Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İlahiyyatçılardan pir və ziyarətgahlarla bağlı mövqe: “Saxtadır, getməyin”

19-10-2023, 21:37   


İlahiyyatçılardan pir və ziyarətgahlarla bağlı mövqe: “Saxtadır, getməyin” 


Qazax rayonu Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta məktəbinin rəsmi feysbuk səhifəsində şagirdlərin rayondakı “dilək ağacı” pirinin ətrafında çəkdirdikləri foto paylaşılıb. 

Foto sosial şəbəkələrdə, mətbuatda müzakirəyə çıxarılıb və etirazla qarşılanıb.   

Tək məktəblər tərəfindən deyil, həm də valideynlər tərəfindən  uşaqların  ziyarətgahlara, pirlərə aparılmasına geniş rast gəlinir. Xüsusən də şagirdlərin ali məktəblərə qəbul imtahanı verməsi ərəfəsində pirlərə, ziyarətgahlara axın çoxalır. 

Doğrudanmı, ziyarətgahlara getməklə hər hansı bir uğura nail olmaq olar? İslam dinində bu barədə  nə deyilir? 

Mövzuyla bağlı Cebhe.info-ya danışan ilahiyyatçı Elşad Miri ocaq və pirlərə gedən şəxslərin mövhümatın əsiri olduğunu bildirib:

“Bununla bağlı Quranın Əhqaf surəsinin 5-ci ayəsində konkret cümlə var. Yazılıb ki, Allahı qoyub qiyamət gününədək cavab verə bilməyəcək şəxslərə yalvarandan daha azmış kim ola bilər? Əgər bir insan vəfat edibsə və bizə cavab verə bilmirsə, bu adama biz yalvarırıqsa, hər hansı bir arzumuzun reallaşmağını ondan istəyiriksə, o zaman həmin insanlarda zalım heç kim yoxdur. Bizim müraciət etməli olduğumuz əsas mənbə dinin mənbəyi olan Qurandır. Quranda Allah bu cür deyəndən sonra insanların hər hansısa bir ziyarətgah, türbə, pir və ya ocaq adlandırılan yerlərə getməyinin heç bir əhəmiyyəti yoxdur”. 

Həmsöhbətimiz qeyd edib ki, bunlar Allaha şərik qoşmaqdır: 

“Araşdırsınlar görək, bu gün banklarda hansı bir pirin bir milyondan çox vəsaiti var, araşdırsınlar görək, ianə hesabıyla dövlətə vergi verməyərək yığılan bu pullar hara gedir? Bu gün insanlar gedib hansısa yoxsul birinə kömək etmək əvəzinə, pullarını boş və lazımsız yerlərə sərf edirlər. İnsanlar dinin mahiyyətini qoyub, zahiri atributları ilə bütün ömür boyu əlləşəcəklər. Dinin əsas qayəsi, əsas məqsədi kənarda qalır,  mənasız işlərdən yapışırıq”. 

İlahiyyatçı Tural İrfan isə qeyd edib ki, pirlərin, ziyarətgahların ziyarəti barədə dində heç bir anlayış yoxdur: 

“Peyğəmbərimizin dövründə pirlərə ziyarət, nəzir vermək kimi anlayış olmayıb. Onun ölümündən sonra da, yəni 4- 5-ci əsrlərdə bu proseslər olmayıb. Sonradan dindən sui- istifadə edənlər olub. Onlar tərəfindən saxta pirlər, qəbirlər yaradılıb”. 

Həmsöhbətimiz bildirib ki, pirlərin tarixi əhəmiyyəti yoxdursa, ora ziyarət etməyə dəyməz:

“Yaxşı olardı ki, tarixi şəxsiyyətlərin məzarlarını ziyarət etsinlər. Dahi Şeyx Nizami Gəncəvini, Səməd Vurğunun Qazax rayonundakı ev museyini, həmçinin məşhur ilahiyyatçılarımızın məzarını ziyarət etməyi tövsiyə edirəm”.

Həsən Məmmədov
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar