"AZƏRBAYCANIN İKİ ƏSAS DÜŞMƏNİ VAR..." - “Azərbaycana qarşı gedən oyunlar, Ukraynaya qarşı da gedir”

22-11-2022, 13:06   



“Onlar 5 dəqiqəyə Azərbaycanı satıblar...”


ABŞ-da yaşayan, azərbaycanlı politoloq, xüsusilə də son zamanlar Ukraynada böyük rəğbətlə izlənilən tanınmış siyasi təhlilçi Ramiz Yunus “AzPolitika.info”-ya müsahibəsində dünyada və regionda baş verən hadisələri şərh edib. Həmin müsahibəni oxuculara təqdim edirik:

-Ramiz bəy, Azərbaycan auditoriyası sizi daim Ukraynanın televizya və “Youtube” kanallarında, habelə Rusiyanın mühacirətdə olan müxalif informasiya kanallarında izləyir, dinləyir. Böyük auditoriyanız var. Maraqlıdır, buna necə nail olmusunuz? Eyni zamanda, Azərbaycan kanallarında az görünürsünüz, səbəb nədir?

-24 fevraldan sonra demək olar ki, hər gün Ukrayna kanallarında çıxış edirəm. İlk gündən onlara deyirəm ki, mübarizədə əsas amillərdən biri Ukrayna xalqının və cəmiyyətinin birliyidir. Həm hakimiyyətdəki qüvvələrin, həm də onlara müxalif olanların, eləcə də hərbçilərin, bütün cəmiyyətin və xalqın birliyi qələbənin bünövrəsidir.

Mən orada İkinci Qarabağ savaşında Azərbaycan cəmiyyətinin birliyini misal kimi gətirirəm və şəxsən özümdən də misal çəkirəm. Bildiyiniz kimi, mən hər zaman Azərbaycan hakimiyyətinə qarşı çox radikal, müxalif mövqedə duran simalardan biriyəm. Amma 27 sentyabr 2020-ci ildə mənim doğma Vətənim Azərbaycanda müharibə başlayanda aramızda olan bütün narazılıqları bir kənara qoydum. Həmin vaxtdan Azərbaycanın daxili siyasəti ilə bağlı xaricdə müsahibə vermirəm. 44 günlük müharibə ərəfəsində özümü sıravi bir əsgər kimi informasiya savaşına atdım. Həmin vaxt dünya kanallarına, o cümlədən Ukrayna televiziyalarına 105 müsahibə vermişəm. Nüfuzlu dünya mediasında Azərbaycanın haqq sözünü çatdırmışam. 10 noyabr 2020-ci ildə müharibənin nəticələrini gördükdən sonra mən bəyan elədim - o vaxta qədər ki, Rusiya əsgəri Azərbaycan torpağını tərk etməyib, belə davam edəcəm. Artıq iki il keçib. Onlar hələ ki, ordadırlar. Görürsünüz, Ukrayna savaşı da baş verdi, mən orda da eyni mövqedən çıxış edirəm. Çünki Ukraynanın qələbəsi, Azərbaycanın qələbəsidir və Azərbaycan xalqı, cəmiyyəti bu istəyi çox yaxşı nümayiş etdirir. Bu sualınıza cavabım elə bundan ibarətdir. Çünki əsas hədəf ordadı, müharibə orda gedir.

Amma yenə də Azərbaycanla, bizim regionla, dünyada gedən geosiyasi vəziyyətlə bağlı mütəmadi olaraq “Pressklub.TV” kanalında çıxış edirəm və hadisələrə öz mövqeyimi bildirirəm.

Çünki dünyada çox qəliz oyunlar gedir. Biz Azərbaycanda sabitlik olmasını istəyiriksə, dəqiq bilməliyik ki, dünyada nə baş verir. O ki qaldı daxili məsələlərə, səmimi deyim ki, məndən başqa da bu məsələlərə vaxt ayıran çoxdur. Onlar səhərdən axşama qədər danışırlar, qoy danışsınlar. Məqam çatanda mən də öz sözümü deyərəm. Amma hesab edirəm ki, xaricdə gedən informasiya savaşında iştirak edərək, Vətənimə daha çox xeyir gətirə bilərəm.

Həqiqətən, bu gün Azərbaycanın və Türkiyənin əleyhinə oyunlar gedir. İkinci Qarabağ savaşı ərəfəsində Qərbdə, Avropada, yaxın adamların içərisində, diplomatların, siyasi xadimlərin, jurnalistlərin arasında çox sifətlər görmüşəm. Onlar 5 dəqiqə ərzində Azərbaycanı satıblar. Məhz ona görə mən nə onların, nə də başqalarının əlində alət olmamışam. Azərbaycana qarşı gedən oyunlar Ukraynaya qarşı da gedir. Qərbdə də az deyil belə sifətlər. Ona görə mənim mövqeyim elə bundan ibarətdir. Ümid edirəm, inşallah, Ukrayna, Azərbaycan uğur qazansın, öz məqamı çatanda biz daxili problemlərimizi özümüz evimizdə həll edərik. Mənim üçün şəxsən Qərbdən məsləhətçilər lazım deyil. Mən dəqiq bilirəm, kim Azərbaycanın dostudur, kim deyil. İkinci Qarabağ savaşı və Ukraynada gedən müharibə hər şeyi ortaya çıxardı. Çox insanların, siyasətçilərin, ölkələrin demokratiyadan, ərazi bütövlüyündən, insan haqlarından danışanların əsl üzlərini gördüm.

-Təhlillərinizə bir qayda olaraq, vətəndaşı olduğunuz ABŞ-ın postsovet regionunda, eləcə də dünyada yürütdüyü siyasətdə baş verən yeniliklərlə başlayırsız. Hazırda nə baş verir, noyabrın 5-də Konqresə keçirilmiş əlavə seçkilərin nəticələrini də nəzərə alsaq, il sonuna qədər Birləşmiş Ştatların region siyasətində hansı yenilikləri görə bilərik?

-Son seçkilər onu göstərdi ki, ABŞ ictimaiyyəti Ukraynanı dəstəkləyir. Xarici siyasətlə bağlı ölkə ictimaiyyətinin rəyi bundan ibarətdi. Yəni ki, radikal solçular - demokratların içərisində olan 30 konqresmenin Baydenə məktubu yadınızdadır, onlar səs qazana bilmədilər (Həmin demokratlar ABŞ Prezidentinə məktub yazaraq Rusiya ilə danışıqlara çağırmışdılar- red.) Sağçılar - Respublikaçılar Partiyasında olanların bir qismi Trampın hakimiyyətə qayıdışını istəyirlər. Amma Trampa yaxın olan simalar da uğur qazana bilmədilər. Mərkəzçi mövqedə olan həm demokratlar, həm də respublikaçıların əksəriyyəti seçkidə uğur qazanıblar.

-Rusiya-Ukrayna müharibəsinin bundan sonrakı gedişatı haqqında fikirləriniz maraqlıdır. Tendensiya davam edəcək, yoxsa, qış fasiləsi, daha sonra danışıqlar başlayacaq? Nəzərə alaq ki, Qərbdən Zelenski hakimiyyətinə danışıqlar üçün müəyyən təzyiqlər hiss olunur. Bu barədə nə düşünürsüz?

