[media=http://www.youtube.com/watch?v=S7-ap3_0-Tc]
Toyuqlara verilən yemlər də təbii yox, geni dəyişdirilmiş məhsullar olur ki, bu da insan sağlamlığı üçün olduqca təhlükəli hesab olunur
Azərbaycana quş yemi əsasən xaricdən idxal olunur. Deyilənə görə, məhsulun maya dəyərinin 65 faizini yem və yem əlavələri təşkil edir. Bu səbəbdən də broyler təsərrüfatları az xərclə məhsuldarlığa nail olmağa can atırlar. Vasitə kimi də genetik modifikasiya olunmuş məhsullara, kimyəvi maddələrə üz tuturlar. Ölkə qanunvericiliyi heyvan yemləri üçün genetik modifikasiya olunmuş məhsulların, yəni bu cür yemlərin gətirilməsini qadağan etsə də, məlumata görə, quşçuluq fabrikləri bir çox hallarda buna əməl etmirlər. Nəticədə təbii yolla toyuğun böyüməsinə 12-16 həftə vaxt tələb edildiyi halda, broyler təsərrüfatlarında toyuqlar 4 həftə ərzində az qala 2 kiloqrama çatırlar.
Məsələ ondadır ki, yerli quşçuluq fabriklərində çalışan işçilər çox vaxt bu səbəbdən toyuq əti yeməkdən imtina edirlər. Uzun müddət Bakıdakı broylerlərdən birində çalışan xanım, bunları təsdiqləyərək bildirib ki, onun işlədiyi fabrikdə vəziyyət olduqca acınacaqlı olub. Belə ki, toyuqlara tez böyüməsi və kökəlməsi üçün lazım olan normadan daha çox dərmanlar vurulub. Ona görə də dərmanlar hesabına kökəldilərək satılan toyuq ətini evlərinə aparmaqdan imtina ediblər. Üstəlik toyuqlara verilən yemlər də təbii yox, geni dəyişdirilmiş məhsullar olur ki, bu da insan sağlamlığı üçün olduqca təhlükəli hesab olunur. Yəni, müxtəlif xəstəliklərə yol açır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Analitik.az-a dedi ki, hazırda Azərbaycana quş yemləri əsasən Cənubi Amerika ölkələrindən gətirilir: "Xüsusən Argentina, Braziliyadan gətirilən və toyuqlara verilən yemlər genetik modifikasiya olunan yemlərdir. Bu azmış kimi, Azərbaycanda geni dəyişdirilən qarğıdalı əkilirək broylerlərə yem olaraq verilir. Bu, bizi çox narahat edir. Üstəlik broyler toyuqlarının 30 günə yeməli vəziyyətə gəlməsi, quşçuluq fabriklərində baytarlıq dərmanları qalıqları ilə bağlı tədqiqatın aparılmaması, heç bir müstəqil laboratoriyanın olmaması, yalançı sertifikatların verilməsi problemlərdən xəbər verir. Biz Azərbaycanda heç bir laboratoriyada baytarlıq dərmanlarının qalıqlarını müəyyən edə bilmərik. Nə qədər ki, antibiotikləri müəyyən edən müstəqil laboratoriya yoxdur, nə qədər ki, bu sahədə şəffaflıq yoxdur, bu məsələ qaranlıq olaraq qalacaq. Qaranlıq məsələlərdə də həmişə şübhələr olur.”
Ekspert bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən əksər broylerlərdə arzuolunmaz vəziyyət mövcuddur: "Bütün broylerlər eyni standart üzrə hərəkət edir. Kim tez toyuq yetişdirəcək, kim tez bazara məhsul çıxaracaq, bu xətt üzrə çalışırlar.”
Eyyub Hüseynov onu da vurğuladı ki, hazırda ölkədə qida təhlükəsizliyi nişanının verilməsi üçün tələblərə cavab verən müəssisə tapılmır: "Azad İstehlakçılar Birliyi 1 ildir ki, USAİD-in maliyyə dəstəyi ilə layihə həyata keçirir. Bəzi müəssisələrə Azərbaycan istehlakçılarıının qida təhlükəsizliyi nişanını tətbiq etmək istəyirik. Təsəvvürünüzə gətirin ki, ölkəmizdə təhlükəsiz qida istehsal edən broyler fabriki tapmamışıq ki, ona təhlüksəsiz qida nişanı verək. Belə bir nişan artıq dövlət qeydiyyatına alınıb. Bu nişan veriləndə artıq həmin müəssisədə təhlükəsiz qida istehsal olunduğu təsdiq olunacaq. Biz onun lobbiçiliyini aparacağıq. Təəssüf ki, belə bir müəssisə hələ yoxdur.”
Xatırladaq ki, alimlərin araşdırmasına görə, bütün dünyada, eləcə də Avropa ölkələrində quşçuluq təssərrüfatında istifadə edilən yemlərin tərkibinə 59 adda dərman vurulur. Bu dərmanların çoxu antibiotik təsirli olur ki, toyuqlar həm tez kökəlsin, həm də xəstələnməsin. Halbuki 2002-ci ildə BMT-nin qəbul etdiyi Karfagen Biogüvənlik Protokolu broylerlərdə dərmanlardan kütləvi şəkildə istifadəni qadağan edir. Standartlara görə, ətlik toyuqlar kəsimə gedəcəksə, 7 gün əvvəl antibiotik və dərmanlı qidaların onlara verilməsi dayandırılmalıdır. Buna səbəb insanların sağlamlığını nəzərə almaqdır. Amma təəssüf ki, çox vaxt bu qaydalar nəzərə alınmır.
Bir qədər əvvəl də Anailitik.az xəbər vermişdi ki, broylerlərdən birində toyuqlar satışa göndərilməzdən əvvəl onların bud nahiyəsinə və ağ ətinə şprislə xüsusi maddə yeridilir. Bu isə toyuğun öz real çəkisindən 300-500 qram artıq çəkidə olmasına səbəb olur. Hətta xüsusi maddənin sayəsində toyuğun çəkisini öz xalis çəkisindən bir neçə kiloqram artırmaq da mümkündür.