Avropa İttifaqı Azərbaycan və Ermənistan liderləri arasında növbəti görüşü elə bu ay keçirmək niyyətindədir.
Oktyabrın 7-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon söhbəti əsnasında regional məsələlər ətrafında fikir mübadiləsi aparıldığı bildirilir.
Dövlət başçısı telefon söhbətində Şar Mişelə Qranadada Azərbaycanın iştirakı olmadan Azərbaycan adının dördtərəfli bəyanata daxil edilməsinin düzgün yanaşma olmadığını bildirib.
Prezident İlham Əliyev, həmçinin Fransanın məlum mövqeyinə görə Azərbaycanın Qranadadakı görüşdə iştirak etmədiyini bildirib. Dövlətimizin başçısı xüsusilə vurğulayıb ki, Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq.
Telefon söhbətində digər məsələlər də müzakirə olunub. Əliyev Azərbaycanla İran arasında regional nəqliyyat dəhlizinin yaradılması istiqamətində işlərin aparıldığını qeyd edib, bu xüsusda Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasiminin keçirildiyini deyib.
Şarl Mişel öz növbəsində Avropa İttifaqının Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində səylərini davam etdirməyə hazır olduğunu bildirib.
Telefon söhbətində səslənən tənqidi fikirlərə Fransanın Azərbaycandakı Səfirliyindən münasibət almaq mümkün olmayıb. Amma Fransa rəsmiləri birqayda olaraq bəyan edirlər ki, onlar Azərbaycan və Ermənistan arasında münaqişənin sülh yoluyla həllində maraqlıdırlar.
Avropa İttifaqı Azərbaycan və Ermənistan liderləri arasında növbəti görüşü elə bu ay keçirmək niyyətindədir.
Bunu AFP xəbər agentliyinə Avropa Şurasının prezidenti Şarl Mişel deyib:
"Məqsəd bu görüşün oktyabrın sonuna qədər keçirilməsdir və biz görüş tarixini baş nazir Nikol Paşinyan və prezident İlham Əliyevlə müəyyənləşdirəcəyik”.
Interfax agentliyinin yazdığına görə Əliyev və Paşinyan belə bir görüşə artıq razılıq veriblər.
İlham Əliyev dünən, oktyabrın 5-də Qranadada keçirilməsi planlaşdırılan beştərəfli danışıqlara qatılmaqdan imtina etmişdi.