Elmar Vəliyevə etiraz - “Qara piar” kompaniyasına son qoyun!

17-09-2014, 16:28   
Elmar Vəliyevə etiraz - “Qara piar” kompaniyasına son qoyun!İcra başçısının başlatdığı “qarayaxma kompaniyası”
təhsil işçiləri arasında ciddi narazılıq yaradıb

Son günlər Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin mətbuat səhifələrində başlatdığı “qara piar” kompaniyası diqqətləri özünə cəlb edə bilib. İcra başçısı nədənsə qədim Gəncənin problemlərini həll etmək, vətəndaşlar arsında baş qaldıran narazılıqlara əncam çəkmək əvəzinə bütün resurslarını işə salaraq Təhsil Naziri Mikayıl Cabbarova qarşı qarayaxma kompaniyası aparır. Müxtəlif mətbu orqanlarda, elektron KİV-lərdə nazirə qarşı “zəhmətkeşlərin”, “ziyalıların” adından yazılmış bəlağətli, pafoslu məktublar tirajlanır, şər-böhtan dolu iftiralar yağdırılır. Fəaliyyəti dövründə təhsilin inkişafı üçün əməli işlər görən, ölkənin ən gənc nazirlərindən biri olan və böyük ümidlər bəslənilən Mikayıl Cabbarova qarşı bu qədər qəzəb və kin haradan qaynaqlanır? Əsas vəzifəsi rəhbərlik etdiyi regionun sosial-iqtisadi inkişafına nail olmaq olan bir məmurun təhsil sektoru ilə hansı problemləri ola bilər ki, bütün gücünü sərf edərək nazirə qarşı kompromat savaşı aparsın?
Hamıya məlumdur ki, Elmar Vəliyevin Gəncədə fəaliyyət göstərdiyi illər ərzində bu qədim diyar problemlər məngənəsində boğulub. Dəfələrlə Gəncədə vətəndaşların narazılığı, icra başçısının əməllərinə qarşı etirazı ölkə gündəminə gəlib. Eyni zamanda icra başçısının Gəncənin təhsil sisteminə vurduğu zərbənin acısı da hələ uzun müddət sağalmayacaq. Onun məktəblərin fəaliyyətinə müdaxiləsi, pedoqoji işçiləri müxtəlif təsərrüfat işlərində çalışdırması haqqında kifayət qədər məlumatlar yayılıb. Mikayıl Cabbarov isə bir çox icra başçılarının özlərini idarə etdikləri rayonların “təhsil nazirləri” kimi aparmasına qarşı çıxaraq qətiyyətli addımlar atıb. Görünür, mühüm bir sektora nəzarəti itirməsini həzm edə bilməyən Elmar Vəliyev məhz bu səbəbdən də Təhsil nazirinə qarşı kompromat savaşı açıb.
Lakin, onun başlatdığı bu kompaniya artıq “bumeranq effekti” verib. Elmar Vəliyevin başlatdığı “qarayaxma kompaniyası” təhsil işçiləri arasında ciddi narazılıq yaradıb. Bu günlərdə redaksiyamıza müraciət edən bir qrup ziyalı, pedaqoq bununla bağlı ölkə ictimaiyyətinə və Elmar Vəliyevə müraciət ünvanlayıb. Müraciətdə deyilir:
“Azərbaycan təhsilində son zamanlar müşahidə olunan inkişaf tempi, aparılan davamlı islahatlar bir çoxlarını ciddi narahat edir. Görünür, kimlərsə təhsil sisteminin müasir dünya standartlarına uyğunlaşdırılmasından, icra strukturlarının yersiz müdaxilələrindən qorunmasından maraqlı deyillər. Xüsusilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin mətbuatda Təhsil Naziri Mikayıl Cabbarova qarşı başlatdığı kompaniya uzun illər təhsil sistemində çalışan ziyalıların, pedoqoji ictimaiyyətin narazılığına səbəb olub. Cənab nazirin qısa müddət ərzində təhsilin inkişafı istiqamətində atdığı qətiyyətli addımlar hər kəs tərəfindən təqdir olunub. Bəs bütün bu uğurlar nə üçün Elmar Vəliyevin narahatçılığına səbəb olub? Dövlət başçısının etimad göstərərək vəzifəyə təyin etdiyi və bütün fəaliyyəti ilə bu yüksək etimadı doğruldan bir şəxsə qarşı aparılan belə qarayaxma kompaniyası heç də təmiz ideyalardan qaynaqlana bilməz. Özünün hansısa maraqları naminə dövlətin mühüm bir postuna rəhbərlik edən məmura qarşı belə hərəkətlərə yol verilməsi dövlətimizin imicinə vurulan zərbədir.
Biz təhsil işçiləri olaraq Elmar Vəliyevə və onun başlatdığı kompaniyaya dəstək olanlara qəti etirazımızı bildiririk. Siz təhsilimizin inkişafına ağır zərbə vuran belə əməllərlə məşğul olmaqdansa rəhbərlik etdiyiniz sahədə hökm sürən problemlərin həllinə nail olsanız daha yaxşı olardı. Qədim Gəncənin ildən-ilə artan problemləri hər kəsə məlumdur. Belə qarayaxma kompaniyası ilə siz diqqəti öz fəaliyyətinizdə yol verdiyiniz nöqsanlardan yayındırmaq istəyirsinizsə, buna nail ola bilməyəcəksiniz. Odur ki, çoxsaylı pedoqoji ictimaiyyət adından belə əməllərinizə son qoymağı tələb edirik. Mikayıl Cabbarov haqqında mediada tirajladığınız böhtan xarakterli məlumatlar daha çox sizin özünüzü nüfuzdan salır. Odur ki, belə əməllərə nə qədər tez son qoysanız, o qədər yaxşı olar”.

Nicat Mahmudov
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.