Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Azərsu” Mehriban Əliyevanın tapşırığına qarşı: 165 ailə susuz qalıb...

17-05-2023, 09:25   




Bakının Yeni Günəşli massivində yerləşən “Sahil - S İnşaat” MTK-nın sakinləri I vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb. Uzun müddətdir ki, öz resursları və imkanları daxilində binadakı işləri yekunlaşdırmağa çalışan 165 ailə yeni problemlərlə üzləşməkdədir. Bu problemləri yaradan isə ayrı-ayrı qurumlar olur. Bu dəfə isə vətəndaşları mənzillərinə köçməyə qoymayan “Azərsu” ASC-dir.
Belə ki, MTK-dan mənzil alan sakinlər I vitse-prezident Mehriban Əliyevaya müraciət edərək “Azərsu”, “Azəriqaz” və “Azərişıq” tərəfindən kommunal təchizatla təmin olunmalarında köməklik göstərilməsini xahiş etmişdilər. Bu müraciəti araşdırdıqdan sonra M.Əliyevaya göndərilən məktub əsasında “Azəriqaz” və “Azərişıq” vətəndaşların problemlərini həll etdi. Yəni hər iki quruma verilən tapşırıqdan sonra məsələ yoluna qoyuldu.
Lakin yeganə “Azərsu” ASC-dir ki, Mehriban xanımın göstərişini yerinə yetirmir. Bununla bağlı sakinlər yenidən M.Əliyevaya müraciət ediblər. Onların sözlərinə görə, “Azərsu” ASC I vitse-prezidentin göstərişinə məhəl qoymayaraq onlardan 10 min manat dövlət rüsumu ödənilməsini tələb edir.
“Halbuki “Azəriqaz” və “Azərişıq” bizdən bir qəpik də istəmədi. Mehriban xanımın diqqəti sayəsində dövlət qurumları bizə kömək etdilər. Ancaq “Azərsu” özünü “Burda mənəm, Bağdadda kor xəlifə” kimi aparır.
Görünür ki, “Azərsu” rəhbərliyi Mehriban Əliyevanın diqqətini saymazdan gəlir”, - deyə sakinlər müraciətdə qeyd edib. Müraciət müəlliflərinin sözlərinə görə, onların 10 min manatı vermək imkanı yoxdur: “Biz fırıldağın qurbanı olmuşuq. Şirkət rəhbəri bir mənzili bir neçə nəfərə satıb, şikayətimiz əsasında həbs olunub. Hazırda binanın təhvil verilməsi yarımçıq qalıb.
Biz gücümüz çatan kiçik işlər görmüşük. Amma “Azərsu”ya 10 min manat verə bilmirik. Necə olur ki, Mehriban xanıma müraciətimizdən sonra işıq və qaz problemimiz həll olunur, su problemi isə pulla həll olur? Bu, “Azərsu” rəhbərliyinin saymazlığı, hörmətsizliyidir. Bir binanı su ilə təmin etmək o qədər də çətin iş deyil.
“Azərsu” hər gün milyonlarla ev və mənzillərdən su pulu alır, yüzlərlə evlərə, məhəllələrə, binalara su çəkilməsinə görə rüsum alır, bu qurum üçün dələduzluğun qurbanı olmuş 165 ailəyə yardım etmək çətin olmamalıdır. Amma görünür ki, pul “Azərsu”nun gözünü necə tutubsa, hətta Mehriban xanıma olan müraciəti də qəbul etmirlər. Bu qurumun qanunsuz işləri barəsində dəfələrlə mətbuatda məlumatlar gedib, indi özlərini aydan arı, sudan duru kimi aparırlar”.
Sakinlər bir daha M.Əliyevadan bu məsələ ilə bağlı köməklik göstərilməsini xahiş edirlər: “Hörmətli Mehriban xanım, siz həmişə çətinliklə üzləşən insanlara kömək etmisiniz. Biz bunu illərdir ki, görməkdəyik. Siz istər kasıb ailələrə, istərsə xəstəliyi olan körpələrə, yaşlılara, imkansız insanlara əl tutursunuz, müalicə xərclərini qarşılayırsınız, Türkiyədə zəlzələdən zərər çəkənlərə, Pakistanda, Fələstində və dünyanın bir çox yerlərində problemi olanlara xeyriyyəçiliklə dəstək olursunuz, Azərbaycanda minlərlə insan sizə pənah gətirir və həmişə də əlidolu qayıdır, xoş xəbər alır. Biz də 165 ailə olaraq sizə güvənirik. İllərdir ki, ailələrimiz, uşaqlarımız mənzillərinə köçəcəyi günü gözləyir. Tale Alaverdiyev kimi dələduzların bizi aldatması ucbatından indiyə qədər əziyyət çəkirik, indi özü həbsdədir, biz də var gücümüzlə binada işləri tamamlamaq istəyirik, amma “Azərsu” bizə problem yaradır. Əziz Mehriban xanım, bizim səsimizə səs verəcəyinizə inanırıq!”

Azər Talıbov

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar