Ankara-İrəvan münasibətlərində şok gəlişmə
Qardaş ölkənin paytaxtında sərhədlərin açılmasının lobbiçiliyinə yönəlik beynəlxalq konfrans işə başlayıb; Ərdoğan iqtidarı 2015 bədnam yubiley ilini Azərbaycanı qurban verməklə adlamaq istəyir; “Sürix protokolları”nın memarlarından olan sabiq səfirin də adının hallandığı forum Qərbin böyük “Yol xəritəsi” çərçivəsində xəyanət hazırlıqlarından birimi?..
2015-ci il yaxınlaşdıqca Türkiyə hökuməti saxta erməni soyqırımı ilə bağlı ön hazırlıqları tədricən gücləndirir. Söhbət Ermənistandan getdiyindən, təbii ki, bu proses Azərbaycanda da ən müxtəlif səviyyələrdə və diqqətlə izlənməkdədir. Müşahidələr göstərir ki, qardaş ölkə iqtidarı qondarma “genosid”in 100 illiyini “minimum itki” ilə adlamaqdan ötrü həm effektli preventiv tədbirlər üzərində çalışmaqda, həm də hücum və “xalq diplomatiya”ların önəm ayırmaqdadır.
Önləyici tədbirlərdən biri kimi baş nazir Əhməd Davudoğlunun yeni postda fəaliyyətə başlar-başlamaz özünə erməni əsilli Türkiyə vətəndaşını müşavir təyin eləməsini göstərmək olar. Davudoğlu bu xüsusda bəyan edib ki, Ankara Ermənistanla münasibətlərdə daha aktiv kurs götürməyi planlaşdırır.
Bir sıra təhlilçilər “daha aktiv kurs” dedikdə Ermənistanla sərhəd məsələsinin hansısa mərhələdə həllinin də nəzərdə tutulduğunu güman edirlər. Onların qənaətincə, Bakıya verilən çoxsaylı vədlərə rəğmən, Ankara hər halda, sərhədləri açmalı olacaq. Özü də bu, çox uzaq bir perspektivdə də yox, üzümüzə gələn il ərzində reallaşa bilər.
****
Belə görünür, sərhəd məsələsi artıq gündəmə gətirilib. Bu gün qardaş ölkənin baş kəndində Azərbaycan-Türkiyə münasibətlərinə çat sala biləcək, hətta iki qardaş ölkənin arasını vuracaq tədbir öz işinə başlayıb: Ankara Universitetində düzənlənən və iki gün (22-23 noyabr) sürəcək konfrans “Möhürlü qapı: Türkiyə - Ermənistan sərhədinin gələcəyi konfransı” adlanır.
Əldə etdiyimiz bilgilərə görə, tədbir əsasən İstanbuldakı Qrant Dink Vəqfinin təşkilatçılığı və dəstəyi ilə (Qrant Dink İstanbulda nəşr olunan “Aqos” ermənidilli qəzetin erməni redaktoru olub, 2007-ci ildə qətlə yetirilib) reallaşır. Forumun işində Türkiyə, Ermənistan, ABŞ və Fransadan tanınmış politoloq, konfliktoloqlar, iqtisadçı-ekspertlər, siyasətçilər iştirak edir.
Tədbirin “bilim kurulu” (ekspert heyəti) isə aşağıdakı tanınmış və nüfuzlu şəxslərdən ibarət qurulub:
Asaf Savaş Akat (Bilgi Universiteti, Türkiyə),
Aleksandr İsgəndəryan (politoloq, Ermənistan),
Əhməd İnsel (Qalatasaray Universiteti, Türkiyə),
Raymond Geforkyan (Paris Universiteti, Fransa),
Fuat Keyman (Sabancı Universiteti, Türkiyə),
Jirayr Liparidyan (Miçiqan Universiteti, ABŞ),
H. Neşe Özgen (Mimar Sinan Universiteti, Türkiyə),
Volkan Vural (TÜSİAD, Türkiyə) –Aydın Doğanın köməkçisi,
Tomas de Vaal (Kornegi Fondunun aparıcı eksperti, “Qara Bağ” kitabının müəllifi, ABŞ)
Göründüyü kimi, siyahıda Azərbaycandan heç kim təmsil olunmayıb. Hərgah, tədbirin öz fikrini bildirmək istəyən istənilən ekspert və ya publisist üçün açıq olduğu da bildirilir...
****
Konfransın proqramı ilə ilkin tanışlıqdan belə təəssürat yaranır ki, iki günlük müzakirələr müstəsna olaraq sərhədlərin açılmasının vacibliyi yönündə gedəcək. Tədbir bütövlükdə məsələnin pozitiv həllinin lobbiçiliyinə həsr olunacaq. Proqramın giriş hissəsində əksini tapmış tezislər və əsas çıxışçıların siyahısında yer almış məşhur isimlərin bəlli mövqeləri, onların arasında Azərbaycandan heç kəsin yer almaması bu ehtimalı gücləndirir.
Konkretlik üçün qeyd edək ki, sənədin giriş hissəsində sərhədlərin 1992-ci ildən – Kəlbəcərin işğalından sonra qapalı qalmasının bölgəyə “neqativ təsirləri”dən daha çox danışılır. Eyni zamanda konfrans iştirakçılarının cavab tapmalı olacaqları suallar əsasən sərhədlərin açılmasının “pozitiv təsirləri” üzərində qurulub. Qısası, tədbir üçün yönləndirici bir gündəmin formlaşdırıldığını söyləmək mümkündür.
O da bildirilir ki, konfransın sənədləri 2015-ci ildə Qrant Dink Vəqfi tərəfindən yayımlanacaq.
*****
Çatan bilgilərə görə, konfransa Türkiyənin ölkəmizdəki sabiq səfiri (2001-2004) Ünal Çeviköz də qatılacaq. Bu yerdə yada salaq ki, tədbir ərəfəsində - ötən həftə sayın Çeviköz “Hürriyet” qəzetindəki yazısında Ermənistan siyasi-ekspert dairələrində rəğbətlə qarşılanan fikirlər işlətmiş, Türkiyəni “Qafqazdakı lider rolunu bərpa etmək üçün yeni təşəbbüslə çıxış etməyə, situasiyanın dalandan çıxmasına yardım göstərməyə” çağırmışdı.
İstefada olan diplomat yazmışdı ki, bunun yolu Ermənistanla sərhədləri açmaqdan keçir. Sitat: “Opponentlər deyir ki, Türkiyənin Ermənistanla sərhədləri bağlı saxlaması Qarabağ məsələsində Ermənistana təzyiqdir. Lakin 20 ildə Ermənistan Azərbaycanla razılaşmaya məcbur edilməyibsə, bu, necə təzyiq rıçaqıdır?” Onun zənnincə, sərhədlərin açılması Ermənistana böyük fayda gətirməklə yanaşı, ona daha ciddi təsir rıçaqı olacaq: “Türkiyə sərhədlərini tədricən açmaqla qonşularını yeni danışıqlara həvəsləndirə bilər. Ardınca Qarabağ prosesindəki irəliləyişi qiymətləndirərək sərhəd məsələsini daha funksional alətə çevirər”.
Keçmiş diplomat hesab edir ki, Türkiyə Cənubi Qafqazdakı bütün oyunçulara “bərabər yanaşmalıdır”, yəni həm Azərbaycan, həm də Ermənistandan bərabər məsafədə dayanmalıdır: “Yalnız bu yolla o, ədalətli vasitəçi imici formalaşdırmaldıdır. Türkiyənin regiondakı önəmini nümayiş etdirməyin vaxtı çatıb. Əgər Türkiyə belə qətiyyət nümayiş etdirsə, Ermənistanla Azərbaycan da onun yolunu davam etdirə bilər”.
Arayış üçün bildirək ki, Çeviköz Bakıdakı diplomatik missiyasının bitirdikdən sonra Türkiyə XIN-də idarə rəisi vəzifəsində çalışıb. 2007-2010-cu illərdə o, XIN-in Siyasi Planlaşdırma İdarəsinin direktoru olub və həmin postda ikən - 2008-ci ildə İsveçrənin Bern şəhərində Ankara-İrəvan gizli danışıqlarında Türkiyə nümayəndə heyətinə rəhbərlik edib. Ayrı sözlə desək, sərhədlərin qeyd-şərtsiz açılmasını nəzərdə tutan “Sürix protokolları”nın memarlarından olub.
Doğrudur, indi o, rəsmi şəxs sayılmır, lakin qısa və “zəngin” bioqrafiyasından aydınca görünür ki, hökumətə yetərincə yaxın adamdır və belə görünür, onun da xeyir-dua verdiyi bir törənlə (konfrans “Hürriyet”dəki müsahibədən bir neçə gün sonraya təsadüf edir) Türkiyə ictimai rəyinin sərhədlərin açılmasına hazırlanması prosesi başlayıb. Təbii ki, bu işdə Ərdoğan-Davudoğlu komandasının xəfif razılığı da olmamış deyil.
*****
Belə çıxır ki, prezident Rəcəb Tayyib Ərdoğanın bu ilin sentyabrında Bakıda verdiyi bəyana rəğmən, qardaş ölkə hökuməti sərhədlər məsələsində Azərbaycanın köklü maraqlarının ciddiyə alınmadığı hansısa gizli plan, yaxud “Yol xəritəsi” ilə ilgili hazırlıqlar içindədir. Zatən, Azərbaycan əleyhinə altdan-altdan bu kimi “Yol xəritə”lərinin mövcudluğu və mümkünlüyü barədə “Yeni Müsavat” olaraq zaman-zaman yazmışıq. Bir daha bəzi məqamlara diqqət yönəltməyin yeri var.
Məsələ ondadır ki, xeyli vaxtdır Birləşmiş Ştatların patronajlığı ilə Türkiyə ilə Ermənistanı barışdıracaq böyük anlaşmanın - “Yol xəritəsi”nin reallaşması yönündə cəhdlər edilir. Bundan ötrü hətta Türkiyə və Ermənistanda gizli təşəbbüs qruplarının yaradıldığı da yayılan xəbərlər sırasındadır. 2015-ci ilə hədəflənmiş bu planın qayəsində isə sərhədlərin saxta soyqırımın 100 illiyinədək (!) açılması, yəni 5 ildir dondurulan (2009) “Sürix protokolları”nın nəhayət ki, reallaşdırılması dayanır.
Amerikanın hədəfi bəllidir: Vaşinqton Ermənistanı iqtisadi-ticari cəhətdən Türkiyəyə daha sıx bağlamaqla onu Rusiyadan aralamaq və daha müstəqil söz sahibinə çevirmək, paralel surətdə Kremlin Güney Qafqaza yönəlik təhlükəli layihələrini əngəllmək istəyir. Ağ Ev (Qərb) bununla həmçinin, bədnam 100 illiklə bağlı özünə qarşı erməni təzyiqlərini neytrallaşdırıb bölgədəki əsas müttəfiqi Türkiyəyə daha əlverişli bir durum, daha əlverişli manevr imkanı qazandırmağa çalışır. Türkiyə ilə münasibətlərdə problemli məsələlərin azalması isə Amerikaya (Qərbə) ən əvvəl Yaxın Şərqin daha böyük problemlərinin yoluna qoyulması, yeni çağırışlar üçün vacibdir.
Ankaranın konkret dividentlərinə gəlincə, Türkiyə bu zaman saxta soyqımın 100 illiyindən dolayı gözlənilən güclü pressinqdən qurtulmaqla yanaşı, Çeviközün iddia elədiyi kimi, Ermənistana müəyyən təzyiq rıçaqı əldə edə və Qarabağ məsələsində neytral vasitəçi imici qazana bilər.
Bəs, Azərbaycanın uduşu, bəs Qarabağ, işğal məsələsi necə olsun? Sual da elə budur.
****
Maraqlıdır ki, konfransın açılış günü ABŞ-n vitse-prezidenti Co Bayden beynəlxalq energetika tədbirinə qatılmaq üçün İstanbula gəlib, Türkiyənin rəhbər şəxsləri ilə görüşüb. Bəlkə də təsadüfdür, ancaq yüz faiz diqqət çəkən təsadüfdür. Nədənsə belə “təsadüflər” son vaxtlar yaman artıb.