Dövrümüzdə əksər ölkələrdə evliliklə bağlı bir sıra qadağalar mövcuddur.
Hazırda İngiltərədə, Niderlandda, İsveçdə, Hindistanda, Yamaykada, Küveytdə, Almaniyada, Suriyada, Fələstində, Livanda, Ərəbistanda qohum evliliklərə nadir hallarda təsadüf olunur.
Almaniyada əmioğlu, əmiqızı evliliyi tamamilə qadağandır. ABŞ-ın isə 50 ştatının 24-də əmi, dayı, xala, bibi uşaqlarıyla, yəni 1-ci dərəcəli qohumlarla ailə qurmaq qadağan edilib. 6 ştatda evlənmək istəyən qohumların qarşısına bəzi şərtlər qoyulur. Arizondakı qaydalara görə, yaş 65-i keçibsə, qadın, yaxud da kişi sonsuzdursa, o zaman evlənə bilərlər.
Azərbaycanda da nikahla bağlı bir sıra qadağalar mövcuddur. Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən, yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar) , övladlığa götürənlər və götürülənlər, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olanlar, bunlarla yanaşı, tibbi müayinədən keçməyən, ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxslərin nikaha daxil olmasına qadağa qoyulub.
Məcəllənin 13-cü maddəsinə görə, nikaha daxil olmaq istəyən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçirlər və bunu təsdiq edən arayışın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Tibbi müayinənin nəticələri həkim sirridir. Həmçinin nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun (İİV) törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.
Nikah prosesi ilə bağlı Milli Hematologiya və Transfuziologiya Mərkəzindən "Cebhe.info"-nun sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi müvafiq Dövlət Proqramına əsasən, nikaha daxil olan cütlüklər müəyyən edilən tibbi laborator müayinələrdən keçir:
“Ailə həkimi müayinələr zamanı aşkar edilən hər hansı xəstəlik barədə evlənmək istəyən cütlüyü məlumatlandırır və onlarla profilaktik söhbətlər aparır. Bundan sonra cütlüklər nikaha daxil olmaları barədə özləri birgə qərar qəbul edirlər”.
Ləman İsmayıl
"Cebhe.info"