Türkiyə ilə sərhəddə yerləşən Kobani şəhərində “İslam Dövləti” (İD) qruplaşması ilə kürd silahlıları arasında ağır döyüşlər davam edir.
“İslam Dövləti”yaraqlıları şəhərin bir neçə məhəlləsini və strateji yüksəkliyi əllərində saxlayırlar. ABŞ-ın və koalisiya qüvvələrinin hava zərbələri İD-in irəliləyişini zəiflətsə də qarşısını ala bilməyib.
Şənbə günü Amerika aviasiyası havadan Kobaninin müdafiəçiləri üçün silah, sursat və tibbi ləvazimatla dolu bağlamalar tullayıb. Lakin bağlamaların bir qisminin İD yaraqlılarının əlinə keçdiyi bildirilir.
Xarici ölkələrdən dəstək almasına baxmayaraq, kürdlər İD-ə qarşı uğurla müdafiə oluna bilmirlər. Rəsmi Ankara silahlı İraq kürdləri – peşmərgələrin Türkiyə ərazisindən keçərək Kobaniyə girmələrinə icazə verib.
Qonşu İraqda da İD qüvvələri şimala doğru irəliləməkdə davam edir. İraq ərazisinin xeyli hissəsinə, o cümlədən Suriya ilə sərhəddə yerləşən Əl-Ənbar əyalətinə nəzarət edən terrorçuların İranla sərhəddə yerləşən Qara-Topax şəhərinə hücum etdikləri barədə məlumat yayılıb.