23 il öncə bu gün Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olundu. Məhz bundan sonra Qarabağda onsuz da münasibətləri pis olan ermənilər və azərbaycanlılar arasında vəziyyət daha da gərginləşdi.
Beləliklə, separatçıların əsas təbliğat vasitəsi bəlli oldu və Bakı düşmən seçildi. Tezliklə Qarabağda hərbi əməliyyatlar özünün aktiv mərhələsinə çatdı. Tarixin məhz bu dövrünü onun şahidi olan və Qarabağdakı proseslərdə yaxından iştirak edən jurnalist Kərim Kərimli ilə yada salmağa çalışdıq.
- Siz həmin hadisələr zamanı Dağlıq Qarabağda olmuşunuz. Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğvi nə dərəcədə düzgün idi?
- Məncə, düzgün deyildi. O zaman Ayaz Mütəllibovun imzaladığı və mənim bir qədər əvvəl Feysbuk səhifəmdə diqqətinizə çatdırdığım Azərbaycan Respublikası Ali Sovetinin (onda hələ Milli Məclis yox idi) qəbul etdiyi "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında" Azərbaycan Respublikasının Qanununun preampula hissəsində həmin qanunu əsaslandırmaq üçün uzun-uzadı səbəblər göstərilib və qeyd edim ki, bu arqumentlər tamamilə doğrudur. Lakin, o zaman Azərbaycan o qərarı müdafiə edəcək, onun arxasında dayanacaq gücdə deyildi. Təsadüfi deyildi ki, həmin qərardan, demək olar ki, dərhal sonra, yəni səhəri gün - 1991-ci il noyabrın 27-də Mixail Qorbaçovun təkidi və rəhbərliyi ilə SSRİ Dövlət Şurası Azərbaycanın həmin qərarının Konstitusiyaya zidd olduğunu elan etdi. Məlum məsələ idi ki, həmin dövrdə regionda hegemonluq edən qüvvələr SSRİ-yə, başqa sözlə, Rusiyaya məxsus idi. Gedən proseslər və Ermənistanın Azərbaycana qarşı bütün təcavüzkar addımları da Moskvadan idarə olunurdu.
Digər tərəfdən, Azərbaycan və onun o zamankı fərsiz rəhbərləri 1988-ci ildən həmin vaxta qədər əlimizə düşən bütün fürsətləri əldən buraxa-buraxa gəlmişdilər və artıq DQMV-nin ləğv edilməsi addımının atılmasının vaxtı keçmişdi. Unutmaq lazım deyildi ki, ona qədər, daha konkret desək, həmin il sentyabrın 2-də Dağlıq Qarabağda birbaşa Rusiyanın təsiri, köməyi-dəstəyi və Ermənistanın da yaxından iştirakı ilə qondarma “Dağlıq Qarabağ Respublikası” elan edilmişdi. Üstəgəl, separatçı və işğalçıların “Şimali Dağlıq Qarabağ” adlandırdıqları keçmiş Şaumyan (kənd) rayonunun (hazırda Goranboy rayonunun bir hissəsi) ərazisini də oraya “qatmışdılar”. Yəni, saxta, qondarma qurumu DQMV Xalq deputatları Soveti İcraiyyə Komitəsi Şaumyan (kənd) rayonu XDS İK ilə birgə elan etmişdi.
Bütün bunlarla yanaşı onu da hökmən qeyd etməliyik ki, Azərbaycan Ali Sovetinin haqqında danışdığımız addımı bu Qanunun qəbul edilməsindən 5-6 gün qabaq Qarakənd ərazisi üzərində vertolyotumuzun terror nəticəsində partladılması və ölkəmizin çoxsaylı dövlət, hökumət və ictimai xadimlərinin qətlə yetirilməsinə qarşı atılmış bir addım idi. Eyni zamanda, bizim siyasətçilər DQMV-nin ləğvini ermənilərin yuxarıda qeyd etdiyim 2 sentyabr tarixli separatçı-işğalçı qərarına cavab kimi də qiymətləndirirdilər.
İstənilən halda ordusu və digər zəruri gücü-qüvvəsi olmayan Azərbaycanın bu addımı düzgün deyildi. DQMV-nin ləğvi, özü də vertolyot terrorundan sonra həyata keçirilməsi həm də vertolyotu partladan qüvvələrdən diqqəti müəyyən qədər yayındırmağa səbəb olurdu.
- O zaman belə çıxır ki, Dağlıq Qarabağda Bakıya ümid edən insanlar da sınmışdı?
- Əvvəlcə onu qeyd edim ki, münaqişənin lap ilkin çağlarında vilayətdə yaşayan ermənilərin böyük bir hissəsi Ermənistandan və Rusiyadan gələn separatizm və iğtişaş çağırışlarının tam əleyhinə idi. Ermənistanın həyasızcasına Dağlıq Qarabağı nəzarətə götürmək cəhdləri qədər də Azərbaycanın o zamankı rəhbərliyinin xəyanətkarcasına susması və laqeydliyi Dağlıq Qarabağda daimi yaşayan və Azərbaycana simpatiyasını gizlətməyən erməni əhalinin böyük bir hissəsini bizdən üz döndərərək bədnam “miatsum” kampaniyasına qoşulmağa vadar etdi.
Yerli ermənilərin çox hissəsi, ümumiyyətlə, bu qondarma “hərəkat”ın əleyhinə idi. Lakin onlar da Ermənistandan, Rusiyadan və dünyanın başqa yerlərindən gəlmiş terrorçu qruplarla üzbəüz taleyin ümidinə buraxılanda, necə deyərlər, “silahlarını götürüb keçdilər o tərəfə”.
DQMV-nin ləğvi hadisəsi bizim böyük əksəriyyətimizdə sevinc, eyforiya doğurmuşdu. Azərbaycanlıların çoxu bu addımı alqışlayır, dəstəkləyirdi. Lakin dəstəkləməyənlər də var idi. Biz hesab edirdik ki, hökumətimiz yüz ölçüb-bir biçməli, ağıllı addımlar atmalıdır. Ancaq bizim o zamankı hökumətdə ağıllı siyasət nə gəzirdi?! Atılan heç bir addım, görülən heç bir tədbir münaqişə ocağının söndürülməsinə, separatçıların neytrallaşmasına, ərazilərimizi işğala hazırlaşan düşmənin zəiflədilməsinə hesablanmır, atılmır, görülmürdü. Əsas məqsəd hakimiyyətdə möhkəmlənməyə yönəlmişdi. Boş-boş şeylərlə öyünüb, özünü əhalinin gözündə şişirtməkdən başqa əllərindən bir iş gəlmirdi. Rasta çıxan heç bir ovu bərədə vura bilmirdilər və bütün girəvələri əldən çıxarırdılar. O zaman bizim üçün ağıl dövrü deyildi.
Ermənilər isə əksinə, daha mütəşəkkil və ağıllı hərəkət edirdilər. Bizim bu qərarımızı əldə bayraq edib hələ də Azərbaycanın tərəfini saxlamağa risk edərək, Ermənistanı qınamağa cəsarət edən ermənilərə bunun ardınca bütün ermənilərin Qarabağdan qovulacağı və s. bu kimi təhlükələrlə üzləşəcəyi barədə nağıllar danışıb, öz çirkin məqsədlərinə doğru irəliləyirdilər. Bəli, bu kimi məsələlər və daha çox da cinayətkar addımların tamamilə cəzasız qalması dediyiniz qrupların əl-qolunu daha da açdı.
- Bəs həmin dövrdə Qarabağda hər iki millətin nümayəndələrindən olan lider şəxslər bu parçalanmanın qarşısını almaq üçün hansı addım atırdılar?
- İstər Ermənistanda, istərsə də Dağlıq Qarabağda ermənilərin, necə deyərlər, “dövrə-zamana hökm edən” liderlərinin önündə millətçilər, separatçılar, canilər gedirdi. Sanki ziyalıları da zəhərlənmişdi. Mənim fikrimcə, buna səbəb Moskvanın “dovşana qaç, tazıya tut” deyən siyasəti idi. Qorbaçovun rəhbərliyi ilə ermənilərə “qızıl dağlar” vəd edilirdi. Bizim o zamankı hökumət və dövlət rəhbərlərimiz isə yuxarıda qeyd etdiyimiz kimi, cinayətkar susqunluğu, laqeydliyi, bəzən isə hətta anti-Azərbaycan fəaliyyəti ilə ermənilərə daha geniş meydan açırdı. Bütün qüvvə və vəsaitlər, bütün hərəkət və hərəkatlar, bütün fəaliyyət və fəaliyyətsizliklər iki xalq arasında düşmənçilik toxumunun səpilməsinə, uçurum yaradılmasına və onun hər vəchlə genişləndirilməsinə, aradan axan suların daha da çağlamasına və xüsusən də bulandırılmasına yönəlmişdi. Sizə iki hadisə təsvir edim. Təsəvvür edin ki, bir cavan idmançı, güləşçi erməni başımıza gətirdikləri bəlaya görə erməniləri qınayır, hər yerdə öz millətinin nümayəndələrini söyüb-danışır, onları günahlandıraraq əlinə silah götürmür və canilərə qoşulmaqdan imtina edir. Onu dəfələrlə “ordu” adlandırdıqları bandit dəstələrinə qoşulmağa təkidlə dəvət və təhrik edirlər, lakin o, bundan açıq şəkildə imtina edir və ictimai yerlərdə kəskin tənqidi çıxışlar etməkdən çəkinmir. Növbəti dəfə şəhərdəki kafelərdən birində pivə içərək danışdığı yerdə hərbi geyimli bir neçə quldur onun yanına gəlir, onu avtomat silahla təhdid edərək, UAZ markalı maşına basıb harasa aparır və iki saatdan sonra meyitini gətirirlər. Şəhərin mərkəzində meyiti maşından düşürür, izdihamın qarşısında süni mitinq əhvalı yaradır və çıxış edərək, “O, Vətən uğrunda qəhrəmancasdına həlak oldu!” deyir, onun guya döyüşdə azərbaycanlılar tərəfindən öldürüldüyünü bildirirlər.
İkinci səhnəni də təsəvvür edin. Şəhərdə mitinq gedir. Hökumətin laqeydliyi tənqid olunur. Dinc əhalinin quldur hücumlarından qorunması tələb edilir. Bu zaman başında ağ çalma, əynində ağ əba, qara saqqallı bir cavan tribunaya qalxır, dua verdikdən, “Allahın adı ilə” başladığını elan etdikdən, bir qədər alovlu sözlər söylədikdən sonra qəfil elan edir ki, bəs düşmənlərimiz türmələri açıb, bütün dustaqları buraxıb. Amma bizim türmələr hələ də dustaqla doludur və s. Bir neçə odlu cümlədən sonra mitinqə toplaşan kütlə bura nəyə gəldiyini unudaraq üz tutur türməyə tərəf ki, bəs dustaqları buraxmaq lazımdır. Bu iki ibrətamiz hadisədə əsas idarəedici qüvvə, əlbəttə ki, hökumət dairələri və onlara yaxın qüvvələr idi. Səmimiyyətlə millətinə və salamat gələcəyə xidmət edənlərin isə qüvvəsi çox zəif idi. Onlar həm sayca az, həm də gücə görə zəif idilər.
- DQMV-yə Bakıdan münasibət necə idi? Mərkəzi hakimiyyət Dağlıq Qarabağ üçün hansı addımlar atırdı?
- Bu suala qismən cavab vermişəm. Əlavə onu qeyd edə bilərəm ki, DQMV-nin rəsmən mövcud olduğu 68 il dörd ayın yalnız son dörd ayını çıxmaq şərtilə Azərbaycan hökuməti, hakimiyyət orqanları vilayət və onun erməni əhalisi üçün yaxşı mənada hər şeyi etmişdi. Stepanakert kiçik Xankəndindən böyük və müasir bir şəhərə çevrilmişdi. Vilayətdə institut, çoxsaylı texnikumlar, musiqi və texniki peşə məktəbləri, orta məktəblər, zavodlar, fabriklər, ticarət və ictimai iaşə müəssisələri açılmışdı. Vilayətin mərkəzinə dəmiryol xətti çəkilmiş, yaxınlığında Xocalı hava limanı tikilmişdi. Xankəndində, vilayətə daxil olan, ermənilərin üstünlük təşkil etdiyi Əsgəran, Mardakert, Martuni, Hadrut rayonlarında və Şuşa rayonunun ermənilər yaşayan dörd kənd və dörd evlik bir məntəqəsində hər şey onların rifahı üçün nəzərdə tutulmuşdu. Məsələn, çox primitiv bir nümunə: o zaman dəbdə olan “Rodopi” və digər bolqar siqaretləri Şuşada, Ağdamda, Azərbaycanın digər bütün yerlərində bir manata satıldığı halda Xankəndində qırx doqquz qəpiyə idi. Şuşanın və vilayətin digər rayonlarının kəndlərində erməni və azərbaycanlı kəndlərinin sovetlikləri (indi icra nümayəndəliyi) və kolxoz-sovxozları bir yerdə idilərsə, hökmən bir qayda olaraq bütün idarə binaları, ictimai, inzibati, mədəni obyektlərin yerləşdiyi tikililər erməni kəndlərində yerləşirdi. O kəndlərə asfalt yollar, müasir işıq, qaz və içməli su xətləri çəkilmişdi. Azərbaycanlı yaşayış məntəqələri isə əsasən orta əsrlərdəki kimi idi. Məsələn, Şuşanın Qaybalı kimi qədim kəndi bütün tarixi boyu elektrik xəttini, necə deyərlər, “İliç lampasını” 1989-cu ilin yayında gördü.
Nə başınızı ağrıdım, vəziyyət belə idi. Mənim bildiyimə görə, DQMV onlarla muxtar vilayəti olan SSRİ-də xüsusi statuslu yeganə vilayət idi. Belə ki, 16 iyun 1981-ci il tarixdə Azərbaycan SSR hökuməti ayrıca "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" Qanun qəbul etmişdi.
Qeyd edim ki, o zamanlar “mərkəzi hakimiyyət” deyiləndə Moskva başa düşülürdü. Moskvanın Dağlıq Qarabağ ermənilərinə göstərdiyi atalıq qayğısı bu gün də davam edir. Əslində, Moskva bu siyasətlə Dağlıq Qarabağda yaşayan sadə erməni camaatına da düşmənçilik edir. Amma Moskvaya onların özündən çox adları, var olmaları faktı lazımdır.
- Kərim müəllim, Xankəndi ermənilərin nəzarətinə keçdi. Amma bundan sonra Bakı tərəfindən heç bir addım atılmadı. Halbuki buranı geri qaytarmaq hərbi cəhətdən çox asan idi. Bəs niyə heç kim yerindən tərpənmədi?
- “Xankəndi ermənilərin nəzarətinə keçdi” nə deməkdir? Onsuz da həmişə ermənilərin nəzarətində idi. Düzdür, münaqişənin başlandığı dövrdə orada yaşayan azərbaycanlıların sayı 18 min nəfəri keçmişdi. Lakin şəhərin bütün mənada sahibi ermənilər idi. Barmaqla sayılacaq qədər adamı çıxmaq şərtilə bütün rəhbər vəzifələrdə ermənilər işləyirdi. Barmağın sayılacaq qədər olan vəzifəli azərbaycanlıların da çoxu separatçı, millətçi və azərbaycanlılara düşmən olan ermənilərdən pis idi. Şəhərdəki bütün yazılar erməni və rus dillərində, tək-tük yerlərdə Azərbaycan dilində olurdu. Şuşada vaxtilə fəaliyyət göstərən dövlət teatrı bağladılaraq, Stepanakertdə gündən-günə inkişaf edən dövlət teatrı açılmışdı. Sizə bir fakt deyim, vilayət və Stepanakert şəhər rəhbərliyində həmişə əsasən separatçılar olub. Məsələn, SSRİ-nin güclü vaxtlarında 26 Bakı komissarı həmişə dəbdə olub. Bu adda rayonlar, kolxozlar, idarə, müəssisə, təşkilatlar var idi. Stepanakertdə isə onların adını daşıyan küçənin adı bütün divarlarda və lövhələrdə ermənicə, rusca və bəzi yerlərdə azərbaycanca “26 komissar küçəsi” kimi göstərilirdi. “Bakı” sözünü onlar yaxına buraxmırdılar.
Bir məsələni hərbi cəhətdən çox asanlıqla həll etmək üçün sənin gərək “hərbi cəhətin” də olsun. Bu isə bizim yoxumuz idi. Ermənistan ordu yaradanda, Dağlıq Qarabağ erməniləri guya ordu yaradanda bizimkilər hələ də cavanları əsgərliyə Rusiya və başqa yerlərə göndərir, hökumət münaqişə bölgəsinə tapança ilə silahlanmış müxtəlif rayonların milis işçilərindən ibarət qruplar yollayır, parlamentdə “ordu yaradaq, yoxsa milisi gücləndirək” mövzusu ətrafında söz güləşdirirdilər.
Azərbaycan çox bərəni suya verdi, çox yatdı, gec ayıldı. Ayılanda da gərək hər şeyi sıfırdan başlayasan. Və gərək düz başlayasan. Amma bizim “Həşdən-hüşdən, yıxılı başdan!” devizi ilə yenidən başlamalarımız həddən çox oldu. Axırı da ki, belə… 23 il!!!
- Bildiyim qədər ilə əslən şuşalısınız və deyəsən, Sərkisyanla da tanış idiniz...
- Söhbət işğalçı Ermənistanın terrorçu prezidentindən gedirsə, hə, onu tanıyırdım. Lakin bir çox başqa tanınmışlarla tanışlığım, ünsiyyətim olsa da, onunla şəxsi tanışlığımız olmayıb. Onların əsillərinin haralı olduğunu bilmirəm. Amma onu bilirəm ki, atası Azad Sərkisyan Ermənistanın Gorus rayonundandır. Serjik isə Xankəndində doğulub. Yerevanda ali təhsil alıb və 1979-cu ildən Dağlıq Qarabağda müxtəlif vəzifələrdə - Stepanakert şəhər komsomol və partiya komitələrində rəhbər vəzifələrdə işləyib və o vaxtkı birinci katib Boris Gevorkovun köməkçisi olub. Azərbaycanın vətəndaşı olaraq ölkəmizə, xalqımıza və dövlətimizə qarşı törətdiyi cinayətlərə və etdiyi xəyanətə görə ən ağır cəzaya layiqdir. Kababçılığa qalanda, ola bilsin ki, yaxşı kabab bişirib, ancaq bir şeyi qeyd etmək istərdim. 1988-ci ildən 1994-ə qədər davam edən ciddi münaqişə, sonra isə hərbi əməliyyatlar sübut etdi ki, biz düşməni düzgün qiymətləndirə və uyğun nəticə çıxarmağa çalışmadığımıza görə əksər hallarda məğlubiyyətə düçar olmuşuq. Hər halda, bu, ən azı səbəblərdən biridir. Qarnından və onu necə doldurmaqdan başqa bu həyatda başqa qayğısı olmayan birini tanıyıram, o da gənc jurnalistləri tez-tez aldadaraq, 5 il müharibədə əldə silah döyüşdüyünü, Serjikin də ona kabab bişirdiyini söyləyir. Amma nədənsə başqa məsələləri demir. Jurnalist həmkarlarım da heç olmasa barmaqları ilə hesab aparmırlar ki, silahlı müharibə Qarabağda nə qədər davam edib.
Sərkisyan Xocalıda, Qaradağlıda, Malıbəyli və Quşçularda, Şuşada, Laçında və başqa məntəqələrdə törədilən vəhşi qırğınlara, axıdılan günahsız insan qanlarına cavabdehdir və əvvəl-axır cəzasına çatmalıdır. Amma xalqımıza bu dəhşətli faciələri yaşatmış bir cani, cəllad haqqında “yaxşı kababçı”, “mənim kabab bişirənim olub” kimi sözlərlə lağ-lağı danışıb ürək soyutmaq da, yüngül desəm, arsız adamın işidir.