ABŞ Gürcüstan məmurlarına qarşı ilk viza sanksiyaları paketini açıqlayıb

7-06-2024, 11:53   



ABŞ Gürcüstan məmurlarına qarşı ilk viza sanksiyaları paketini açıqlayıb




Cümə axşamı Birləşmiş Ştatlar demokratiyaya xələl gətirilməsinə görə Gürcüstanın hakim "Gürcü arzusu" partiyasının üzvləri, parlamentarilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, habelə fərdi şəxslər daxil olmaqla, onlarla Gürcüstan vətəndaşına qarşı ilk viza sanksiyaları paketini açıqlayıb, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

Bu addım Gürcüstan parlamentinin spikerinin azadlıqları məhdudlaşdıran və ölkənin Avropa İttifaqına daxil olmaq şansını təhlükə altına qoyan "xarici agentlər haqqında qanun"u imzalamasından cəmi üç gün sonra atılıb.

"Dövlət katibi Blinken bu yaxınlarda ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın kompleks şəkildə yenidən nəzərdən keçiriləcəyini bəyan edib. Bu çərçivədə Dövlət Departamenti yeni viza məhdudiyyəti siyasətini tətbiq edib", deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller brifinqdə bildirib.

O, ilk sanksiyalar paketinin şamil olunduğu şəxslərin adlarını açıqlamaqdan imtina edib. "Qanuna əsasən, mənə viza məhdudiyyətlərinin kimlərə şamil olunduğunu açıqlamaq qadağan edilib", deyə Miller Turan-ın müxbirinin sualına cavabda bildirib.

"Yalnız onu deyə bilərəm ki, biz əlavə sanksiyalar tətbiq etməyə hazırıq və bütün digər addımları atacağıq", deyə o, əlavə edib.

Millerin sözlərinə görə, ilk sanksiyalar paketi "toplaşmaq azadlığı hüquqlarının pozulması, dinc etirazçılara qarşı hücum, vətəndaş cəmiyyəti nümayəndələrinin qorxudulması və Gürcüstan hökumətinin göstərişi ilə dezinformasiya yayılması da daxil olmaqla, demokratiyaya xələl gətirilməsində" iştirakı olanlara şamil olunacaq.

Birləşmiş Ştatlar ümid edir ki, Gürcüstan liderləri öz hərəkətlərini yenidən nəzərdən keçirəcək, deyə Miller bildirib. O, əks halda ABŞ-ın əlavə addımlar atmağa hazır olduğu barədə xəbərdarlıq edib.

"Gürcüstan hökumətinin hərəkət etməkdə olduğu trayektoriyanı dəyişdirmək üçün hələ vaxtı var", deyə Miller qeyd edib.

Sanksiyalarla yanaşı, ABŞ Gürcüstana son bir neçə ildə 390 milyon dollar təşkil edən yardımını da yenidən nəzərdən keçirir.

"Gürcüstan necə irəliləmək istədiyi haqqında öz qərarlarını qəbul edə bilər. Biz öz qərarlarımızı qəbul edə bilərik və bu insanların ABŞ-a gəlməsinə icazə verməyəcəyik. Bundan başqa, Gürcüstan daha əvvəl açıqlanmış maraqlara və dəyərlərə zidd siyasət həyata keçirsə, biz bu ölkəyə maliyyə yardımı göstərilməsini yenidən nəzərdən keçirəcəyik", deyə Miller bildirib.

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar