ABŞ dövlət katibi Blinkenin Şərqi Avropaya səfərinin yekunlarına dair

2-06-2024, 09:26   



ABŞ dövlət katibi Blinkenin Şərqi Avropaya səfərinin yekunlarına dair



Cümə günü dövlət katibi Blinken Şərqi Avropaya səfər edib. O, Bayden administrasiyasının Ukraynanın hətta Xarkov vilayətindən kənarda da Rusiya daxilindəki hədəflərə zərbə endirmək üçün Amerika silahlarından istifadə etməsinə icazə verdiyini bildirib. Xəbəri səfər zamanı dövlət katibini müşayiət edən Turan-ın Vaşinqton müxbiri verib.

"Biz vəziyyətə uyğunlaşacağıq", deyə Blinken ABŞ-ın Ukraynanın Rusiyanın dərinliklərindəki hədəflərə hücum etməsinə icazə verib-vermədiyi haqqında suala cavabda bildirib.

"Məqsədyönlü və səmərəli hərəkət etdiyimizdən əmin olmaq istəyirik", deyə diplomat Praqada NATO ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Blinken "vəziyyətə uyğunlaşmaq" ifadəsindən ilk dəfə çərşənbə günü Kişinyovda istifadə edib, ABŞ administrasiyasının Ukraynanın Xarkovdan Rusiyaya cavab zərbələri endirməsinə icazə vermək niyyətində olduğuna eyham edib. 

"İcazə verin aydınlıq gətirim: özünümüdafiə eskalasiya deyil", deyə NATO rəhbəri Yens Stoltenberq cümə günü jurnalistlərə bildirib. "Özünümüdafiə təməl hüquqdur. Ukraynanın öz xalqını qorumaq hüququ və məsuliyyəti var və bizim Ukraynanın özünümüdafiə hüququnu qorumasına kömək etmək hüququmuz var". 

"Əlbəttə, bu, Rusiyanın xoşuna gəlmir", deyə Stoltenberq əlavə edib. "Putin NATO üzrə müttəfiqləri Ukraynanı dəstəkləməkdən çəkindirmək istəyirdi. Ancaq biz geri çəkilməyəcəyik".

ABŞ-ın qərarından sonra cümə günü Almaniya da Ukraynanın alman silahlarından istifadə edərək Rusiyaya zərbə endirməsinə icazə verəcəyini açıqlayıb.

Blinken həmçinin deyib ki, Vaşinqton sammitində Ukraynaya dəstək üçün "güclü paket" ayrılacaq. Bu, Ukraynanı özünümüdafiə resursları ilə lazımi şəkildə təmin etməyə və onun NATO-ya üzvlüyünü yaxınlaşdırmağa kömək edəcək, deyə o bildirib.

Dövlət Departamentinin səfərin yekunlarına dair məlumatında deyilir ki, Blinken ukraynalı həmkarı Kuleba ilə telefon söhbətində ABŞ-ın bu mövqeyini vurğulayıb.

Blinken İordaniya, Səudiyyə Ərəbistanı və Türkiyədəki həmkarları ilə söhbətlərində İsrailin böhrana son qoymaq və Qəzzədə dərhal atəşkəsə nail olmaq üçün təqdim etdiyi üçmərhələli təklifi müzakirə edib.

Blinken qeyd edib ki, HƏMAS sövdələşməni qəbul etməlidir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar