Goranboy Rayon Qaradağlı kənd sakinləri prokurorluğun qarşısında toplaşıb.
Bu barədə Axar.az-a məlumat verən sakinlərin sözlərinə görə, problemin yaranmasına səbəb Qaradağlı kənd sakinləri ilə rayon suvarma sistemləri idarəsinin rəisi Gündüz Bağırov arasında olan insidentdir. Goranboy Rayon İcra başçısının qəbul günü ilə əlaqədar idarəyə gələn kənd sakinləri torpaqların suvarılması üçün daha mühüm işlərin görülməsini istəyiblər. Bunun əvəzində isə Gündüz Bağırov icra başçısının birinci müavininin qarşısında kənd sakinlərinə qarşı ağır ifadələr işlədib.
Hadisə şahidləri Gündüz Bağırovun Qaradağlı kənd sakinlərinə qarşı hətta əl qaldırdığını söyləyirlər. Polislər isə dərhal Gündüz Bağırovu binadan uzaqlaşdırıb.
Rayon sakinləri bundan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət etməklə yanaşı, prokurorluğun qarşısına toplaşaraq, Gündüz Bağırovun əməlinə hüquqi qiymət verilməsini istəyirlər.
Goranboy Rayon Prokurorluğundan Axar.az-a verilən açıqlamada kənd sakinlərinin binanın qarşısında toplandığı təsdiqləndi:
“Suvarma məsələsi ilə əlaqədar etirazlarını bildirirdilər. Kənd sakinlərini şəxsən prokuror Əmirxan Abbasov və onun müavini qəbul etdi. Kəndin icra nümayəndəsi də prokurorluğa gəlmişdi. Hazırda məsələ demək olar ki, həll olunub və onlar öz evlərinə qayıdırlar”.
Qeyd edək ki, Qaradağlı kənd sakinlərinin əksəriyyəti Ermənistandan Azərbaycana deportasiya edilmiş qaçqınlardır.