İcra Başçısı Vaqif Abdullayevin fəaliyyəti etirazlara səbəb olub
Korrupsiyanı özünün iş prinsipinə çevirən bəzi məmurlar ölkədə aparılan uğurlu siyasi xəttə zərbə vururlar. Azərbaycanın artan iqtisadi qüdrətinin nəticəsi olaraq ölkənin hər bir guşəsində abadlıq-quruculuq işləri aparılır. Bu məqsədlə dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Lakin, yerlərdə məmurlar tərəfindən ayrılmış dövlət vəsaitləri amansızcasına talan edilir, görülmüş işlər isə müxtəlif vasitələrlə “yola verilir”. İcra başçılarının qaranlıq “tender oyunları”, yerli sahibkarlara, iş adamlarına haqq kəsməsi günümüzün reallıqlarıdır.
Məmur özbaşınalıqlarının “tam sürətlə” inkişaf etdiyi bölgələrdən biri də Beyləqan rayonudur. Rayonda baş verənlər ölkə mətbuatında kifayət qədər işıqlandırılıb. Səbəb isə rayondan gələn şikayətlərin durmadan artmasıdır. Beyləqan məmur özbaşınalıqlarından Prezident Aparatına ən çox şikayətlər daxil olan rayonlar arasında liderlik edir. Rayona 2012-ci ildən rəhbərlik edən Vaqif Abdullayev Beyləqanda xüsusi idarəetmə sistemi formalaşdırıb.
Rayona rəhbərlik etdiyi qısa müddətdə icra başçısı rayonun təhsil, səhiyyə, mədəniyyət, sahibkarlıq, fermer təsərrüfatlarını, orta və xırda biznes və digər sahələrini maliyyə rıçaqlarını ələ keçirmişdir. Müxtəlif obyektlərin tikintisini “ daxili imkanlar” hesabına tikmək təcrübəsindən geniş istifadə edən və bu yolla dövlət büdcəsinin vəsaitlərini mənimsəyən icra başçısı Vaqif Abdullayev Beyləqanda “abadlığın” yeni modelini formalaşdırıb. Rayon polis şöbəsinin yeni tikilmiş binasının yanında 1 milyon dəyərində uşaq bağçası tikintisi zamanı maliyyə pozuntularına yol verilməsi haqqında məlumatlar verilir. Bu prosesdə yaxından iştirak edən yüksək vəzifəli şəxsin bildirməsinə görə, Vaqif Abdullayev bağçanın tikintisi adı altında bir milyon əvəzinə iki milyondan çox pul toplayıb. Lakin tikinti işləri keyfiyyətsiz və başdansovdu aparılır.
Həmçinin məlumat verilir ki, Beyləqanda olmayan abadlıq işləri adı altında 240 min manat mənimsənilib.
Beyləqan rayon icra başçısı Vaqif Abdullayev 2014-cü il büdcəsindən abadlıq təmir işləri adı altında 240 min manat vəsait silib, amma faktiki olaraq rayonda son bir ildə heç bir abadlıq işləri aparılmayıb.
Beyləqandan daxil olan məluamata görə, hazırda Beyləqan şəhərində «Azərsu» ASC şəhərin su və kanalizasiya sistemini yeniləyir. Beyləqanın icra başçısı Vaqif Abdullayev də su, kanalizasiya işlərinin görülməsindən istifadə edərək dövlət vəsaitini mənimsəyib. Belə ki, məlumata əsasən, icra başçısı sənədləşdirmədə təmir etdirdiyi ərazilərin su və kanalizasiya işlərinin aparılmasına görə bərbad günə düşdüyünü göstərib. Yəni sənədlərə inanılırsa, Vaqif Abdullayev Beyləqanda mart ayında abadlıq işi görüb, aprel ayında isə «Azərsu» ASC-nin podratçısı «TTŞ İnşaat»ın MMC təmir olunan əraziləri söküb.
Mənbəninin bildirdiyinə görə hər bir Beyləqan sakini bilir ki, son 1 ildə şəhərin heç bir yerində tikinti, abadlıq işi aparmayıb. Buna səbəb isə «Azərsu» ASC-nin rayonda gördüyü işlərdir. Çünki görülən işlərə görə Beyləqanın demək olar ki, hər yeri qazılıb. Bildirilir ki, son bir ildə İcra Hakimiyyəti sadəcə şəhərin bəzi küçələrinə qalınlığı 3 sm olan nazik asfalt çəkib ki, onun da yarısı artıq dağılıb.
