Qaradağ rayonu Lökbatan qəsəbə sakini Həmidov Həmzə Sarastan oğlu Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Adil Vəliyevdən şikayət edir. O, şikayət ərizəsində yazır:
"Oğlum Azər Həmidov ağır yük maşını idarə edir. O, iyun ayının 22-də dostlarından birinin xahişi ilə onun Maştağa qəsəbəsi Ləhic bağları adlanan ərazidə yerləşən həyatyanı sahəsinin tikinti işlərinə kömək məqsədilə ora gedib. Dostu ev üçün qazılan bünövrədən çıxan tullantıları daşıtdırmaq istəyirmiş. Oğlum Azər dostunun xahişini yerinə yetirib. Azər və iki nəfər başqa maşın Qaradağdan karyerdən xırda daş aparıblar ki, bünövrəyə töküb yerini hamarlasınlar. Bu işləri görüb tullantıları maşına yığıb yola çıxarkən Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları hər üç maşını saxlayıb. Onlar deyib ki, guya oğlum qum oğurlayıb. Bundan sonra sürücüləri Sabunçu Rayon Polis İdarəsinə aparıblar. İdarə rəhbərliyi hər birinin dəyəri 62 min manata olan "Hova" markalı maşınları Sabunçu Mənzil-Kommunal Təsərrüfat Birliyinin qarajına göndərib. Avqust ayının 7-də isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tətbiq etdiyi cərimələri ödədik. Maşınların hər birinə görə, dövlətin büdcəsinə 600 manat pul keçirdik. Həmin tarixdən indiyə qədər icra başçısının qəbuluna girmək istəmişəm, amma buraxmayıblar. Maşınlar hələ də birliyin qarajında saxlanır. İcra hakimiyyətinin rəsmiləri deyir ki, bu məsələ bizlik deyil. Halbuki, maşınlar birliyin qarajındadır. Əgər bu iş sizlik deyilsə, maşınlar niyə qarajdadır?".
Şikayətçi deyir ki, bu ayın 12-də min bir müsibətdən sonra icra başçısının qəbuluna düşə bilib:
"Məndən başqa bir nəfərin də maşınını tutub həmin qaraja salmışdılar. Onunla bir yerdə başçının qəbuluna girdik. Rayon rəhbəri mənə dedi ki, siz ordan oğurluq qum aparmısınız. Başçıya oğlumun heç bir oğurluq etmədiyini, sadəcə, dostunun həyatyanı sahəsindən çıxan tullantıları daşıdığını bildirdim. Başçı isə mənə inanmadığını dedi. Biz Qaradağ rayonunda yaşayırıq. Maştağa ilə Qaradağın arasında görün nə qədər məsafə var. Quma ehtiyacımız olsa Qaradağın hər tərəfi qumdur də, niyə gedib Maştağadan qum gətirim axı? Qəbul zamanı başçı Mənzil-Kommunal Təsərrüfat Birliyinin direktorunu ayağa qaldırdı və dedi ki, icra hakimiyyətinə maşınların buraxılması üçün məktub yazsınlar. Biz də çöldə gözlədik ki, həmin adam gəlib lazımi məlumatları götürsün. Birliyin rəhbəri maşınların nömrəsini yazdı. Mənimlə bir yerdə qəbula gələn oğlanın maşınını buraxdılar. Amma heç bir məktub filan yazılmamışdı. Buna qədər isə başıma gələn hadisə ilə bağlı prezidentə şikayət məktubu yazmışdım. Bu isə başçının xoşuna gəlməyib. Buna görə də maşınları özümüzə qaytarmır. Adil Vəliyev birliyin direktoruna bizim maşınları buraxmaması üçün tapşırıq verib. Bir neçə gün sonra Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə getdim və direktorla görüşdüm. O dedi ki, ümumi şöbə məktub yazmalıdır. Sabunçu Rayon İcra Hakimiyyətinin ümumi şöbəsindən isə dedilər ki, burda məktub yazılmır. Həmin gün saat 3-də icra hakiminin birinci müavini Güloğlan müəllimin qəbuluna girdim. Problemi ona danışdım, amma heç bir xeyri olmadı. Maşınların sürücüləri və ailələri Sabunçu Rayon İcra Hakimiyyətinin qarşısına toplaşdı. Cəriməni ödəməyimizə baxmayaraq, maşınları buraxmırlar. Həmin maşınları idarə edən sürücülərin ailələri acdır, uşaqlarına məktəb paltarı ala bilməyiblər. Belə özbaşınalıq olar? Etirazımızı bildirəndən sonra icra hakimiyyətinin vəzifəli şəxsləri bizi qəbul etdi. Sürücülərin və maşınların sənədlərini hazır edib icranın işçilərinə verdik. Yenidən icra başçısının qəbulunda oldum. Adil müəllim dedi ki, niyə bu adamları yığıb gətirmisən. Başçı bildirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən rəsmi sənəd gəlməsə, şəhər meri Hacıbala Abutalıbov və daxili işlər naziri Ramil Usubov mənə zəng etməsə, maşınları buraxan deyiləm. Axı biz oğurluq etməmişik. Cərimələri banka ödəmişik, əlimizdə qəbz var. Ekologiya və Təbii Sərvətlər Nazirliyi cərimənin ödəndiyini təsdiq edən sənəd hazırlayıb. Buna baxmayaraq, iki aydır maşınlar qarajda saxlanır. Qəzet vasitəsilə ölkə rəhbərliyinə müraciət edib kömək istəyirik".
Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyevin köməkçisi Müslüm Mahmudov bildirib ki, adıçəkilən şəxs Ləhic bağlarından dəniz qumunu oğurlayıb ekoloji fəlakət yaratmaqla məşğuldur. Buna görə də onların maşınları özlərinə qaytarılmır. Şikayətçi tərəf bir, icra hakimiyyətinin nümayəndəsi isə başqa söz deyir. Ən yaxşısı məsələyə yuxarı qurumların səviyyəsində münasibət bildirilməsi olardı. Yəqin ki, vətəndaşın şikayəti araşdırılacaq və maşınlar tezliklə onlara qaytarılacaq.
lent.az