-Hesab edirəm ki, qışda fasilə olmayacaq. Müharibə indiki kimi qızğın keçməyəcək, amma fasilə də olmayacaq. İkinci Dünya Müharibəsini xatırlasanız, o dövrdə də mühüm toqquşmalar, hadisələr elə qış vaxtı baş vermişdi. Bu baxımdan hesab edirəm ki, savaş davam edəcək. Danışıqlar məsələsinə gəlincə, inanmıram ki, Qərbdə kiminsə buna gücü çatıb həm Zelenskiyə, həm general Zalujnıya, həm də ümumiyyətlə Ukrayna cəmiyyətinə təzyiq etsin. Onlar 24 fevralda - xaricdən heç bir dəstək olmadığı vaxt belə sınmayıblar. İndi isə Ukraynaya 70 faiz dəstək var. Ordunun Xarkov və Xerson istiqamətindəki uğurları onu deməyə əsas verir ki, hazırda danışıqlara getmək hələ tezdir. Əlbəttə, humanitar məsələlərlə - əsirlikdə olanlarla, taxıl razılaşması ilə bağlı söhbətlər ola bilər. O ki qaldı siyasi danışıqlara, bu, hazırda qeyri-mümkün görünür.

-Putin hakimiyyətində və siyasi elitada müəyyən vurnuxma görünür. Sizcə, yaxın aylarda daxili böhran partlayış həddinə çata bilərmi? Ümumiyyətlə, bu müharibənin yekunu Rusiyanı necə şəkilləndirə bilər?

-Rusiya bu günlərdə keçmiş SSRİ-nin aqibətini yaşayır. Xatırladaq ki, vaxtı ilə SSRİ-nin əleyhinə Əfqanıstanda başlatdığı avantüradan istifadə etdilər. Bu avantüra 10 il ərzində davam edib və sonda SSRİ çöküb. Ukraynada isə əlbəttə, hadisələr daha da sürətlə inkişaf edir. Çünki Ukrayna Əfqanıstan deyil. Həm də Ukrayna coğrafi baxımdan başqa bir ölkədir və burada xalq düşmənə qarşı birləşə bilib. Qərbin taktikası fərqli deyil, onlar Ukraynaya dəstəyi yavaş-yavaş, amma sistemli şəkildə verirlər. Bir tərəfdən sanksiyalar, yəni iqtisadiyyata təzyiq, digər tərəfdən siyasi və diplomatik, informasiya təzyiqi davam etdirilir. Mən hesab edirəm ki, hərbi dəstək, sanksiyalar sistemli şəkildə Rusiyanın çöküşünə gətirib çıxaracaq. Sadəcə, bu ölkənin nüvə silahı problemi gündəmdədir. Amma mən bilən onlar 30 il bundan öncəki SSRİ ilə bağlı səhvlərini təkrar etmək fikrində deyillər.

-Ramiz bəy, Ukraynaya qarşı müharibə əlbəttə, Rusiyanı zəiflədir, amma Kreml bunu hiss etdirməməyə çalışır və region ölkələrinə təzyiqi artırır. Biz “Valday”da, Soçi görüşündə bunun bəzi elementlərini gördük. Habelə, milyarder Ruben Vardanyan planı işə salınıb. Sizcə, Moskva bu mərhələdə nə etməyə çalışacaq?

-Burada Səmərqənddə keçirilmiş Şanxay Əməkdaşlıq Təşkilatının sammitində baş verənləri xatırlamaq lazımdır. Sizin sualınıza birbaşa cavabı orda tapmaq olardı. Çünki ora yığışanların post-Putin dövrünü gözlədikləri açıq görünürdü. Onlar bilirlər ki, Putin dövrü sürətlə sona yaxınlaşır, ona görə də hamısı neytral mövqedə dayandılar. Mən təkcə Çinlə Hindistanı demirəm. Postsovet məkanındakı bütün ölkələrin Birləşmiş Millətlər Təşkilatında keçirilən səsvermədəki mövqelərinə baxın. Rusiyanın ətrafındakı təşkilatların Azərbaycanla savaşdakı mövqelərinə diqqət edin. Buradan görürsünüz ki, parçalanma göz qabağındadır və Putin hakimiyyətdən gedəndən sonra onun yaratdığı təşkilatların heç biri olmayacaq. Yəni, Putinin yaratdığı təşkilatların hamısı tarixin arxivinə gedəcək. O ki qaldı Ruben Vardanyan məsələsinə, Rusiyanın bu planı indi deyil, 30 il bundan öncədən ortaya atılıb. Kremldəkilər istəyirlər ki, elə Qarabağ məsələsindən istifadə edərək Ermənistan siyasətində öz adamlarını daha da gücləndirsinlər. Çünki Koçaryan və Sarkisyan artıq bu işin öhdəsindən gələ bilmirlər. Ona görə yeni simanı tapıb ortalığa atıblar.

Amma mən inanmıram ki, indiki durumda bu plan nəticə verə bilər. Artıq geosiyasət dəyişib və burada başqa oyunçular da var. Azərbaycan bu siyasətin obyekti deyil, bu siyasətin subyektinə çevrilib. Azərbaycanın müttəfiqləri də göz qabağındadır. O baxımdan mən inanmıram ki, Rusiyanın bölgədəki imkanları çox böyükdür. Əlbəttə, hələ ki, ayaqdadır və bizə pislik edə bilər. Ona görə biz bütün məsələlərdə diqqətli olmalıyıq.

-Ermənistan rəhbərliyinin Putinin “Valday” tezislərini təkrarladığını görürük. Bu, Vaşiqntonda da narahatlığa səbəb olub. Erməni mediası Paşinyan-Blinken görüşünün sərt atmosferdə keçdiyini yazır. Qərbin aparmağa çalışdığı sülh prosesinin perspektivini necə görürsüz? İlin sonuna qədər razılaşma olmasa, bölgədə yeni hərbi qarşıdurmalar mümkündürmü?

-Açıq-aşkar görünür ki, bu günlərdə Qərbin və Rusiyanın Ermənistan ətrafında savaşı güclənir. Soçidə Putin bu savaşı dilə gətirərək, “Vaşinqton variantı”ndan, “Rusiya planı”ndan danışdı. Ermənistan mediası da bunu necə istəyir, elə də təqdim edir. Amma həqiqət bundan ibarətdir ki, bu gün həm ABŞ, həm də Brüssel Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəyir. Çünki bilirlər ki, bu yolla Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxara bilərlər. O baxımdan, əlbəttə, hazırkı siyasi konyuktur bizim üçün çox əlverişlidir. Eyni zamanda bilməliyik ki, bu prosesin əleyhinə olan çox güclü qüvvələr var. Həm Rusiya, həm İran, həm Ermənistanın özündə olanlar, həm də Qərbdə onlara dəstək verənlər az deyil. İlk növbədə Fransanı nəzərə almalıyıq. Bu baxımdan həm Ermənistanın özündə qarşıdurma ola bilər, həm də Azərbaycan-Ermənistan sərhədində. Bunu gözləmək lazımdır. Ola bilər, hətta Xankəndi və onun ətrafında - rus sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət etdiyi ərazilərdə toqquşmalar baş versin.

-Sizcə, Azərbaycan hazırkı situasiyada hansı addımları atmalıdır? Bəzi ekspertlər Laçın dəhlizini bağlamağı və Xankəndində antiterror əməliyyatı keçirməyi təklif edirlər. Bu, mümkündürmü?

-Hesab edirəm ki, Azərbaycan bu gün həm diplomatik sahədə, həm informasiya məkanında, həm Azərbaycan-Ermənistan, həm də İran sərhədində, habelə “sülhməramlılar” olan ərazilərdə diqqətli olmalıdır. O ki qaldı Laçın dəhlizinə nəzarət postunun qoyulmasına, əlbəttə bu, artıq zəruridir. Vaxt gəldi çatdı. Biz o postu orada qursaq, bu, bizə əlavə divident gətirə bilər. Çünki əleyhimizə fəaliyyət göstərənlərin imkanlarını daha da məhdudlaşdıra bilərik.



-Fransa-Azərbaycan münasibətlərində baş verən gərginliyi necə şərh edirsiniz? Perspektivdə normallaşma, yoxsa, daha dərin konflikt ola bilər? Azərbaycan daha hansı addımlar atmalıdır?

-Fransa anlayır ki, Azərbaycan əvvəlki Azərbaycan deyil. Fransanın bizimlə münasibətlərini gərginləşdirməsi onun ziyanına işləyə bilər. Məhz buna görə hesab edirəm ki, Azərbaycan burada da iradəsini göstərməlidir, daha güclü hərəkət etməlidir. Bütün sahələrdə - diplomatiyada, informasiya məkanında hər zaman kəskin reaksiya verməlidir. Hətta o həddə çatdıra bilərik ki, Fransadakı səfirimizi müvəqqəti olaraq geri çağıra bilərik. Fransanın regionumuzda coğrafi baxımdan bizə güc göstərmək imkanı yoxdur. Onlar əlbəttə, informasiya məkanında və diplomatiyada bizim əleyhimizə fəaliyyət göstərə bilərlər. Ona görə biz bu yeri boş buraxmamalıyıq.

-İranın kəşfiyyat qurumları açıq şəkildə Azərbaycanı terrorda ittiham edir, sonuncu dəfə belə bir bəyanatla İranın vitse-prezidenti çıxış edib. Azərbaycan DTX-sının keçirdiyi əməliyyatların nəticələri də məlumdur. Çoxlu sayda casuslar, onların şəbəkələri ifşa edilib. Eyni zamanda, bu günlərdə Milli Məclis nəhayət İsraildə səfirlik açmağa qərar verdi. Bəzi ekspertlər İranın Azərbaycana qarşı proksi müharibəyə başalaya biləcyini, daxili gərginlik yartmaq üçün imkanlarını səfərbər edəcəyini bildirirlər. Siz nə düşünürsünüz?

-Rusiya kimi İran da sona qədər Azərbaycanın əleyhinə öz çirkin oyununu davam etdirəcək. Amma onların vəziyyəti hazırda o qədər də ürəkaçan deyil. Hazırda Rusiya və İran ətrafında Pakistandan başlayaraq Səudiyyə Ərəbistanına qədər bütün ölkələr səfərbər olublar. İran bunun nə demək olduğunu çox yaxşı anlayır, amma, öz oyununa davam edir. O, Bundan sonra Azərbaycana qarşı proksi qüvvələrindən istifadə edə bilər. Görürsünüz, informasiya məkanında onlar çox aktivdirlər. Sadəcə, biz bunu bilməliyik, nəzərə almalıyıq və hər zaman bu məsələdə diqqətli olmalıyıq.

İlk növbədə, bütün sərhəd boyu ordunun imkanlarını daha da gücləndirməliyik. İranla sərhədlərimiz bağlı və ciddi nəzarət altında olmalıdır. Biz nəzərə almalıyıq ki, İran Azərbaycanın düşmənidir. Azərbaycanın bu gün regionda iki əsas düşməni var, biri Rusiyadır, o birİ İran. Onların hər iksinə qarşı dünyada savaş gedir. Biz bu savaşın qurbanı olmamalıyıq, öz oyunumuzu müttəfiqlərimizlə bir yerdə özümüz aparmalıyıq. Anlamalıyıq ki, İranın düşməni olan, Azərbaycanın dostu ola bilər. Ona görə işimizi düzgün tutmalıyıq.

O ki qaldı Azərbaycanın İsraildə səfirlik açmasına, mən bu qərarı çox müsbət qiymətləndirirəm, düzgün siyasi addımdır. Bunun vaxtı çoxdan gəlib çatmışdı. Hesab edirəm ki, bu, İran hakimiyyətinə həm xəbərdarlıq, həm də bir siyasi şillədir.

Elvin Bəyməmmədli

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.