Daxil olan məlumatda göstərilir ki, Vaqif Abdullayevin maliyyə maxinasiyaları bununla bitmir. Belə ki, mart ayında icra başçısı rayon Mədəniyyət və Turizm şöbəsinin hesabına kənd mədəniyyət evlərinin, klublarının və kitabxanalarının cari təmiri üçün 120 min manat vəsait ayırıb və həmin vəsaitin hamısı nəqdləşdirilərək mənimsənilib. Cari təmir üçün ayrılan klubların əksəriyyəti isə ayrı-ayrı şəxslərə kirayə verilib. Amma Vaqif Abdullayev adı olub özü olmayan klubların, mədəniyyət evlərinin təmiri adı altında 120 min manat vəsait silib. İcra başçısının 120 min manatın hamısını mənimsəməsi isə rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Mirzəyevin narazılığına səbəb olub. Ancaq sonda idarə müdiri Vaqif Abdullayevlə «razılaşmalı» olub.
Bundan başqa məlumatda bildirilir ki, Beyləqanın icra başçısı son 1 ildə rayon şahmat idarəsinin binasını satıb.
Adı bir sıra qalmaqallarda hallanan Beyləqanın icra başçısı Vaqif Abdullayevin daha bir əməlinin üstü açılmaq üzrədir. Mənbə bilidirir ki, icra başçısının üzə çıxan əməli isə bir neçə iş üçün dövlət büdcəsindən ayrılmış vəsaiti təyinatı üzrə xərcləməməsi və ondan şəxsi maraqları üçün istifadə etməsidir.
Məlumatda deyilir ki, Beyləqan rayonuna büdcədən bir neçə layihənin reallaşması üçün 3,7 milyon manatdan artıq pul ayrılıb. Həmin pulların 2653750 manatı Beyləqan şəhər 2 nömrəli 1176 şagird yerlik tam orta məktəbin əsaslı təmir işlərinin satın alınması üçün nəzərdə tutulub. “Perlit” MMC şirkəti vasitəsi ilə həyata keçirilən layihəyə sərf olunan məbləğlə ayrılmış pul arasında isə kəskin fərqlərin olduğu deyilir. İddia edilir ki, icra başçısı bu pulun yarısını özünə götürüb. Digər yarısı ilə isə məktəb tikintisini həyata keçirməyə çalışır.
Vaqif Abdullayevin rəhbəri olduğu rayona ayrılmış pulun 925416,92 manatı isə uşaq bağçasının tikinti işlərinin satın alınması üçün nəzərdə tutulub. Məlumata görə, Gəncə şəhərində yerləşən “Perlit” MMC şirkətinə həvalə olunmuş layihə də bərbad şəkildə həyata keçirilir. Səbəb isə ayrılmış vəsaitin 1/3-nin icra başçısı tərəfindən mənimsənildiyi deyilir.
Beyləqanın icra başçısının bir başqa yüz minlik layihəsi isə məktəblərin tikintisi və bərpa-gücləndirmə üzrə layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması ilə bağlıdır. “Layihəçi-M.A” MMC şirkətinə həvalə edilmiş layihə üçün isə 130000 manat xərcləndiyi iddia olunur. Halbuki bu rəqəmin heç 50 min manat təşkil etmədiyi deyilir.
İki illik fəaliyyəti dövründə Beyləqanda dözülməz şərait yaradan Vaqif Abdullayevin əməlləri rayonda ciddi narazılıq formalaşdırıb. Rayon sakinləri müxtəlif yollarla etirazlarını bildirirlər. Lakin, bildirilir ki, icra başçısı bütün vasitələrlə etiraz edənləri susdurmağa çalışır. Artıq beyləqanda formalaşan narazılıqlar barəsində Prezident Aparatında da məlumatlıdırlar. Yaxın zamanlarda Vaqif Abdullayev haqqında ciddi tədbir görüləcək.
Məsələni diqqətdə saxlayacağıq.
Əfqan