Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Kişinyov görüşündə də sülh müqaviləsi imzalanmadı

2-06-2023, 08:52   

Şarl Mişel Azərbaycan və Ermənistan liderlərinin görüşü barədə açıqlama verdi

Fransa Prezidenti və Almaniya kanslerinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin 1 iyun görüşündə hüquqlar məsələsi, sülh müqaviləsi, sərhədlərin delimitasiyası müzakirə olunub.

Kişinyovda keçirilən beştərəfli görüşün sonunda jurnalistlərə açıqlama verən Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel belə deyib.

Şarl Mişelin sözlərinə görə, həmin məsələlər 15 mayda Brüsseldə müzakirə predmeti idi:

“Biz fəal işləyirik, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün bütün müsbət addımları dəstəkləmək niyyətindəyik”.

Diplomat həmçinin əlavə edib ki, oxşar beştərəfli görüş Avropa Siyasi Birliyinin İspaniyada keçiriləcək növbəti sammitində də baş tutacaq. Ancaq Şarl Mişel Əliyevlə Paşinyanın bu gün nə barədə razılığa gəldiyini açıqlamayıb.

Azərbaycan və Ermənistan liderləri də hələ görüşün yekunları ilə bağlı açıqlama verməyiblər.

 Kişinyovda qərara alınıb ki, tərəflər iyulun 21-də Brüsseldə görüşsünlər.

Kişinyovda iki ölkənin xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan da qeyri-rəsmi görüşüblər.

Mayın 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli görüşü keçirilib.

Görüşdə hər üç ölkənin Baş nazirlərinin müavinlərinin gələn həftə bir araya gələcəkləri razılaşdırılıb.

Brüssel və Vaşinqton görüşü

Mayın 14-də Brüsseldə Azərbaycan və Ermənistan liderləri Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə görüşüblər.

Görüşdən sonra bəyanat yayan Şarl Mişel Brüssel danışıqlardan məmnun qaldığını ifadə edib.

Bəyanatda qeyd olunur ki, liderlər Cənubi Qafqazda sülhün bərqərar olmasına hazırlığı müzakirə ediblər.

ABŞ-da sülh müqaviləsi ilə bağlı son müsbət danışıqlardan sonra Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinin imzalanması istiqamətində qəti addımların atılması üçün səylər saxlanılmalıdır”, – Şarl Mişel deyib.

Mayın 1-4 tarixlərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda görüşmüşdü.

ABŞ-ın Dövlət katibi Entoni Blinken mayın 4-də keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistanın davamlı sülh sazişi istiqamətində nəzərə çarpacaq irəliləyiş əldə etdiyini bildirmişdi.

Münaqişənin qısa xronikası

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar