Ukraynada sarsıdıcı zərbə alan Rusiyanın Abxaziya ilə müqaviləsi nəyə hesablanıb?
Vəfa Quluzadə: «Abxaziya ilə müqavilə ona hesablanıb ki, Gürcüstan NATO-yə üz tutmasın»
Rusiya və Abxaziyanın separatçı rejimi arasında Soçi şəhərində imzalanmış müqavilədə hərbi ittifaq da nəzərdə tutur. Tərəflər “hər hansı xarici təcavüzə” qarşı birlikdə çıxış etmək öhdəliyi götürürlər. Əksər Qərb, Gürcüstan və eləcə də bəzi Abxaziya şərhçilərinin qənaətinə görə, bu müqavilə, Moskvanın ərazini Gürcüstandan qopardıqdan sonra onu əbədi olaraq öz nüfuz dairəsində saxlamasına xidmət edir. Müqavilədə iki ölkənin birlikdə təşkil edəcəyi birləşmiş qoşun hissələrinin Abxaziya ərazisində yerləşdiriləcəyi təsbit edilir.
Ekspertlərin fikrincə, baş verənlərin Rusiyanın Qərblə qarşıdurmasını Ukraynadan tədricən Cənubi Qafqaza keçirmək niyyəti kimi də başa düşülə bilər. Çünki Rusiya Ukraynada ona olan təzyiqləri yalnız bu yol ilə müəyyən dərəcədə azaltmağı düşünür.
Buarada Rusiya ilə bağlı yayılan daha bir xəbər də maraq doğurur. Qərbin ciddi sanksiyaları ilə üzləşən Rusiyada 15,7 milyon insan yoxsulluq həddindən aşağıda yaşayır. İnflyasiya və ölkə daxilində baş verən digər hadisələr üzündən kasıbların sayı daha da artacaq.
Bu barədə Rusiya baş nazirinin müavini Olqa Qolodets Kremldə keçirilən milli strategiya üzrə Koordinasiya Şurasının iclasında bildirib.
"Rosstat"ın (statistika idarəsi) məlumatına görə, bu ilin avqustun 1-nə Rusiya əhalisinin sayı 146,1 milyon nəfər təşkil edib. "Belə çıxır ki, hazırda ölkədə hər 9 nəfərdən biri yoxsulluq həddindən aşağı yaşayır", - deyə "Newsru.com" situasiyanı belə konstatasiya edib.
"Əhalənin bu təbəqəsinin böyük əksəriyyəti uşaqlı ailələrdən ibarətdir", - deyə Olqa Qolodets bildirib. O, "obyektiv səbəblər üzündən" ilk növbədə üç yaşadək uşaqları olan anaları "yüksək risk zonası"nda olduğunu bildirib.
"Credit Suisse" bankının "Global Wealth Report 2014" hesabatına görə, son 7 ildə rusiyalıların rublla ifadədə rifahı 15% artsa da, rus valyutasının ucuzlaşması üzündən dollarla ifadədə bu rifah 17% aşağı düşüb.
"Rosstat"ın məlumatına görə, rusiyalıların önəmli hissəsi getdikcə daha pis yaşayır. Təkcə bu il Rusiyada 300 min vətəndaş yoxsulluq həddinin aşağısına yuvarlanıb: onların aylıq gəlirləri adambaşına 7915 rubldan aşağıdır.
Sosioloqlar kasıbların sayının çoxalmasını kommunal xidmət tariflərinin sürətlə artması ilə əlaqələndirirlər. Belə ki, rusiyalıların 40%-dən çoxu buna aylıq gəlirlərinin 1/4-dən çoxunu xərcləyir. Bundan başqa, inflyasiya da real maaşları sürətlə aşağı salır.
Politoloq Vəfa Quluzadənin fikrincə, Putinin hazırda atdığı addımlar ona hesablanıb ki, Qərbdə Rusiyanın sanksiyalardan qorxmadığı fikrini yaratsın. V.Quluzadə vurğuladı ki, Rusiyanın hazırkı ağır durumunda qərar qəbul edilib ki, Ukrayna sərhəddində həlak olan rusların ailələrinə 150 min dollar pul verilsin. Eyni zaman Abxaziya ilə müqavilə ona hesablanıb ki, Gürcüstan NATO-yə üz tutmasın: «Gürcüstanın NATO-ya inteqrasiyadan başqa çıxış yolu yoxdur. Amma Rusiya Abxaziya ilə müqavilə bağlamaqla, ona dəstəyini ifadə etməklə Qarabağ variantını Gürcüstanda tətbiq edir. Rusiyanın Ermənistanın arxasında dayanması Azərbaycan torpaqlarının işğalı ilə nəticələndi. Bu siyasəti Rusiya sona qədər davam etdirmək niyyətindədir».
Neftin qiymətinin beş il müddətində də bu formada qalacağı təqdirdə Rusiyada ciddi proseslərin yaşanacağını deyən V.Quluzadə vurğuladı ki, hazırda Rusiyanın iqtisadiyyatı ilə bağlı yayılan xəbərlər də bunu təsdiqləyir: «Rusiyada əmək haqları, təqaüdlərlə bağlı ciddi problemlər yaşanır. Amma Rusiya KİV-ləri tamamilə nəzarətdə olduqları üçün bütün bu hadisələri işıqlandırmağa cürət etmirlər. Amma ölkədə vəziyyət olduqca acınacaqlıdır».