ONLAYN TİCARƏT PLATFORMALARINA QARŞI “MÜHARİBƏ”... – Limitin 150 dollara endirilməsi təklfinin pərdəarxası

2-12-2023, 12:59   



Ölkəyə xaricdən gətirilən məhsul limitini 300 dollardan 150 dollara salınması barədə müzakirələr gedir. Maraqlı tərəflər – böyük ticarət mərkəzlərində pal-paltar, aksesuar və s. malların satışı ilə məşğul olan iş adamları onun azaldılması üçün yenidən fəallaşıb.

Onlar bildirirlər ki, onlayn platformalar gəlirlərini kəskin azaldıb, bir çox sahibkarlar müflis olaraq fəaliyyətlərini dayandırmağa məcbur olublar.

Qeyd edək ki, Azərbaycanda “Trendyol” platformasının 1.3 milyon müştərisi var. Nəzərə alsaq ki, digər e-ticarət platformaları da mövcuddur, eməli elektron ticarət ümumi dövriyyədə kifayət qədər böyük paya sahib olub.

Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz problemi şərh edərkən əvvəlcə kampaniyaların xronologiyasına dəqqət çəkib: “Nazirlər Kabinetinin 2013-cü il tarixli 305 saylı qərarı ilə aşağıdakı gömrük limiti müəyyən olunub:

Fiziki şəxs özü ilə gətirərsə -1500 dollar,

E-ticarət yolu ilə -1000 dollar.

2015-ci ildə isə Dövlət Gömrük Komitəsi (DGK) bu limitin 150 dollara endirilməsi üçün hökumətə müraciət etdi və ciddi müzakirələr başladı. O zaman Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliy və İqtisadiyyat Nazirliyi bu təklifə mənfi rəy verdilər, DGK istəyini reallaşdıra bilmədi, nəticədə qərar qəbul edilmədi.

DGK-nın bu limiti endirmək üçün vuruşduğu bir zamanda Prezident İlham Əliyev 22 oktyabr 2015-ci il tarixili Fərmanı ilə bu limit 10 000 dollar müəyyən edildi. Hamı şoka düşdü, qısa müddətdə dərhal bəzi biznes assosiasiyaları, pərakəndə ticarəti himayə edən oliqarxlar DGK və digər əlaqəli orqanlara təsir etməklə bu fərmanın ləğvi üçün birləşdilər və qısa müddətdə buna nail olurlar”.

Osman Gündüz xatırladır ki, 21 avqust 2020-ci ildə Hökumət 2013-cü ildə qəbul edilən həmin məşhur qərara dəyişilik etdi:

“Fiziki şəxs özü ilə gətirərsə - 800 dollar,

E-ticarət yolu ilə -300 dollar.

Son bir neçə ildir ki, yerli sahibkarların bəzi assosiasiyaları müxtəlif nazirliklərlə, vergi və gömrük rəsmiləri ilə görüşlər keçirir, bəzi media və TV kanallara təsir etməklə ictimai fikir formalaşdırmaq istəyirlər ki, indiki limitlər sahibkarlığın inkişafına mane olur və onu azaltmaq lazımdır. Düşünürəm ki, hökumətin indiki anda "maraqlı tərəflərin" basqıları altında gömrük limitinə deyil, biznes mühitinin inkişafına, daha effektiv gömrük-vergi siyasətinə, elektron ticarətin inkişafına fokuslanması daha doğru olardı”.

Ekspert ümid etdiyini bildirib ki, bu dəfə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İqtisadiyyat Nazirliyi bu təşəbbüsə mənfi rəy verəcək.

Rasim Əliyev

“AzPolitika.info”


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar