Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Paytaxt marketlərindəki saxta “Bulaq suları” - İçdiyimiz su haqda bir daha

13-05-2023, 10:09   


Eyyub Hüseynov: “Mağazalarda içməli su adı altında xlorlaşdırılmış su satırlar”

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı şikayəti əsasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri şosesi, 1 May küçəsində yerləşən “ÇEMP Su” MMC-yə məxsus su emalı müəssisəsində plandankənar yoxlama keçirib, nöqsanlar aşkarlanıb. Bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, baxış zamanı müəssisədə qablaşdırılan “ÇEMP Su” əmtəə nişanlı suların etiket məlumatlarında suyun mənbəyinin “Böyük Qafqaz sıra dağlarının bulaqlarından ekoloji təmiz su”dan əldə edildiyi qeyd olunsa da, mərkəzləşdirilmiş su sistemindən gələn suları filtr etməklə qablaşdırıldığı müəyyən edilib. Eyni zamanda, müəssisənin qida sahəsində normativ hüquqi aktların tələblərinə cavab vermədiyi, qanunvericiliyə zidd olaraq məhsulların üzərində “müalicəvi” sözünün qeyd olunduğu, ehtiyat su çəninin, filtrlərin, qablaşdırma avadanlığının müvafiq qaydalara uyğun təmizlənməsi, mexaniki filtrlərin, kömür və qum filtrlərinin dəyişilməsi ilə bağlı qeydiyyatın aparılmasına dair təsdiqedici sənədlərin olmadığı, qida məhsulları ilə təmasda olan avadanlıqların yuyulması üçün nəzərdə tutulmayan kimyəvi maddədən istifadə olunduğu aşkarlanıb.

Agentlik su satışı ilə məşğul olan ticarət şəbəkələrinə bir daha xəbərdarlıq edib ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun müvafiq tələblərini kobud şəkildə pozaraq müvafiq normalara cavab verməyən bu kimi məhsulların satışı dayandırılmalı və geri çağırılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilməlidir. Əks halda, həmin suların satışını həyata keçirən ticarət müəssisələri barədə qanunvericilik çərçivəsində inzibati tədbirlər görüləcək.

İstehlakçılardan isə hər hansı uyğunsuzluq və şübhəli hallar aşkar etdikdə, dərhal Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Sözsüz ki, istehlakçıları saxta bulaq suyu ilə aldadan təkcə “ÇEMP Su” MMC deyil. Aydındır ki, əsl bulaq suyunun qablaşdırılaraq ticarət şəbəkəsinə çatdırılması heç də ucuz başa gəlmir. Keyfiyyətsiz su isə əlbəttə ki, ən əvvəl sağlamlıq məsələsidir.

Havalar istiləşdikcə içməli suya ehtiyac da artacaq. Bəs keyfiyyətli suları necə tanımalı, nələrə diqqət eləməli ki, aldanmayaq? Ümumiyyətlə, paytaxtda içdiyimiz, çay dəmlədiyimiz nə sudur? Saxta sular mağazalara necə yol tapa bilir? Mənzillərimizə gələn içməli su necə, normal keyfiyyətdədirmi, birbaşa krandan onu süzüb içə bilərikmi?

Eyyub Hüseynov

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, su Allahın möcüzəsidir və yeganə maddədir ki, üç halda olur: “Qaz halında, kristal və maye halında. Yeganə maddədir ki, dadı, qoxusu yoxdur. Bütün maddələr istidən genişlənir, soyuqda sıxılır. Bu, həm istidə, həm də soyuqda genişlənir. Yeganə maddədir ki, yer üzündə sabit qalır. İnsanlar onu sanki çirkləndirir, lakin qalxır ərşə təmizlənir, bir də insanlara qayıdır. Bunun bu ilahiliyindən çox təəssüflər olsun ki, su istehsalçıları sui-istifadə edir. Daha doğrusu, sudan sui-istifadə olunur.

