Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"17-ci kolon"da nə baş verir? - Məhbus həbsdən ədliyyə nazirinə yazdı...

29-03-2024, 09:44   






Hazırda məhkumluq yaşayan Əliyev Vahid Ağababa oğlu həbsxanadan ədliyyə naziri Fərid Əhmədova müraciət edib. Anaxeber.info bildirir ki sosial şəbəkələrdə audio yazısı yayılan dustaq Masallıdan olduğunu vurğulayıb. O, 2016-cı ildə həbs edilib və 12 il azadlıqdan məhrum olunub. Məhbus hazırda 17 saylı cəzaçəkmə müəssisəsində həbs həyatı yaşadığını qeyd edib. Dustaq yeni ədliyyə naziri Fərid Əhmədova çağırışında bildirib ki, onun Penitensiar Xidmətin bir neçə cəzaçəkmə müəssisəsinə baş çəkməsinə ehtiyac var. Onun sözlərinə görə, nazir yolun yarısını "voronok"da getməklə nə baş verdiyini, dustaqlara gündə üç dəfə verilən yeməyin bir qaşığını dadmaqla isə hansı keyfiyyətdə qidalar olduğunu özü biləcək: "Ən azı 17 saylı həbsxanaya gəlməsini xahiş edirəm. Bura qarışıq tipli cəzaçəkmə müəssisəsidir. Burada normal yataqxana yoxdur. Dustaqlar 60-ci illərdə istehsalat sexinə aid, havalandırması, işıqlandırması, şəraiti olmayan bir tikilidə saxlanılırlar. Hazırda 250 kvadratlıq yerdə 150-170 nəfər olur".
Məhbus qeyd edib ki,  cənab nazir, məni şəxsən qəbul etsəniz, təkcə buradakı şərait deyil, məhkəmə hakimlərinin ədalətsiz qərarları haqda da sizə məlumat verəcəm: "Bu müraciətdən sonra özümə qarşı hədə-qorxu, təhdid, təzyiqlərin olacağını istisna etmirəm". Məhbus öncədən nazirə təşəkkür edərək, onun bu müraciətə müsbət cavab verəcəyinə ümid bəsləyir.
Göründüyü kimi, Penitensiar Xidmətin CÇM-də dəhşətli vəziyyət hökm sürür. Halbuki dövlət hər il bu sahəyə vəsait ayırır, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, onların ehtiyaclarının qarşılanması, normal qida ilə təmin olunması üçün büdcədən pullar xərclənir. Eyni zamanda, həm qanunvericiliyə, həm beynəlxalq konvensiyalara uyğun olaraq məhbuslarla davranış, onların saxlanma şəraiti yüksək səviyyədə təmin olunmalıdır. Əlbəttə, biz Norveç, Danimarka həbsxanaları təsəvvür edə bilmərik, amma varlı bir dövlət olan Azərbaycanda məhkumların darısqal, havasız şəraitdə saxlamaq, üstəlik, kiçik bir yerə 170 dustağı sığışdırmaq faciəvi mənzərədir. Həmçinin, qida təminatı da normal olmalıdır. Hətta cinayət törətmiş şəxslər olsa belə, onların da öz hüquqları var. Əslində, Penitensiar Xidmətdə olan problemlər uzun illərdir ki, mövcuddur. Burada rüşvət, müxtəlif neqativ halların olması haqda tez-tez ittihamlar səslənir. Hazırda PX rəisi general-mayor Mirsaleh Seyidovdur. Ancaq onun da rəhbərliyi dövründə həbsxanalarda vəziyyət köklü şəkildə dəyişməyib.  Son olaraq elə bu məhkumun gənc ədliyyə nazirinə müraciəti kifayət edir ki, türmələrdə hansı şəraitin olduğunu biləsən. Onu da qeyd edək ki, 2014-cü ildən etibarən Avropa Şurasından Azərbaycanda bir sıra inkişaf layihələrini dəstəkləmək məqsədilə 23 milyon avrodan çox vəsait köçürülüb. Əsasən Avropa İttifaqının büdcəsindən alınan ayrılan bu vəsaitlər, digər məsələlərlə yanaşı, “məhkəmə sisteminin potensialının artırılması”, “kadrların təlimi”, “həbsxana şəraitinə nəzarətin gücləndirilməsi” və “şəffaflığın artırılması və korrupsiyanın qarşısının alınması üzrə fəaliyyət” üçün nəzərdə tutulub.
Son 5 ildə isə dövlət büdcəsindən Penitensiar Xidmətə 640 milyon manat ayrılıb. Yarım milyardı keçən bu vəsait heç də dustaqların saxlanma şəraitinin yaxşılaşmasına səbəb olmayıb, məhkum Vahid Əliyevin müraciətindən bu nəticəni çıxarmaq olar. Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin mövqeyini işıqlandırmağa hazırıq.

Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar