Azərbaycan “MDB dublikatı”ndan niyə ehtiyat edir?

28-11-2014, 01:50   
Azərbaycan “MDB dublikatı”ndan niyə ehtiyat edir?Rusiyada iqtisadi böhran siyasi kataklizmlərin xəbərçisidir. Anti-demokratik Kreml idarəçiliyi artıq rusiyalıları təngə gətirib. Düzdür, avtoritarizm Rusiya üçün yenilik deyil. Nə Çar Rusiyasında, nə SSRİ dönəmində Rusiyaya rəhbərlik edən başçılar, Boris Yeltsin idarəçiliyini çıxmaq şərti ilə, heç vaxt demokratik idarəçiliyə üstünlük verməyiblər.

Qonşularına münasibətdə isə aqressiyaları ilə fərqləniblər. Bu isə qarşı tərəfi müdafiə pozası seçməyə vadar edib. Odur ki, münasibətlərdə dəyişiklik olmasa, Qərbi və Azərbaycanı uzun illər davam edə biləcək “soyuq müharibə” gözləyir. Bu isə nə bizə, nə ruslara, nə də ki dünyaya lazım deyil.

Rusiya ilə münasibətlərin normalaşdırılması vacibdir. Bütövlükdə rusları düşmən obrazında görmək siyasi liderlər üçün naşılıq olardı. Unutmaq olmaz ki, bu ölkədə hələ də tam məhv olmayan bir ziyalı təbəqəsi və liberal-demokratik partiyalar mövcuddur. Rusiyada demokratik dəyişikliklərə nail olmaq arzusunda olan, qonşuları ilə imperiya təfəkkürü ilə söhbət etmək istəməyən siyasətçilər də az deyil. İstənilən zaman onlara Qərb dairələri tərəfindən maliyyə və digər yardımlar ayrıla bilər. Məhz həmin qüvvələrlə əməkdaşlıq Azərbaycan demokratları üçün də cəlbedici olmalıdır.
Düzdür, bu gün Kreml qonşularına, o cümlədən Azərbaycana alçaldıcı şərtlər irəli sürür. Digər tərəfdən, əlində “nüvə silahı” olan bir ölkə ilə “müharibə” aparmaq da məntiqə ziddir.
Rusiya ilə münasibətlərin qurulması zamanı bu amillər nəzərə alınmalıdır. Rusiya artıq imperiyanı bərpa edəcək gücdə deyil, rəhbərlərinin bəyanatları isə daxili publikaya yönəlmiş jestlərdən başqa bir nəsnə deyil. Bu isə Azərbaycan siyasətçilərinə ehtiyat etmədən manevr etmək imkanı yaradır.
Məsələn, 1992-93-cü illər ərzində Moskva Bakını işğalla hədələyir, Azərbaycanın MDB -yə üzv olmasına təkid edirdi. Elə həmin dövrdə bəlli idi ki, tez və ya gec Azərbaycan bu quruma üzv olacaq, Rusiya qarşısına belə məqsəd qoyubsa buna nail olacaq. Reallıq siyasi manevrlər tələb edirdi. Lakin həmin dövrdə siyasi elita rəsmisi MDB-yə üzv olmağın gərəkliyini dərk edə bilmədi. Siyasi təhlillər hələ o zaman MDB-nin oyuncaq bir qurum olduğu fikrinə gəlməyə əsas verirdi. Heç bir formada bu, SSRİ-nin bərpası demək olmayacaqdı. Nəzərə alsaq ki, Azərbaycan Qərblə enerjidaşıyıcıları ilə bağlı müqavilə imzalamağa hazırlaşırdı, Moskvanın qəzəbini yatırmaq üçün MDB-yə üzv olmaq vacib idi. Lakin həmin dövrdə romantik siyasət tərəfdarları bu quruma üzv olmaq barədə çağırışları xəyanət kimi dəyərləndirdilər. Nəticə isə göz qabağındadır.

Bu gün Rusiya Azərbaycandan Avrasiya İttifaqına üzvlük tələb edir. Rəsmi Bakı buna kəskin etiraz edir. Qarşılarına hakimiyyətə gəlməyi məqsəd qoyan demokratik qüvvələr də bunu imkansız hesab edir. Lakin analitik təfəkkürü olan hər bir kəs anlayır ki, bu sərsəm ideya MDB-nin dublikatını yaratmaqdan uzağa gedə bilməz.

Rusiya perspektiv planda məğlub olub. Lakin Rusiyanı bütün sahələrdə yeganə düşmən görmək də yanlış olardı. Unutmaq olmaz ki, bu günün müxalifəti sabahın iqtidarıdır. Bu baxımdan, proseslərə yanaşmada dövlətçilik təfəkküründən çıxış etmək mühümdür. Qeyd edək ki, artıq demokratik qüvvələr “Rusiya amilinə” “ura-patriotik” rakursdan yanaşmırlar. Bu, normal haldır. Lakin daha bir addıma ehtiyac var. Kremlin sahibləri Cənubi Qafqazda “ikinci Qamsaxurdiya”nın iqtidara gələ bilməsindən ehtiyat edirlər. Bu baxımdan, geosiyasi reallıqları dərindən təhlilinə ehtiyac yaranır. Unutmaq olmaz ki, Rusiya Azərbaycanın nə dostudur, nə düşməni. Azərbaycanın yeganə strateji müttəfiqi Türkiyədir. Lakin Rusiya ilə əlaqələr qurmamaq, bu amili nəzərə almamaq fəsadlar yaradır. Azərbaycanda iqtidara gəlmək istəyən hər bir qüvvə xarici siyasətdə romantik davranışa üstünük verməyəcəyini sübut etməlidir. Təbii ki, hədəf Qərblə daha sıx inteqrasiya olmalıdır. Lakin nə Rusiya, nə İranın mövcudluğunu görməzdən gəlmək də çıxış yolu deyil. Siyasət savadlı insanların peşəsidir. Burada romantiklərə yer olmamalıdır...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.