BAŞLANDI! Rusiya Qarabağdan çıxmır, "erməni kartı" işə düşdü

12-02-2024, 09:32   





Geridə qalan həftənin ürəkbulandıran açıqlaması Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzindən gəldi. Nazir müavini Kremlin istəklərini ifadə edərək Qarabağ ermənilərinə çağırış etdi - qayıtmaq istəyənlərə sülhməramlılar kömək etməyə hazırdır. Rusiyadan başqa Fransa və ABŞ da ermənilərin Qarabağda yenidən məskunlaşmasında maraqlıdır. Ermənistan hökumətindən və köçüb gedən əhalidən soruşan yoxdur ki, özlərini qayıdışa həvəslidirmi...
Anaxeber.info yazır ki, rus diplomat ermənilərin qayıtmaq istəmədiyini yaxşı bilir. Bilir ki, onların bir hissəsi Ermənistandan da köçüblər. Amma Lavrovun müavini Rusiyanın maraqlarını irəli çəkərək Qarabağda erməni faktorunun mövcudluğunu önəmli sayır. Bu halda "erməni kartı" üzərindən regionda yeni oyunlar qurmaq, təsir imkanı saxlamaq mümkün olacaq, eləcə də sülhməramlı qoşunların qalma müddətini uzatmaq üçün bəhanə yaranacaq. Qərb də maraqlıdır ki, hətta orada üç min erməni olsun, amma olsun və Azərbaycana təzyiq rıçağı saxlansın. İstənilən halda, Qırmızı Xaç bir tərəfdən, sülhməramlılar digər tərəfdən fəaliyyəti aktivləşdirəcək, görüntü yaradacaqlar, imitasiya xarakterli addımlar atılacaq. Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdakimov da eyni ərəfədə açıqlama verib və sülhməramlıların səmərəli işindən söz açıb. Amma hansı səmərəli işdən söhbət gedir, məlum deyil. Qarabağda qalan həddən az sayda erməniyə Azərbaycan qayğı göstərir, erməni kilsələrinə, qəbirlərinə hər hansı müdaxilə olmayıb, Xankəndi, Ağdərə, Xocavənddə erməni dilində mağazalar, iaşə obyektləri olduğu kimi qalıb. Deməli, həm nazir müavini, həm səfir eyni vaxtda açıqlama verməklə Rusiyanın 2025 planlarını ifadə edirlər. Sözsüz ki, Kreml belə sonluq gözləmirdi. Ən əsası, belə tez olacağını heç gözləmirdi. Yəni 5 il tamam olmamış bir antiterror əməliyyatı ilə sülhməramlıların işini əhəmiyyətsiz etdik. Rusiya da başa düşür ki, rus qoşunları Qarabağda lazım deyil. Lakin qalmaq üçün bəhanələr, yeni yollar axtarışı davam edir. Axı necəsə Cənubi Qafqazda varlığı davam etdirmək lazımdır. Ona görə Putin və əshabələri tez-tez təhrikedici ritorikada, həm də günahı Paşinyan kabinetinin üzərinə qoymaq məqsədi ilə qeyd edirlər ki, Qarabağın statusunu Nikol müəyyən etdi. Bununla erməni xalqına mesaj verilir ki, bizim üçün bu problem qalırdı, Rusiya sizin üçün Xankəndi və ətraf ərazilərə nəzarəti davam etdirəcəkdi, Azərbaycan dağlıq Qarabağa buraxılmayacaqdı, Vardanyan və digərləri hələ də separatizmi inkişaf etdirəcəkdi, rus qoşunları da qalacaqdı, amma Paşinyan bütün işləri korladı, Azərbaycan da haqqını aldı, xunta rejiminin liderləri də həbs olundu. Yəni Kremlə görə Nikol xəyanət edib, nəticəsi də budur... Halbuki bu şantaj üslubunda Rusiyanın Ermənistanı ittiham etməsi nə Qarabağ, nə İrəvan ermənilərini ayağa qaldıra bildi. Rusiya anladı ki, münaqişə bitib, Bakı və İrəvan onun oyunlarını qəbul etmir. Hazırda ikitərəfli danışıqlar da aparılır, sülh sənədi razılaşdırılır, amma Qaluzin, rus səfir zərurət olmayan halda dövriyyəyə girərək sülhməramlıların şəninə tərif yağdırır. Beləliklə, Qarabağ ermənilərinin qayıdışı yalnız ruslara lazımdır, nə rəsmi İrəvana, nə Qərbə, nə əhaliyə. Qərbə o şəkildə sərf edir ki, rus qoşunlarını BMT sülhməramlıları əvəzləsin. Bu da nonsensdir. Bakı qəti razı olmaz. O pisdənsə, hazırkı pis yaxşıdır - variant budur. Ancaq nə deyilməsinə baxmadan, hakimiyyət Qarabağdakı rus qoşunlarını tam çıxarmalıdır. Bu mənada bizi çətin 2025 sınağı gözləyir. İqtidar həm də bu prosesi gördüyü üçün seçkini qabağa çəkdi. Əgər gələn il keçirilsəydi, Kreml qoşunlarını Qarabağda saxlamaq üçün Bakıya seçki dövründə sıxma-boğma edəcəkdi. Elə Qərb də bu məsələdə az aşın duzu deyil... 


Azər Talıbov
Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar