“Yeni federasiyamız yaranan kimi bu xəbərlər yayıldı”; Paintball Federasiyasının rəhbəri Əli Hüseynli imiş...
Musavat.com saytı etibarlı mənbəyə istinadən Bakıda İŞİD-in təlim mərkəzinin olması haqda xəbər yayıb. Məlumata görə, Bakı şəhərinin Keşlə qəsəbəsindəki “Baku Paintball Center”dəki atıcılıq meydanı radikal qruplaşmalar tərəfindən təlim mərkəzi olaraq istifadə edilir.
Adıçəkilən mərkəzdə vəhhabilərin İŞİD-çi dəstələri formalaşdırdıqları iddia olunur. Mənbənin bildirdiyinə görə, günün müəyyən zamanlarında sələfi təriqətinin nümayəndələri mərkəzin atıcılıq meydanında təlim keçirlər. Beləliklə də onlar gələcək döyüşlərə hazırlaşırlar.
Bu xəbər sosial şəbəkələrdə də müzakirəyə səbəb olub. “Baku Paintball Center”in facebook səhifəsində isə bu məsələ cəfəngiyat adlandırılıb və məsələyə belə izah verilib ki, təzəlikcə “Baku Paintball Center”in də yer aldığı Paintball Federasiyası yaranıb və bundan dərhal sonra onlarla bağlı belə bir xəbər yayılıb. ““Baku Paintball Center”ın səhifəsində narahatlığa heç bir əsas olmadığı da yazılıb: “Narahat olmayın, hər şey öz qaydasındadır”.
Əməkdaşımızın araşdırması zamanı bəlli olub ki, Paintball Federasiyasının prezidenti deputat Əli Hüseynlidir. Onun “Baku Paintball Center”də atıcılıqla məşğul olarkən fotosunu da əldə etmişik.
“Baku Paintball Center”in səhifəsində belə bir xəbər də cəmi bir gün öncə yerləşdirilib: “Dostlar artıd Paintball Federasiyamız yarandı! Azərbaycan Respublikası Paintball Federasiyasının Avropa Paintball Federasiyasına tam hüquqlu üzvlüyünü təsdiq edən üzvlük sertifikatı Avropa Paintball Federasiyasının vitse-prezidenti Viktor Toqayev tərəfindən Azərbaycan Paintball Federasiyasının prezidenti Əli Hüseynliyə təqdim edilmişdir. Azərbaycan Paintball Federasiyası eyni zamanda Avropa Paintball Federasiyasının Azərbaycandakı bütün rəsmi münasibətlərini tənzimləyən rəsmi orqan kimi tanınır. BÜTÜN PAİNTBALLÇILARI TƏBRİK EDİRİK!
Azərbaycan Paintball Federasiyası gələcəkdə Azərbaycan Paintballçılarının Avropa və dünya çempionatlarında iştirakını təmin etmək hüququ qazandı. Hər birimizə uğurlar!”.
Biz bu münasibəti də obyektivlik naminə dərc edirik. Eyni zamanda bildiririk ki, “Baku Paintball Center”in radikal dini qrupların nəzarətində olması müsavat.com-a sağlam mənbədən verilib.
Hesab edirik ki, yenicə yaranan Federasiyanın prezidenti, hörmətli Əli Hüseynli bu məsələni ciddi şəkildə araşdıracaq.