“Vurulmuş helikopter Ermənistanla yanaşı Rusiyanı da alçaltdı”
Region Ağdamda Ermənistan helikopterinin vurulması ermənilərə Azərbaycanın Dağlıq Qarabağın işğalı faktı ilə heç vaxt razılaşmayacağını bir daha xatırlatdı.
Bu, erməniləri Qərb qapılarında daha artıq yataraq, onlardan Azərbaycanı sülhə çağırmağı xahiş etməyə məcbur etdi. Rusiyanın məsələyə laqeyd yanaşması ermənilərin Moskvaya olan ümidlərini bir xeyli öldürdü.
Baş verənlər erməni mətbuatında xüsusi ilə özünü qabarıq göstərir. Məsələn, Ermənistanın aparıcı portallarında olan “Lragir” ABŞ dövlət departamentinin mətbuat katibi Cef Ratkenin “Biz məsələni izləyirik” kimi sıradan ifadəsini pilotların cəsədlərinin çıxarılması əməliyyatını izləmək kimi təqdim edib. Bunun ABŞ-ın Ermənistana böyük dəstəyi olduğunu iddia edən portal həm də Moskvaya kəskin tənqidlər yönəldib: “Ermənistan helikopteri Rusiyanın satdığı silahla vurulub. Bundan başqa, Rusiya erməni silahlı qüvvələrini həlak olanların meyitlərinə buraxmayan Bakıya bir söz də demədi. Ermənistanın müttəfiqi və təhlükəsizliyinin qarantı olan dövlət susdu”.
Rusiyadan lazımi dəstəyi ala bilməyən Ermənistanın mətbu orqanı Moskvaya bir növ xəbərdarlıq edib ermənilərə dəstək verməyə çağırır: “Heç bir şübhə yoxdur ki, vurulmuş helikopter Ermənistanla yanaşı onun müttəfiqi və təhlükəsizliyinin qarantı Rusiyanı da alçaltdı”.