Türkiyə-ABŞ münasibətlərindəki gərginlik pik həddə çatıb.
Avropa.info xəbər verir ki, ABŞ-ın İŞİD-ə qarşı təşkil etmək istədiyi koalisiyaya rəsmi Ankaranın qoşulmaqdan imtina etməsi, onsuz da son illər münasibətləri gərgin olan bu iki ölkənin açıq şəkildə ittiham dili ilə danışmalarına rəvac verib.
Qeyd edək ki, ilk olaraq ABŞ tərəfindən başlanan və Ağ Evə yaxın medianın qoşulduğu anti - Türkiyə kampaniyası hazırda qarşılıqlı olaraq söz duelinə çevrilib.
Türkiyənin ABŞ-a dəstək verməməsindən sonra, toplanan ABŞ Senatının Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində rəsmi Ankaranın mövqeyinə sərt və təhqiramiz şəkildə qarşılıq verilib. Toplantıda çıxış edən konqresmenlər Türkiyənin aşkar şəkildə Suriyada "Nüsrət Cəbhəsi", "Ahrarus Şam", Fələstində "Həmas"a , Misirdə isə "Müsəlman Qardaşları"na dəstək verdiyini bildiriblər.
Bundan sonra isə, ABŞ-ın nüfuzlu "New York Times" qəzeti, ingilis və alman mətbuatının ardından , Türkiyənin İŞİD-ə dəstək verdiyini iddia edib.
ABŞ-ın nüfuzlu "New York Times" qəzeti sensasion iddia ilə çıxış edərək, Ankaranın Hacıbayram məhəlləsində İŞİD-in ofisi olduğunu və təşkilatlanmanın məhz bu ofisdən idarə edildiyi bildirib.
Xəbərdə prezident Tayyib Ərdoğan və baş nazir Davudoğlunun Ankaradakı Hacı Bayram Vəli məscidindən çıxarkən çəkilmiş fotoları yer almışdı. Amma, bu fotonun İŞİD məsələsinə nə aidiyyətinin olduğu açıqlanmamışdı.
Türkiyəli ekspertlərin isə, bu fotonu ABŞ mətbuatındakı islamafobiyanın təzahürü adlandırmışdılar.
Məsələyə dünən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da sərt şəkildə qarşılıq verib. Ərdoğan Türkiyənin uzun illər boyu terrora məruz qaldığını və bəzi Qərb dövlətlərinin terrorçulara dəstək verdiyini deyib. Türkiyə prezidenti dolayısı ilə ABŞ-ın və Qərb dövlətlərinin PKK-ya dəstək verdiyini qeyd edib.
Xatırladaq ki, hazırda Yaxın Şərqdə İŞİD-lə savaşan PKK-ya Almaniya başda olmaqla bir çox Qərb dövlətləri dəstək verdiklərini rəsmən etiraf ediblər. Müşahidəçilərin fikirincə, Rəcəb Tayyib Qərb dövlətlərinin terrora qarşı dəstək verdiyini iddia edərkən məhz bu amili nəzərdə tutub. Rəsmi Ankara sonrakı dövürlərdə PKK-nın əlində olan həmin silahların, Türkiyəyə qarşı çevrilməsindən narahatdır.
Türkiyə prezidenti həmçinin, "New York Times" qəzetini "alçaq və ədəbsiz" adlandırıb.
Rəcəb Tayyibin açıqlamasının həmən ardından ABŞ dövlət katibi Con Kerri Türkiyəni hədəfə götürən sensasion iddialarla çıxış edib. ABŞ Senatının Xarici Əlaqələr Komitəsində senatorların suallarını cavablandıran Kerri, Türkiyəni İŞİD-in neft satışına vasitəçilik etdiyini deyib. Kerri eyni zamanda Rusiya , İran və Çinin İŞİD-ə qarşı olduğunu deyib.
"İŞİD neft biznesini Suriya ilə sərhədi olan ölkələrlə qurub. Bu o deməkdir ki, həmin ölkələr Türkiyə və Livandır. Türkiyənin 49 vətəndaşı İŞİD-in əlindədir. Bunu mətbuat önündə də danışmaqdadırlar."
Qeyd edək ki, Türkiyə İŞİD-in əlində 49 konsulunun olduğunu əsas gətirərək, ABŞ-ın Yaxın Şərqdəki koalisiyasına qoşulmaqdan imtina edib.
Türkiyədəki fikir adamları isə, ABŞ-ın İŞİD bəhanəsi ilə Yaxın Şərqi yenidən işğal etmək istədiyi və rəsmi Ankaranın bu planlara qarşı olduğunu bildirirlər. Həmçinin , Türkiyənin İŞİD-ə qarşı döyüşən Bərzani, PKK, İraq hakimiyyəti gücləri ilə bir yerdə olmaq istəmədiyi də qeyd edilir.