirməyə başladıq. Hətta sektorda belə deyirlər ki, 100 maşın gedək qırmızı körpüyə heç bir pul ödəmədən keçək və etiraz edək. Biz onları saxlayırıq ki, etməyin”.


“Azərbaycana addım atan kimi...”
Fatih Şener deyir ki, bəzi sürücülər bu problemlər ucbatından Qazaxıstana getmək üçün qısa yolu qoyub, Rusiyadan gedirdilər. Son bir aydır ki, Rusiyada sərhəddə onlar həftələrlə gözlədiliblər. Bundan sonra sürücülərin etirazı başlayıb.
“Biz onlara deyirik ki, gözləməyin orda, Rusiyadan qayıdın, Azərbaycandan keçib gedin. Deyirlər yox. Azərbaycana addım atan kimi pul alırlar. Bizim nə qazancımız olur ki, 600-700 dollar pul verək”.
Milli Məclisin iqtisadiyyat komitəsinin üzvü Rüfət Quliyev yalnızca türk sürücülərdən belə bir ödənişlərin tələb edilməsinə inanmır:
“İnandırıcı deyil. Çünki Azərbaycanla Türkiyə arasında münasibətlərin bu səviyyədə olduğu bir vaxtda belə iddialar inandırıcı gəlmir. İndi onu deyim ki, müəyyən islahatlar gedir. Düzdür, pandemiya ilə əlaqədar insanların gediş-gəlişində problemlər yaşanır. Amma islahatlar davam edir”.
Rüfət Quliyev ümid edir ki, bu problemlər tezliklə yoluna düşəcək.
Yüzlərlə üzvü olan Türkiyə Beynəlxaql Çatdırılma Dərnəyinin idarə heyətinin rəhbəri Fatih Şener də ümid edir ki, qısa müddətdə Azərbaycan dövləti bu problemləri həll edəcək. Mərkəzi Asiyaya getmək üçün türk sürücülər Azərbaycan dura-dura digər alternativ yollara əl atmaq məcburiyyətində qalmayacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar