İlqar Musa oğlu – Mənim canlı ENSİKLOPEDİYAM

6-08-2024, 16:04   



Mahir Qabiloğlu


HAŞİYƏ: 20-ci əsrin 90-cı illəriydi. Hər gün səhər-axşam Gömrük Komitəsinin qabağından keçib işə – AzTV-yə gedirdim. Hər dəfə də qapısında adamlar – qara camaat çox olurdu. Fikirləşirdim ki, əgər bura Gömrük Komitəsidirsə, sədrin qəbul günüdürsə formalı, furajkalı gömrükçülər niyə az gözə dəyir? 

Günlərin bir günü özəl televiziyalardan hansısa belə xəbər yaydı. “Qarabağ əlilləri “Oka” markalı əlil maşınını Gömrük Komitəsinin binası önündə yandırıblar”. Nəsə mənə çatmadı... Axı niyə məhz Gömrük Komitəsinin qabağında?  Əlillərin Gömrüklə nə alış-verişi? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nazirlər Kabineti olsaydı, hardasa başa düşmək olardı... “Nəsə tələb ediblər və əməl olunmayıb... Onlar da etiraz əlaməti olaraq  hökumətin hədiyyə etdiyi “Oka” maşınlarını yandırıblar”.  Nəsə mənə qaranlıq qaldı.

Sonra “Xəbərlər”də eşitdim ki, Gömrük Komitəsinin sədri xarici ölkədə səfərdədir.

Əlilləri başa düşdüm.  General-polkovnik, Gömrük Komitəsinin sədri Kəmaləddin müəllim həmişəki kimi onların dərdinə yanmayıb. Daha dəqiq desək, Bakıda olmadığı üçün onların və qapısına pənah gətirən digərlərinin  qarşısına çıxmayıb. Əlillər də sadəcə olaraq incikliklərini bu cür biruzə veriblər. İnanmayıblar ki, Kəmaləddin müəllim idarədə yoxdur. (SON)

Torqovıda – pinəçi Azadın məskunlaşdığı yerin yanında pensioner olmaya-olmaya ömrümün ən gözəl vaxtlarını heyfə verirəm. Arxadan səs gəlir:

- Şeirim qanadlanıb tez tapsın onu,
Qardaşım Mahir Qabiloğlunu.

Səsindən və Səmədvurğunsayağı salamlamasından həmən tanıyıram onu. Çox əvvəldən tanıdığım və “Xalq qəzeti” qəzetində iş yoldaşı olduğum jurnalist həmkarım İlqar Həsənovdur. Düzdü, onu hamı İlqar Musayeviç kimi tanıyır. Amma bunun mənə dəxli yoxdur. Çünki bir dəfə ona bu cür xitab etdim. Həmən sifəti döndü:

- İlqar Musayeviç yox, İlqar Musa oğlu Həsənov.

O gündən  mənimçün o sadəcə, İlqar müəllimdir. Sonra ona bir sual verirəm. Həmin gün Şahin Bağırovu Dövlət Gömrük Komitəsinə rəhbər təyin etmişdilər:

- İlqar müəllim, Şahin Bağırovu tanıyırsan?..

Yazım çox qəribə notlarla başladı. Axı Gömrük Komitəsinin keçmiş sədri Kəmaləddin Heydərovun, Qarabağ əlillərinin ona xüsusi məhəbbətinin İlqar müəllimlə nə əlaqəsi? Yaxud da ki, başlıqdakı Paris Notr-Dam kilsəsi – Viktor Hüqonun, Qvazemoda və Esmiraldanın İlqar müəllimlə nə əlaqəsi? Düzü, özüm də qorxuram ki, Fransadan Bakıya uzanan bu düyünü aça bilməyim. Hördüyüm hörümçək toruna elə özüm düşüm. Amma risk etməyə qərar verirəm. 60 yaşında İlqar müəllimə söz verdiyim yubiley yazısının toruna onun 65 yaşına çatdığı bu günlərdə düşməyimin başqa bir ləzzəti var. Üstəlik ürəyimi də boşaldaram.

BEŞİLLİK FASİLƏYƏ NİYƏ İNDİ SON?

İlqar Həsənov mənim oxucumdur. Diqqətli oxucumdur. Xiridar oxucumdur. Modern.az-da çıxan hər yazıma çox diqqətlə yanaşır. Həmən zəng edib fikrini bildirir – müsbət, yaxud da ki, tənqidi. Hər ikiyönümlü yanaşma mənimçün qiymətlidir. Xüsusilə də tənqidi.

Bu yaxında bədii qiraətçi Ağalar Bayramovun 70 yaşı tamam oldu. Onu 1996-cı ildən – atam Xalq şairi Qabilin 70 illik yubiley tədbirlərindən yaxşı tanıyıram. Daha doğrusu tanıyırdım. Tamam başqa bir məsələylə bağlı zəng etdi mənə. Bu zəngdən sonra  bircə saat lazım oldu ki, ona bir yubiley yazısı ithaf edim. Yazının linkini İlqar müəllimin votsapına  göndərdim. Düz on gün sonra. Həmişəki kimi həmən reaksiya verməmişdi. Bir no vərdiş etmişdim reaksiyasına və fikirlərinə. Amma yenə də zəng gəlmədi. Özüm zəng etdim. “Oxumuşam. Ağalar Feysdə paylaşmışdı” dedi. Vəssalam...

HAŞİYƏ: Atam 1948-ci ildə təyinatla Yardımlı 1 nömrəli, bəlkə də rayonda yeganə olan orta məktəbə Azərbaycan dili və ədəbiyyatı müəllimi göndərilir. Məcburi idi. Getməsəydin və ya qaçsaydın həbs edə bilərdilər. İndi isə heç kimi göndərmirlər. Məcburiyyət yoxdur. Müəllim də çatışmır (elə həkim də...) Fizika müəllimi daha iki yad fənni tədris edir və ya edə bilər. O dövrdə Yardımlı sakini, atamın yaşıdı olan Fəzail Əkbərovu da kimya müəllimi kimi doğma elinə göndərirlər. Təkcə müəllim yox, yardımlının ilk ali təhsilli adamı kimi birbaşa 1 nömrəli məktəbin direktoru. 1948-ci ildən başlanan bu dostluq sonra qohumluq əlaqələriylə davam edir. Yardımlıda bu cür əlaqələr çoxmərtəbəli, çoxbaş olur. Nəhayət isə 1988-ci ildə qudalıq səviyyəsinə çatır.

Günlərin bir günü Fəzail müəllim artıq tanınmış şair Qabili öz doğma kəndinə – Kürəyçiyə aparır. Qəşəng qonaqlıq verirlər şairin şərəfinə, daha doğrusu daha yaxşı tanıdıqları həmkəndliləri Fəzail müəllimin hörmətinə. Sağlıqlar bir-birini əvəz edir. Məclis Qabili tutur. Əlinin sağlığına badə qaldırır, Vəlinin sağlığına badə qaldırır. Məclisdə olan hamının sağlığına badə qaldırır, bircə...

Xülasə, məclis başa çatır. Fəzail müəllimi və şair Qabili ata mindirib yola salırlar. O vaxt öz yerində, indinin özündə də Kürəkçiyə qarda-palçıqda atla gedirlər. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı hələ də bu yerlərə gedib çıxmayıb.

Xülasə, hörmətli qonaqlar qayıdanda gəlib çatırlar sıldırımlı qayaya. Hər iki atın yüyəni də Fəzail müəllimdə olur.  Axı özünü ayıq vaxtı belə yəhərdə güclə saxlayan şəhəruşağının yüyəninin axşam vaxtı, məsti-xumar ona etibar edilməsi dərəyə yuvarlanmaqdan başqa heç nə vəd etmirdi. Elə yer olur ki, Fəzail müəllim atdan enir. Dar cığırlardan atları yerli sakin kimi ustalıqla keçirir.

Nə başınızı ağrıdım. Həmin sıldırımlı qayaya rast gələndə Fəzail müəllim dostu Qabilin atının yüyənini buraxır. At da qalxıb dayanır qayanın başında. Rəssam görsəydi bu səhnəni prototip kimi götürüb, “Koroğlu Çənlibeldə” adıyla tabloya çevirərdi. Qabil ordan dərəyə baxır. Dərədə axan çayın şırıltısı ona ilham, yeni şeir yox, vahimə, ölüm diqtə etməyə başlayır. Bircə addım atılsaydı həm at, həm də o...

- Fəzail, nə edirsən? Atın yüyənini tut!

Fəzail müəllim isə təmkinini pozmadan, həyəcanlanmadan deyir:

- Qabil, səni apardığım, tanış etdiyim məclisdə Əlinin sağlığına badə qaldırdın e... get onu çağır, yüyəni tutsun. Vəlini təriflədin e... get onu çağır köməyinə çatsın. Bircə məndən başqa daha kimlərin, kimlərin sağlığına badə qaldırdın – get onları çağır. Məndən niyə kömək istəyirsən?  (SON)

...başqa heç nə demədi. Yazının harası daha çox xoşuna gəlmişdi – onu da demədi. İradını da bildirmədi. Quru-quru sağollaşdı.

İlqar müəllim məndən incimişdi. 60 yaşında yazmamağım bir yana... Borcumu faizi ilə daha beş il böyütmüşdüm. Oxucuda “Mahir, başa düşmədik, İlqar müəllimə borcunmu var idi ki, hələ üstünə faiz də gələ?” sualı yarana bilər. Bəli! Ən azından ilk romanım olan “Cəncəhim” və “İtbaşı” roman-trilogiyamın yazılmasında o, böyük rol oynayıb. Mövzu verib mənə. Mənim Notr-Dam kilsəmə çevrilib.

Haşiyə: Klassik yazıçı Viktor Hüqo günlərin bir günü Notr-Dam kilsəsinə gedir. Təsadüfən gözü kilsənin divarında cızılmış “Tale” yazısına tuş gəlir. Məhz bu bircə söz onu düşündürür. Dünyaşöhrətli “Paris Notr-Dam kilsəsi” romanını yazdırır ona təkcə bir söz.  (SON)

İlqar müəllimin mənə nəql elədiyi Hüqosayağı “Tale” kodlarından danışmayacağam. Yazdığım romanlar kimi çox təhlükəli və biabırçı mövzudadır. Bu kodu açmaq üçün heç mənim də romanlarımı oxumayın. Çünki yazdığıma özüm də peşman olmuşam. Yazdıqlarımı indi başa düşürəm.

İlqar müəllim ensiklopedik biliyə malik insandır. Ensiklopediyalar isə məhdud sahələr üzrə yazılır. Azərbaycanın ən yeni tarixində nə qədər vəzifəli, tanınmış adam varsa ondan soruşun... İlqar müəllim yeddi arxa dönəni barədə sizə məlumat versin. Amma...

HAŞİYƏ: “Xalq qəzeti” ndə işlədiyim vaxtlardır. İlqar müəllimlə dəhlizdə rastlaşırıq. Bilmirəm hardan söhbət düşür... Deyirəm ki, bəs Hacıbala Abutalıbov prezident Heydər Əliyevin sərəncamı ilə yox, FƏRMANıyla Bakı şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub. “Düz demirsən! Ola bilməz! Vəzifəli adamlar yalnız prezident sərəncamıyla təyin olunurlar!” deyə səsi dəhlizi götürür. Sakitləşmir. Elə mənim yanımda telefonla əvvəllər “Xalq qəzeti”ndə işləmiş, hazırda Prezident kitabxanasında çalışan dostumuz Nazim Mustafaya zəng edir.

- Nazim, qadan alım, Mahir belə bir söz deyir. Ola bilməz. Sən canın bir bax. Gör düz deyir?

Beş dəqiqə keçir. Bu zaman ərzində İlqar müəllim özündə deyil. Çox həyəcanlıdır. Necə yəni Mahir – dünənin uşağı... Nazim müəllimdən zəng gəlir. İlqar müəllim mənim informasiyamın düz olduğunu telefonun o biri başından eşidir. (SON)

... İlqar müəllim, gec də olsa deyim. Birdən kiminləsə mərcə girib, qonaqlıq uduzarsan.  Nəinki Hacıbala Abutalıbov, Ramil Usubov da Prezident Heydər Əliyevin sərəncamıyla yox, fərmanıyla daxili işlər naziri təyin olunub. Nazim Mustafaya zəng etmə. “Xalq qəzeti“ redaksiyasının 5-ci mərtəbəsində çərçivədə divara vurulan “Bakinskiy raboçiy“ qəzetinin o dövr nüsxəsinə bax. Mən isə mərc eləmədiyimə görə peşmanam. Sonrakı peşmançılıq isə yalnız yubiley yazısının bir haşiyəsinə çevrilə bilər.

Evi kirayə vermişəm. Bağda qalan vaxtlarımdır. Şortiklə, ayağımda tapıçka – İnformasiya şöbəsinin müdiri, redkollegiyanın üzvü kimi vəzifə tutan mən – gəlib girmişəm “Xalq qəzeti”nin baş redaktoru, dostum-qardaşım Həsən Zal oğlu Həsənovun kabinetinə. Otaqdan çıxanda İlqar müəllimlə üz-üzə gəlirəm:

- Mahir, qadan alım, ayıbdır e... Həsən müəllim “Xalq qəzeti”nin baş redaktorudur. Nəinki onun otağına, heç redaksiyaya da bu formada gəlməməlisən. Başa düşdün?

İlqar müəllim unikal adamdır. Mənim kimi yazı-pozu adamları üçünsə mövzudur danışdıqları. Onsuz da gözəl tanıdığım deputat, atamın dostu Eldar Quliyev haqqında verdiyi biliklər isə başqa bir aləmdir. Bu parlament seçkiləri dönəmində bildiklərini yazıya çevirsə deputatlığa namizəd Eldar Quliyev üçün ən gözəl təbliğat ola bilər.

Avqustun 21-də İlqar müəllimin 65 yaşı tamam olur. Qərara almışam ki, bundan sonra onun verdiyi mövzularda yazdığım hekayə və romanların başlığından sonra belə bir cümlə yazım: “Dostum İlqar Musa oğlu Həsənova ithaf edirəm”. Proloqu dedim. Xalq şairi Qabilin “Səhv düşəndə yerimiz” şeirindən bu bənd isə nə proloqdur, nə də final.

Küt bıçaq parıldayıb,

Xırçıltı salıb.

Qılınc qında pas atıb,

Qında korşalıb.

Heyf... korşalırırq biz

Səhv düşəndə yerimiz.
 

İlqar müəllim artıq korşalıb. Yox. Elə bilməyin ki, qocalıb.

Üç il qabaq dostum, 1992-ci ildə Bakı Süd Kombinatında bir şöbədə işlədiyim Şahin Bağırovu Dövlət Gömrük Komitəsinə rəhbər təyin etmişdilər. Mən bu xəbəri eşidəndə Torqovı küçəsində idim. Ruh yüksəkliyi vardı məndə. Nəsə yüksək maaşlı (2000-2500 manat) ən aşağı vəzifə yox, sadəcə mətbuat xidmətində iş gözləyirdim ondan. Bu zaman İlqar müəllimin blokdan çıxdığını gördüm. “Şeirim qanadlanıb tez tapsın” girişini elə ağzında qoydum:

- İlqar müəllim, Şahin Bağırovu tanıyırsan? – deyə sual verdim.

- Yox. O kimdi?

- Tərcümeyi-halında Gəncədə anadan olmağı yazılıb. Neujeli tanımırsan?

- Yox, – deyib yoluna davam edir.

Pərt oluram. Sanki İlqar müəllim atam şair Qabili tanımamışdı. Axı Şahin Bağırov Gəncədə anadan olmuşdu. Ən azı və ya çoxu onun həmyerlisi sayılırdı. Bir anlıq “İlqar müəllim, Kəmaləddini tanıyırsanmı?” sualını vermək istəyirəm. Amma sualı səsləndirmirəm. Ən azından Fəttah Heydərovdan başlayıb Tale Heydərovda qurtaracağını dəqiq bilirəm.

Bir tərəfdən isə heç korşalmaq sözü də yerinə düşmür. Axı indiki əksər vəzifəliləri nəinki 65 yaşlı İlqar müəllim, daim inkişafda olan, əsrimizin yeniliyi, müasirlik rəmzi “Google” və internet də tanımır. Gömrük Komitəsinin qabağında əlil maşını da yandırmırlar. İndi Qarabağ əlilləri özlərini yandırırlar.

İlqar müəllimin avqustun 24-də 65 yaşı tamam olur. Pensiya yaşına çatır. Amma əksəriyyət yaşıdlarından fərqli olaraq yaddaşı saat kimi işləyir. Onu ən yeni tariximizin ensiklopediyası adlandırıram. O həm də mənim Notr-Dam kilsəmdir. Jurnalist kimi fəaliyyəti də öz yerində...

Ürəyimi azca da olsa boşaltdım. 70-ə hazırlaşmağa başlayıram bugündən. Təbrik yazıma Səməd Vurğun və İlqarhəsənovsayağı nöqtə qoymaqla:

- Yazım qanadlanıb tez tapsın onu,
Qardaşım İlqar Musa oğlunu.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.