Aprelin 28-də Azərbaycanın bir qrup siyasi partiya, vətəndaş cəmiyyəti nümayəndəsi və ziyalısı Müsavat Partiyasının mərkəzi qərargahında toplantı keçirib.
Rusiya təhlükəsinə həsr olunmuş toplantıda Azərbaycan xalqına müraciət qəbul olunub.
Müraciətdə deyilir: ““Rus təhlükəsi” real geosiyasi hadisədir. Putin və onun Gömrük-Avrasiya İttifaqı formasında həyata keçirilən Rusiya ekspansionizmi beynəlxalq təhlükəsizlik və ilk növbədə SSRİ məkanında yaranmış müstəqil dövlətlər, o cümlədən Azərbaycan Respublikasının müstəqilliyi və demokratik inkişafı üçün təhdiddir.
Azərbaycana hərbi müdaxilə, federallaşma, Qarabağ problemi və analoji xarakterli digər problemlərin yaradılacağı ilə hədələmə yalnız şantaj olmayıb rus ekspansionizmi və müstəmləkəçi revanşın uğur qazanacağı halda dövlətçiliyimizin məhv edilməsini şərtləndirən perspektivdir. Azərbaycanın bu şantajlara boyun əyib Gömrük İttifaqı və Avrasiya İttifaqına qoşulması onu təhlükələrdən xilas etmir, əksinə, təhlükələri daha da dərinləşdirir. Gömrük-Avrasiya İttifaqı Qarabağın və federallaşma adı altında digər ərazilərimizin itirilməsi, Azərbaycanın türk-islam dünyasından təcrid edilməsi, çağdaş sivilizasiyalı mədəniyyətlər səviyyəsinə çatma, demokratikləşmə perspektivinin birdəfəlik və ya uzun müddətə ləngidilməsidir”.
Müraciətdə qeyd olunur ki, rus təhlükəsi Azərbaycandakı daxili ictimai-siyasi situasiyadan irəli gələn vəziyyətlə ağırlaşır. Müraciət 7 bəndlik çağırışla bitir. Müəlliflər yaranmış situasiyada təslimçi əhval-ruhiyyə daşıyıcılarına qarşı açıq və prinsipial hüquqi savaş aparılmasını istəyirlər. Onların fikrincə, milli konsolidasiya – milli barışıq və daxili siyasi qarşıdurmaların bütün sahələrdə yumşaldılmasını tələb edir, bunun üçün böyük siyasi amnistiya elan edilməli, bütün siyasi dustaqlar dərhal azadlığa buraxılmalıdır.
Ziyalılar, siyasi partiya və vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycanda demokratik islahatlara, azad, ədalətli seçkilər keçirməyə çağırırlar.