Bu gün, sentyabrın 21-də Azərbaycan mərkəzi hökumətinin təmsilçiləri ilə Yevlax şəhərində Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri arasında keçirilən görüş başa çatıb.
Amma görüşlə bağlı tərəflər, hələlik, açıqlama verməyiblər.
"Vəziyyət çox pisdir, şəhərdən atışma səsi gəlir". Bunu AzadlıqRadiosunun erməni xidmətinə Qarabağın mərkəzi Xankəndi şəhərinin sakini deyib. Onun sözlərinə görə, şəhərdən necə çıxmaq haqda düşünürlər.
"Bəli, bəli, vəziyyət pisdir, onlar (azərbaycanlılar) qəbiristanlıq tərəfdən giriblər, şəhərə eniblər, avtomatla silahlanıblar", – qadın danışıb.
Xankəndi sakinləri atəş, partlayış səsləri eşitdiklərini deyirlər. Azərbaycan hərbçilərinin bu şəhərə daxil olması, ora aparan yollarda nəzarət-buraxılış məntəqələri quraşdırması barədə təsdiqlənməmiş məlumatlar yayılır.
Amma Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 21-də yaydığı açıqlamada belə məlumatlar təkzib edilib. "Ermənistanın bəzi sosial media hesablarında, guya, Silahlı Qüvvələrimizin Xankəndi istiqamətində hücuma keçməsi barədə yayılan məlumatlar tamamilə yalandır və dezinformasiya məqsədi daşıyır", - nazirlik vurğulayıb.
Sentyabrın 21-də Azərbaycan Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilir.
AZƏRTAC-ın xəbərinə görə, görüşdə Azərbaycan mərkəzi hakimiyyətini Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil edirlər.
Qarabağın erməni sakinləri adından isə görüşdə Sergey Martirosyan və David Melkumyan iştirak edirlər. D.Melkumyanı Qarabağ separatçıları "Artsax (Qarabağ) Milli Assambleyasında Artsax Demokratik Partiyası fraksiyasının rəhbəri" kimi təqdim edirlər.
Rusiya sülhməramlı kontingentinin nümayəndəsi iştirakçı kimi görüşə qatılıb.
AZƏRTAC-in məlumatına görə, görüşdə Azərbaycan Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələləri müzakirə olunur.
AzadlıqRadiosunun operatoru və müxbiri Yevlaxda Azərbaycan mərkəzi hakimiyyətinin təmsilçiləri ilə Qarabağ bölgəsinin erməni sakinləri arasında keçirilən görüş yerinə buraxılmayıblar.
Onlara bildirilib ki, yalnız adları siyahıda olan jurnalistlər görüşə buraxılacaq.
ABŞ hakimiyyəti Qarabağda mümkün humanitar və qaçqın böhranından narahatlığını bildirib, yaranmış vəziyyətə görə Bakını günahlandırıb.
"Dağlıq Qarabağda pisləşən humanitar vəziyyəti çox, çox yaxından izləyirik", – Ağ evin milli təhlükəsizlik üzrə sözçüsü Con Körbi (John Kirby) jurnalistlərə deyib.
Sentyabrın 21-də BMT Təhlükəsizlik Şurasına sədrlik edən Albaniya Qarabağ döyüşlərini müzakirə etmək üçün fövqəladə iclas təyin edib.
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər hələ ki, sülh müqaviləsi imzalaya bilməyiblər. Avropa İttifaqının, Rusiyanın və ABŞ-ın vasitəçiliyi ilə sülh danışıqları aparılır.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.