Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Məktəbə həkim niyə göndərilməyib? - TƏBİB cavab VERDİ

4-12-2023, 13:19   


Məktəbə həkim niyə göndərilməyib? - TƏBİB cavab VERDİ


Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Bakı şəhər Qaradağ rayonunda yerləşən 195 saylı orta məktəbin 4-cü sinif şagirdi, 9 yaşlı Rinat qızılca xəstəliyi səbəbindən dünyasını dəyişib.

Bu barədə məktəbin direktoru Laçın Hüseynli öz sosial şəbəkə hesabında məlumat verib.

Direktor, həmçinin məktəb üçün tibb işçisi tələb etdiklərini, lakin aidiyyəti qurumların bu məsələni həll etmədiklərini bildirib:

“Artıq bir övladımızı qızılca xəstəliyinə görə itirdik. Çox təəssüf. Ölkədə tibb sahəsində kadr çatışmazlığı varmı? Artıq iki ildir ki, məktəb üçün tibb bacısı tələb edirik. 3 növbəli məktəbin bir nəfər də olsun həkimi yoxdur. Son 5 gündə isə 200-dən çox yoluxma var”.

Maraqlıdır, 195 saylı tam orta məktəbdə niyə həkim olmayıb?

Məsələ ilə bağlı Cebhe.info-nun sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, ambulator tibb xidmətinin təşkili üçün təhsil müəssisəsində yaradılmış həkim və ya tibb məntəqəsinə həkimin, eləcə də tibb bacısının birdəfəlik təhkim edilməsi üçün bu müəssisədə təhsil alan uşaq sayı və ərazi üzrə tibb müəssisələrinin ştatları nəzərə alınır:

“Yoluxucu xəstəliklərə qarşı immunoprofilaktikası və uşaqların icbari dispanserizasiyası üzrə cavabdehlik uşağın hansı təhsil müəssisəsində təhsil almasından asılı olmayaraq məktəb həkim-pediatrı ilə yanaşı ərazi üzrə təhkim olunduğu həkim-pediatrın cavabdehliyindədir”.

Qeyd edək ki, artıq Azərbaycanda qızılca xəstəliyinə kütləvi yoluxma halları müşahidə olunur. Ötən həftə bu xəstəlik səbəbindən Kürdəmir rayonunda 4 yaşlı Rüfət Qəribli vəfat etmişdi.

Ləman İsmayıl
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar