Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakıda maşından bahalı parklanma: Maaşın 60 faizi buna gedir - BİZİM HESABLAMA

11-09-2023, 20:57   


Bakıda maşından bahalı parklanma: Maaşın 60 faizi buna gedir - BİZİM HESABLAMA 


Paytaxt Bakıda avtomobillərin parklanması uzun illərin problemidir. 

Dəfələrlə qanunsuz parklanmaya qarşı reydlər aparılıb. Amma aparılan reydlər müəssisələrin qarşısında avtomobillərin yaratdığı sıxlığa, xüsusi geyimli insanların “dayanma – durma qadağandır” yol nişanına məhəl qoymadan müəyyən məbləğdə pul alaraq avtomobillərin saxlanılmasına şərait yaratmasına mane ola bilməyib. 

Bakı Nəqliyyat Agrntliyi (BNA) müəyyən ərazilərdə parklanmanın pulsuz olmasına dair lövhələr yerləşdirirsə də, bu, bütün şəhəri əhatə etmirdi. Elə sürücülər də özlərinə haqq qazandıraraq şəhərin bütün küçələrində bunun qadağan olunmasına dair yol nişanının olmamasını iddia edirdilər. Bir sözlə, Bakı Nəqliyyat Agentliyi, sürücülər, əhali hətta polis də narazı idi. Ortalıqda isə sürücülərin qanunsuz olduğu halda kimlərəsə parklanmaya görə pul verməsi və xırda hesab edilən, əslində isə böyük məbləğdə pulun büdcədən kənarda qalması həqiqəti qalırdı.

Nəhayət, bu ilin iyununda Nazirlər Kabineti nəqliyyat vasitələrinin parklanmasına görə ödəniş məbləğini təsdiq etdi. İyulun 25-də qüvvəyə minən qərara görə, paytaxtda beş parklanma zonası müəyyən edilib. Ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklanarsa, ödəniş tam məbləğdə hesablanır. Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-a qədər, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur. 

“İçərişəhər” Dövlət Tarix-Memarrlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisi istisna olmaqla, Bakı şəhərinin mərkəzində parklanmanın 1 saatı 1 manat, digər zonalarda, uyğun olaraq, 1 saatı 70, 40 və 30 qəpik məbləğində müəyyənləşdirilib. 

Ölkəmizdə iş saatının 8 saat olmasını nəzərə alsaq, avtomobillə işə gələn vətəndaş bir gündə maksimum 8 AZN, minimum 2.40 AZN məbləğində parklanmaya vəsait sərf edir. Avtomobili olan işçiyə ay ərzində parklanma 208 manata başa gəlir. Ən az məbləği götürdükdə, bu, ayda 62.40 AZN-dir.

Xatırladaq ki, bu ilin yanvar ayından ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manat müəyyən edilib. Minimum əmək haqqı alan vətəndaşın yuxarı hədlə parklanma üçün ödəyəcəyi məbləğ minimum əmək haqqının 60 faizini təşkil edir. Ən aşağı hədlə avtomobil parklanmasına görə 62.40 qəpik ödəməlidir ki, bu da həmin məbləğin 18 faizi deməkdir. 

Günay Şahmar
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar