“Yeni Müsavat” döyüşlərdə öldürüldüyü deyilən güləşçimiz Rəşad Baxşəliyev və bərbər Rahid haqqında iddiaları araşdırıb; anası oğlunun Türkiyədə işlədiyini, camaat Suriyaya getdiyini deyir; rayondan İŞİD-ə qoşulanların sayı artır
Ötən həftə İsmayıllıdan Suriyaya gedən iki ailə haqqında sensasion xəbərlər yayıldı. Xəbər portallarında gedən məlumatlarda qeyd olunurdu ki, güləş üzrə ölkə çempionu olmuş Rəşad Baxşəliyev və bərbər işləmiş Rahid adlı şəxslər ailəsi ilə birlikdə Türkiyəyə, oradan isə sərhədi keçib Suriyaya gediblər.
Məlumatlarda iddia olunurdu ki, onların hər ikisi öldürülüb, ailələri başsız qalıb. Daha sonra başqa bir xəbərdə Suriyadan İsmayıllı sakini olan qadının yaxınlarına zəng edərək imdad dilədiyi bildirilirdi. Deyilənə görə, qadın telefon zəngində onunla birgə olan həmyerlisi ilə tək qaldığını, ərlərinin harada olduğunu bilmədiklərini söyləyib.
***
Sentyabrın 11-də İsmayıllıya yollanıb, iki vəhhabi ailəsinin Suriyaya getməsi və onların taleyini araşdırmağa çalışdıq. Rayonda olarkən söhbətləşdiyimiz İsmayıllı sakinləri gənclərin öldürülməsi xəbərini təsdiqlədilər.
Camaat arasında yayılan söz-söhbətə görə, onların ölüm faktı gizlədilir.
Xüsusilə də yaxınları R.Baxşəliyevin taleyindən anasına xəbər vermirlər. Güləşçinin anası Mirvari xanım indiyə qədər oğlunun Türkiyədə olduğunu güman edir. Hətta azvision.az-a deyib ki, oğlu ilə danışıb, Türkiyədə işləməyə gedib, onunla birlikdə 4 nəfər olub.
M.Baxşəliyeva onlardan üçünün evli, birinin subay olduğunu öyrənib. Sələfinin anası bildirib ki, oğlu ailəsini dolandıra bilmirdi və işləməyə gedib. İsmayıllıya çatanda Mirvari xanıma zəng edib, görüşmək istəyimizi çatdırsaq da, qəti şəkildə razı olmadı. O, oğlu barəsində deyilənləri iftira adlandırdı. R. Baxşəliyevin anası əsəbi şəkildə cavab verərək, onu daha narahat etməməyi söyləyib, telefonu qapatdı. Bununla belə, rayonda köçkünlərin təhsil aldığı Xankəndi məktəbində bədən tərbiyəsi müəllimi olmuş güləşçinin Suriyaya getdiyini təhsil ocağının direktoru Rauf Adıgözəlov da təsdiqləyib.
O, həyat yoldaşı və körpəsi ilə yola düşüb. R.Baxşəliyevlə birlikdə İsmayıllı Olimpiya İdman Kompleksində çalışan cüdo üzrə baş məşqçi Əkbər Şəfaqətov da onun Suriyaya getdiyini deyib. R.Baxşəliyev əslən Kəlbəcər rayonundandır. Bir neçə ildir ibadətlə məşğul olurdu.
Ortadakı müəmma isə anasının oğlunun Türkiyədə sağ, rayonda insanların isə Suriyada ölü olduğunu deməsidir. Eyni zamanda bu regionda bərbər işləmiş Rahidin də Suriyadakı döyüşlərdə öldüyü iddia edilir.
İsmayıllıda danışırlar ki, vəhhabilərin çox olduğu yerlərdən biri bu bölgədir. Onların sözlərinə görə, bu ilin fevralında rayonun Mican kəndində vəhhabilərin toplaşdığı məscidin bağlanması da prosesin bir tərkib hissəsidir.
Yerli sakinlərin narazılığı əsasında ibadət evinin müvəqqəti qapadılması qənaətinə gəlinib. Kənd sakinləri bildiriblər ki, məscidə vəhhabilər yığışır və onların Suriyaya göndərilməsi də burada təlimatlandırılır. Məsciddə restavrasiya işləri həyata keçirilib.
Sakinlər deyirlər ki, İsmayıllıdan Suriyaya gedənlərin, İŞİD-ə qoşulanların sayı artır, amma konkret rəqəmlər açıqlanmır. Bu faktdan narahat olan rayon camaatı gənclərin təbliğatın qurbanı olduqlarını düşünürlər. Bizimlə söhbətləşən yerli sakinlər arasında belə iddialar da səsləndi ki, gənclərin Suriyaya göndərilməsində bəzi şəxslərin barmağı var. Hətta bir neçə il əvvəl İsmayıllıda radikal vəhhabilərə qarşı əməliyyat keçirilib, onlardan silah-sursat aşkarlanıb.
***
İsmayıllıda həm Suriyaya ailələri ilə gedən gənclərlə bağlı, həm rayonda görülən son işlər haqda rəsmi açıqlama almaq üçün rayon icra hakimiyyətinə müraciət etdik. RİH-dən “Yeni Müsavat”a Suriyaya gedənlər barəsində münasibət bildirilmədi.
Əlavə olaraq rayonda həyata keçirilən yeniliklər haqda məlumat verildi. RİH nümayəndəsi qeyd etdi ki, N.Səmədov küçəsində soyqırım abidəsi, İsmayıllı şəhidlərinə həsr edilən park, o cümlədən Günəşli parkı salınıb: “Həmçinin 360 yerlik Qalınçaq, 80 yerlik Külüllü məktəbi və 40 yerlik Sumağallı bağçası tikilib. Bundan başqa, Göytəpə- Ruşan-Qalınçaq avtomobil yolu tikilərək istifadəyə verilib, Cülyan, Qubaxəlilli, Hacəhətəmli, Kürdmaşı, Talıstan və digər kəndlərdə artezian quyuları qazılıb, mərkəzdə bir çox küçələrə, binaların həyətlərinə, qəbiristanlığa gedən yola asfalt örtüyü vurulub. Yaşıl bazar tikilib, Axundov küçəsində 2 10 mərtəbəli binanın tikintisinə başlanıb”.
İcra nümayəndəsi qeyd etdi ki, yanvara qədər velosiped zavodu hazır olacaq, məlum hadisələrə görə yanan hotelin yerində tikilmiş yaşayış binası təhvil veriləcək: “Rayon Mərkəzi Xəstəxanası açılışa hazırdır, rayon üçün su və kanalizasiya problemi var idi, artıq həll edilib. Prezidentin rayona səfərini gözləyirik, bir sıra yerlərin açılışını edəcək”.