Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

O qıza ya sutkalıq həbs verilsin, ya da küçə süpürsün! Bu nə təhsil, bu nə tərbiyə...

22-02-2024, 10:43   











Bizim vaxtımızda məktəbli qızın saçını hörərdilər, indi məktəbli qız küçənin ortasında özhəmcinsinin saçını qırxır, hələ videoya da çəkib yayır... Əsl "qanuni oğru" qaydaları, türmə "zakon"ları, küçə tərbiyəsi! Bizim vaxtımızda məktəbli qız başa yumurta vurub rəfiqəsini "sındırmaq" nədir, heç anlamırdı da. Bizim vaxtımızda qızlar bir-birinin əlində gül şəkli çəkərdi, alnına "qəhbə" yazmazdı. Bu sözü nəinki dilə gətirmək, heç mənasını bilməzdilər. İndisə biz fəlakətin tam içindəyik: Bakıda 156 saylı məktəbin şagirdi olan qız ondan yaşca kiçik qıza yuxarıda qeyd etdiyimiz bütün iyənclikləri, tərbiyəsizlikləri edib. Bu da Emin Əmirullayevlə gəlib çıxdığımız "inkişafda olan təhsil". Deyə bilərsiniz ki, elm və təhsil naziri nə etsin, əgər o şagirdə ailədə normal tərbiyə verilməyibsə?! Ancaq tək bu deyil axı, məktəb sektoru bərbad haldadır, sistem özü çürükdür, müəllim-şagird-valideyn münasibətləri marketlər şəbəkəsinə çevrilib,  dəyərlər təbliğ olunmur, əxlaq qaydaları öyrədilmir, ünsiyyət düzgün qurulmur. Direktor və müəllimlər o şagirdin hansı tərbiyəyə malik olduğunu bilməliydilər, valideynləri ilə profilaktik söhbət apamalıydılar. Sözsüz ki, burada valideyn ən böyük günahkardır. Amma cəmiyyətdə qəzəb doğuran, ictimai etiraza səbəb olan bu cür hadisələr ört-basdır edilməklə problem həll olunmur. Çünki o qızın "vor zakon" kimi özünü aparıb etdiyi tərbiyəsiz hərəkəti hamı görüb - sinif yoldaşları da, ölkədə az qala bütün məktəblilər də. Və onlar üçün iki presedent yarandı: kimisi bu pis jesti təkrar etmək istəyəcək, kimisi etməkdən qorxacaq. Lakin heç bir halda problemin üstünə gedilmədi. Yəni milyonlarla insanın izlədiyi görüntülərlə bağlı aydınlıq gətirilmədi ki, o qız hansı şəkildə cəzalandırılıb. Niyə bu məsələ gizli saxlanmalıdır? Axı hər birimiz valideynik, övlad böyüdürük, onlar da məktəbə gedir və biz narahat olmaya bilmərik. Bu, bizə siqnal oldu ki, təhsilimiz nə gündədir, direktor-müəllim-şagird-
valideyn arasında zəncirvari bağlar düzgün qurulmayıb və sabah başqa bir hadisə ilə üzləşə bilərik, deməli, kimsə sığortalanmayıb. Ona görə də həmin qız məktəbdən qovulmalı, inzibati cəzaya məhkum edilməlidir. Bu, fərqli şəkildə ola bilər: azyaşlılara aid təcridxanada sutkalıq həbsdə saxlanması, yaxud küçə süpürməsi, ya da üzr videosunun yayılması...
Amma ən dəhşətlisi budur ki, alçaldıcı iş görmüş qız o ailədən və təhqir etdiyi uşaqdan üzr belə istəmir. Təhqir olunmuş məktəblinin nənəsinin sözlərinə görə, onlar həmin qızın gəlib üzrxahlıq etməsini gözləyirlər ki, məsələ BAĞLANSIN. Amma etdiyi əməldən peşman olmayan qız üzr istəmək fikrində deyil. Bu da onun hansı təfəkkürə sahib olduğunu gözlər önünə sərir. Hərçənd, üzr azdır, cəza verilməlidir. Bəli, hadisə ilə bağlı cinayət işi açılıb, amma ictimai cəza bəzən hüququn verdiyi cəzadan daha təsirli olur. Burada direktorun da qüsuru var. Bəs polisə məlumat vermişdi məktəb rəhbərliyi? Axı ortada cinayət əməli var!!!
Görün, 156 nömrəli tam orta məktəbin direktoru Gülər İsmayılova nə deyir:
“Videoda olan şəxslərdən biri məktəbin 11-ci sinif şagirdidir. Video çəkən və hadisə qurbanı bizim məktəbin şagirdi deyillər. Bizim şagirddə psixoloji problem hiss etməmişik, oxuduğu müddətdə başqa uşaqlara qarşı hər hansı neqativ hərəkət etməyib. Şagirdin özü və valideyni məktəbə dəvət olunub, rəhbərlik və psixoloq tərəfindən söhbət aparılıb. Şagirdin dediyinə görə, zarafat etmək məqsədilə edib və çox peşmandır”. Amma hüquq-mühafizə orqanlarına məlumat verilməyib, nəticədə video yayılıb və bu ajiotaj yaşanıb. Saçları rənglənmiş, dırnaqları yarım metrə şagird olur? , Tutaq ki, valideyn laqeyddir, bəs məktəb, müəllim, rəhbərlik görmür ki, uşaq hansı görkəmdə gəlir dərsə?   
Məlum videodakı qızların birinin saçları rənglənib, o birinin dırnaqları adamın gözünü çıxaracaq qədərdir. Və buyurun - biz ailəsini doğrayan əhmədlər, məktəbli qızın alnına təhqir yazan məktəblilər, küçədə ahıl qadına qarşı etik olmayan hərəkətlər edən afiyyəddinlər yetişdirmişik... Qanun varsa, cəza olmalıdır! Cəza varsa, sərt şəkildə icra edilməlidir! Ona görə də cəmiyyətin sosial sifarişi və tələbidir - bir qız uşağını o şəkildə alçaldan, saçını qırxıb onu təhqir edən məktəbli hansısa tənbehlə canını qurtara bilməz, yaxşı cəza almalıdır ki, dərs almış olsun və başqaları da ondan örnək götürsünlər. Onun telefondan istifadə hüququ da əlindən alınmalıdır, sosial şəbəkəyə girişi də qadağan olunmalıdır. Çünki bu cür hadisələr həm də milli təhlükəsizliyə təhdiddir...

Azər Talıbov
Anaxeber.info   

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar