Türkiyənin 8-ci prezidenti Turqut Özalın öldürülməsiylə bağlı davam edən araşdırmada həyat yoldaşı Səmra Özal və oğlu Əhməd Özalın şübhəli olaraq yer aldığı məlum olub
İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hər iki şəxsin araşdırma çərçivəsində 19 dəfə dinlənildiyi ortaya çıxıb. Onların hər ikisi şübhəli olaraq iqtisadi mənfəət əldə etmək üçün təşkilat yaratmaq və bu fəaliyyət çərçivəsində qəsdən adam öldürmək” ittihamı ilə daxil edildikləri araşdırmaya aid bütün sənədlər tək müttəhim general Levent Ersözü mühakimə edən Ankara 4-cü Ağır Cəza Məhkəməsi tərəfindən tələb edilib.
Ümumilkdə isə Səmra və Əhməd Özalın da aralarında olduğu 56 nəfər barədə araşdırma davam edir. Özalın arvadı və oğlunun dinlənməsi ilə bağlı 19 dəfə qərar çıxarılıb, texniki təqib isə 2 il davam edib. Son dinlənmə qərarı 26 fevral 2014-cü ildə verilib. Səmra Özal və köməkçisi Sadiyə Kürsülü 24 saat müddətində ictimaiyyətə açıq yerlərdə və iş yerlərində texniki avadanlıqla izlənməsi barədə də qərar verilib.
Şübhəlilərin dinlənilməsi nəticəsində 324 ədəd səs yazısı, 27 ədəd səs DVD əldə edilib. Artıq generalın mühakimə edildiyi məhkəmə sözügedən araşdırma ilə bağlı bütün materialları tələb edib.
Qeyd edək ki, bundan əvvəl gizli şahidlərdən biri general Levent Ersözün Semra Özala şantaj edərək Türqut Özalı zəhərlədərək öldürdüyünü iddia edib.
İnterpress.az