Mən 25 min insanın iştirak etdiyi Dünya Su Konqresinin Marseldə iştirakçısı olmuşam. Bir daha orada suyun ilahiliyini dərk etmişəm. O, konqresdən gələndən sonra mən avtomobilimi içməli suyla yuduzdurmuram. Birdəfəlik məsələyə son qoymuşam və düşünmüşəm ki, Azərbaycanımızda avtomobil yuma məntəqələrinin başqa ölkələrdən dəfələrlə çox olması, insanların buna meylli olması nə qədər nadanlıq, avamlıq və axmaqlıqdır. Ondan bəri mən avtomobilimi içməli su ilə yuduzdurmuram. Ölkədə texniki su yoxdur. Bu vəziyyətdən suyun ilahiliyindən istifadə edən su istehsalçıları, müxtəlif minerallaşmış su, filan dağdan gələn su, yerdən çıxan su adı altında xlorlaşdırılmış su satırlar və ölkənin əmtəə bazarında litri 9 manata, 40 qəpiyə olan təmizlənmiş su var. İstehlakçılar soruşurlar ki, bu “H2O”-dursa nə üçün bir litri 9 manatdır?

Əlbəttə, bu, əksər hallarda istehlakçını aldatmaq jestidir. Mən tam məsuliyyətlə deyirəm ki, hər bir brend suyun mütləq saxta variantları da var. Çünki onu istehlakçı dadı ilə, rəngi ilə ayırd edə bilmir. Və hər bir suyun, eləcə də birbaşa şəbəkədən gələn suyla qarışdırılması da var. Və yaxud təmiz suyla yığılması da var. Çox yaxşı haldır ki, Qida Təhlükəsizliyi Agentliyi məsələyə nəzər salıb. İllər boyu bu məsələ araşdırılmamış qalır. Çox yaxşı olar ki, AQTA onların bir neçəsinin ekspertizasını aparsın və tərkibləri, yəni etiketlərin düz gəlib-gəlməməsini aydınlaşdırsın".

Ekspert qeyd edir ki, səkkiz il bundan öncə 12 su barədə çox bəsit bir analizin nəticələrini dərc edib: “Bu səbəbdən də bir həftənin içində iki yerdə məhkəməyə verildim və mənə dedilər ki, sən bilirsənmi su benzindən nə qədər bahalı şeydir. Buna toxunmaq çox mürəkkəb məsələdir. Doğrudan da hələ bu günləri heç bir tibb müəyyən etməyib ki, hansı orqanizmə hansı su lazımdır? Bir ailənin beş üzvünə bir su beş üzvündən üçünə xeyir edər, ikisinə zəhərləyə bilər və yaxud uyğun olmaz. Yəni DNK səviyyəsində suyun insana təsiri öyrənilməyib. Hansı DNK-ya aid insana hansı su lazımdır? Bunlar hamısı qaranlıq məsələdir. Suyu analiz etmək üçün 300-dək parametri araşdırılmalıdır. Ona görə bax bu ilahilikdən, bu qeyri-adilikdən su istehsalçıları istifadə edir və AQTA-nın müəyyən etdiyi su istehsalçıları kimi anormal, insanları aldadan su şirkətləri var.

AQTA-nın tədqiqatında əsas məsələ etiketdə olan məlumatlarla tərkibin düz gəlməməsi və eləcə də istehsal şəraitinin antisanitar olması, suyun mənbəyi barədə məsələlər qaldırılıb. Bu çox vacib məsələdir və ölkənin əmtəə bazarında artezian suyu, dağlardan gələn su, bulaq suyu və s. çoxlu sular var. Birmənalı şəkildə tərkiblə etiket düz gəlməlidir. Çox yaxşı haldır ki, AQTA bu ilin yanvarından etiket məlumatlarının təqib olunması məsələsini öz üzərinə götürüb. İllər boyu bu etiketlərlə tək sular yox, digər mallarda etiketlərlə istehlakçı aldadılması baş verir. Buna son qoyulmalıdır. Sonsuz sayda belə məhsullar var ki, onların etiket məlumatları ilə tərkibləri düz gəlmir. Düşünürəm ki, AQTA addım-addım onları təqib edəcək və düzəlməsinə nail olacağıq. İstehlakçılar isə məsləhət görürəm ki, suyu dəyişərək içsinlər. Misal üçün, mən özüm bəzən kran suyu, bəzən alınma su içirəm, bəzən bulaq suyu, bəzən artezian su içirəm. Yəni qeyd etdiyim kimi, hansı insana hansı su lazımdır bu hələ heç elmdə müəyyən olunmayıb. Bədənimizin 85 faizi sudur. Xəstəliyimizin də elə 85 faizini suda axtarmaq lazımdır".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar