Xırdalan partlayışı ilə əlaqədar cinayət işi açıldı

9-09-2014, 16:38   
Xırdalan partlayışı ilə əlaqədar cinayət işi açıldıFövqəladə Hallar Nazirli və Baş Prokurorluq Xırdalanda partlayan bina ilə bağlı rəsmi məlumat yayıb.

Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, sentyabrın 8-də saat 06:30 radələrində Abşeron rayonunun Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verib.

Qubadlı rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları həmin binanın ikinci mərtəbəsindəki mənzildə baş vermiş partlayış barədə daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun rəhbərliyi, rayon prokurorluğunun, rayon Polis Şöbəsinin, FHN-in Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal hadisə yerində olmuş, mütəxəssislər cəlb edilməklə hadisə yerinə baxış keçirilmiş, dağıntılar altında qalan şəxslərin xilas edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Aparılmış xilasetmə tədbirləri nəicəsində 8 nəfər - binanın ikinci mərtəbəsində yaşayan 1972-ci il təvəllüdlü İsmayılov Vidadi Yunis oğlu, onun ailə üzvləri - 1972-ci il təvəllüdlü İbrahimova Mətanət Elbrus qızı, 1999-cü il təvəllüdlü İsmayılova Aygün Vidadi qızı, 2001-ci il təvüllüdlü İsmayıl Yunis Vidadi oğlu, 2007-ci il təvəllüdlü İsmayıl Bəkir Vidadi oğlu, birinci mərtəbədə yaşayan 1979-cu il təvəllüdlü Abbasova Könül Tofiq qızı, 2005-ci il təvəllüdlü Abbasov Ayxan Məharət oğlu və üçüncü mərtəbədə yaşayan 2010-cu il təvəllüdlü Abdullayeva Aytac Gülbala qızı dağıntılar altından çıxarılaraq Sumqayıt şəhər mərkəzi xəstəxanasına, Bakı Mərkəzi Klinik xəstəxanasına və Respublika Yanıq Mərkəzinə yerləşdirilmişlər. Onlardan yeddisinin stasionar qaydada müalicəsi hazırda davam etdirilir, bir nəfər isə ambulator müayinədən sonra evə buraxılıb.

Hadisə zamanı 1968-ci il təvəllüdlü Abbasova İfayət Bəhram qızı, 1978-ci il təvəllüdlü Məharət Bəhram oğlu Abbasov və 2003-cü il təvəllüdlü Aydan Məharət qızı Abbasova dağıntılar altından çıxarılsalar da partlayış nəticəsində ağır beton tavanların onların üzərinə düşməsi səbəbindən həyatlarını xilas etmək mümkün olmayıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 225.2 (Yanğın təhlükəsizliyi qaydalarını pozma) və 314.2-ci (Səhlənkarlıq) maddələri ilə cinayət işi başlanmış, prokurorluq və Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin əməkdaşlarından ibarət istintaq qrupu yaradılmışdır. İş üzrə zəruri istintaq hərəkətləri aparılmış, o cümlədən müvafiq ekspertizalar təyin edilib.

Hadisənin ağır nəticələrə səbəb olması nəzərə alınaraq iş üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.