Siraqəddin Cabbarov Prezident Administrasiyasına teleqram vuran vətəndaşı qəddarlıqla döydüyü iddia edilir
Saatlı rayon sakini Amaliya Əliyeva üzləşdiyi problemlə bağlı "Azadlıq"a müraciət edib. Müraciətdə Saatlının icra başçısı Siraqəddin Cabbarov barədə ilginc ittihamlar var. Amaliya Əliyevanın müraciətini olduğu kimi təqdim edirik: "Mən sentyabr ayının 12-13-də Prezident Administrasiyasına teleqram göndərdim. Bunun da səbəbi o idi ki, dəfələrlə etdiyimiz şikayətlərə icra hakimiyyətində baxılmır. Teleqramda bildirdim ki, biz Azərbaycan vətəndaşlığından imtina edirik. Belə ki, hasarımızın bərbad hala düşməsi barədəki şikayətlərimiz cavabsız qalıb. Bu teleqramdan sonra bizə polis əməkdaşı gəldi. Teleqramı öncə Saatlı rayon poçtundan göndərmişdim. Bu barədə qəbz də əlimdədir. Teleqramı vurduğum gün icra hakimiyyətindən Qorxmaz adlı şəxs gəldi. O özünü icra məmuru kimi təqdim etdi. Söylədi ki, vurduğunuz teleqramı geri götürün, nə desəniz edəcəyik. Teleqramı geri götürsək də, onlar sözlərinə əməl etmədilər. Bu vaxt məcbur qalıb Sabirabaddan teleqram göndərdim. Əsl həngamə də bundan sonra başladı. Teleqram vurandan iki gün sonra sahə müvəkkili ilə Aydın adlı polis əməkdaşı bizə gəldi. Onlar icra başçısının bizi çağırdığını söylədi. Mən həyat yoldaşım Vahid Əliyevlə öz maşınımızla yola düşdük. Yolda kənd sovetinin nümayəndəsi Əhməd Dədəkişiyev bizi gözləyirdi. O da öz maşınıyla bizi müşayiət etdi. İcra başçısı Siraqəddin Cabbarov bizi qəbul etdi. Otaqda təxminən 10 nəfərdən çox adam, həmçinin polis idarəsinin rəis müavini Hacı Əhmədov da vardı. Polis idarəsinin içəridə dörd, bayırda isə 5-6 nəfər əməkdaşı vardı. İçəri girəndə icra başçısı ağzımızı açmağa imkan vermədi. Dedi ki, əvvəlki icra başçısından 6 ildə gedən şikayət məndən bir ildə gedib. Biz şikayətimizə baxılmadığı üçün belə etdiyimizi söylədik. Polis rəisinin müavini və qalan şəxslər mənə danışmamağı dedilər. Yerbəyerdən bizə təzyiqlər etdilər, məni danışmağa qoymadılar. Bunu görən həyat yoldaşım ayağa durub mənə çıxıb getməyi təklif elədi. Onunla qapıdan çıxmaq istəyəndə icra başçısı arxadan qışqırdı ki, onu saxlayın, elə yaxşı ki, polislər burdadır, aktlaşdırın, onu basın içəri. Polislər tökülüşüb bizi polis idarəsinə apardılar. Rəis həyat yoldaşımın başını qırxaraq həbsə salmağı əmr etdi. Məni isə 6 saat idarədə saxladılar. Evdə xəstə uşağım və yaşlı adamım var. Qapıçı rəisin yanına gedib bu sözləri ona söyləyəndən sonra məni buraxdılar. Həyat yoldaşımı görmək istədiyimi deyəndə isə qapını aralayıb onu göstərdilər. Həyat yoldaşım pis vəziyyətdə yıxılıb qalmışdı. O, birtəhər durub mənə sarı gələndə onu tanımadım. Onun gözü göyərmiş, üzü partlamış, qarnına təpiklər vurulmuşdu. Ayaq üstə dura bilmirdi. Başını isə o qədər divara çırpmışdılar ki, ağrıdan dayana bilmirdi. Həkim və ekspert tələb etsə də bunu da etməmişdilər. Həyat yoldaşım söylədi ki, bu barədə hansı polisə söz deyirsə, icra başçısının icazə vermədiyini söyləyiblər. Yoldaşım gözünün altını şəxsən icra başçısının özü vurduğunu bildirdi.
İdarədən çıxıb evə gəldim. Bizə qarşı törədilən hərəkət isə ilk dəfə deyildi. Şikayət edənlərin hamısını İcra Hakimiyyətində cəzalandırırlar. İcra başçısı nalayiq söyüşlər söyərək bizi təhqir etdi. Mən artıq intihar etmək məcburiyyətindəyəm. Prezidentə müraciət etmişəm. Bizi bu vəziyyətə salıblar. Artıq yaşamağına dəyməz".
Vətəndaşın dedikləri ilə bağlı Saatlı Rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. Qəbul şöbəsindən Zaur adlı şəxs deyilənlərin həqiqətə uyğun olmadığını bildirdi.
Amaliya Əliyeva isə günün sonunda redaksiya ilə əlaqə saxlayaraq həyat yoldaşı Vahid Əliyevin 15 sutka inzibati həbs cəzasına məhkum olunduğunu bildirdi.