Azərbaycana qarşı “Maqnitski qanunu” təhlükəsi

28-11-2014, 08:32   
Azərbaycana qarşı “Maqnitski qanunu” təhlükəsiLeyla Yunusun həbsi ev dustaqlığı ilə əvəz ediləcəkmi?; Hüquq müdafiəçisinin səhhətinin pisləşməsi ölkəmizə qarşı sanksiya tələblərini yenidən gündəmə gətirə bilər; Leyla Yunusla bağlı məsələ dövlət rəhbərliyinin təcili müdaxiləsini tələb edir; rusiyalı hüquqşünas da vaxtında həkim yardımı edilməməsi səbəbindən vəfat etmişdi
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun səhhətinin kəskin pisləşməsi ilə bağlı xəbərlər ciddi narahatlıq doğurmaqdadır. İyulun 30-da həbs edilən L.Yunusa qarşı Cinayət Məcəlləsinin “Dövlətə xəyanət”, “Vergidən yayınma” da daxil olmaqla 6 (274, 178.3.2, 192.2.2, 213.2.2, 320.1 və 320.2,) maddə ilə ittiham irəli sürülüb. L.Yunus ittihamları qəbul etmir və həbsi siyasi motivlərlə izah edir.

Həbsindən keçən müddətdə bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatları, o cümlədən Avropa Birliyi və ABŞ Dövlət Departamenti xüsusi bəyanatlar verərək Azərbaycan hakimiyyətini tənqid edib, L.Yunusu azadlığa buraxmağa çağırıb. L.Yunusla bağlı qınaqlar onun həyat yoldaşı Arif Yunusun həbsi ilə daha da artırıb. Qeyd edək ki, əvvəl Bakıdan çıxmaq yasağı qoyulan A.Yunus da avqustun 5-də həbs edilib və ona qarşı da CM-in 274 və 178.3.2-ci maddələri ilə ittiham irəli sürülüb.

Vəkillərin dediyinə görə, şəkər xəstəliyindən əziyyət çəkən L.Yunus 12 kiloqram arıqlayıb, dişləri, saçları tökülür və zorla yeriyir. L.Yunus özü isə noyabrın 26-da vəkilləri vasitəsilə vəsiyyət edib, ölümünün yaxınlaşdığını deyib. Penitensiar Xidmət L.Yunusun həbsindən bəri bu cür məlumatları ya təkzib edir, ya da susqunluqla qarşılayır. Penitensiar Xidmət hər nə qədər “Leyla Yunus da adi təqsirləndirilən şəxslərdən biridir” desə də, bunun belə olmadığının yəqin ki, fərqindədirlər. Leyla Yunusun ittiham olunduğu ağır maddələrə baxmayaraq, o, sıradan bir cinayət suçlusu deyil. Azərbaycan hakimiyyətinin, lap cəmiyyətin müəyyən kəsiminin “Ermənistan xüsusi-xidmət orqanları ilə əlaqəsinə görə” ona sərt münasibətindən asılı olmayaraq, L.Yunus Avropanın dövlət başçılarının tanıdığı, hətta Fransa prezidentinin Azərbaycan prezidentindən azadlığı üçün şəxsən xahişini etdiyi hüquq müdafiəçisidir.



Azərbaycan hüquqçularının ona qarşı irəli sürdüyü maddələri bəlkə də sübut edəcək təkzibolunmaz faktlar var. Bu bizim deyil, istintaq orqanının işidir. Fəqət bu sübutlar cəmiyyət üçün ortada yoxkən, L.Yunusun özünün fiziki yox olma ehtimalı Azərbaycanın başına ciddi dərd ola bilər.

Bir müddətdir ki, Avropa Parlamenti və “Fredoom House” digər QHT rəhbərlərinin həbsindən sonra Azərbaycan hakimiyyətinin bəzi məmurlarına qarşı sanksiyaların tətbiqini istəyir. Sentyabr ayında Avropa Parlamenti həbsləri pisləyən qətnamə qəbul edib, sanksiyaların tətbiqini gündəmə gətirib. “Fredoom House”nin rəhbəri Devid Kramer və ABŞ-ın ölkəmizdəki sabiq səfiri Riçard Kozlariç isə “The Amerikan İnterest” məcmusunda ABŞ-ı Azərbaycan rəsmilərinə sanksiya tətbiq etməyə çağıran məqalə dərc ediblər. Oktyabrın əvvəlində ABŞ Dövlət Departamenti yaydığı bəyanatda “Leyla Yunusun pisləşən səhhətinə baxmayaraq” məhkəməyə çıxarılmadan həbsdə saxlanılmağa davam etməsinə görə ciddi narahatlıq keçirdiyini bəyan edib. Dövlət Departamentinin bəyanatında deyilirdi ki, ABŞ həmçinin Leyla Yunusun fiziki təhlükəsizliyi barədə xüsusilə narahatdır: “Biz Azərbaycan hakimiyyətini humanitar əsaslarla Leyla Yunusun müstəqil tibbi müayinədən keçirilməsinə və daha yaxşı şəraitlə təmin olunmasına çağırırıq”, deyə bəyanatda bildirilirdi. Bugünlərdə isə Vaşinqtonda “Freedom House” və "Soros" Fondunun təşkilatçılığı ilə “Azərbaycanda insan hüquqları pozuntularının geniş fəsadları” mövzusunda dinləmələr keçirilib.



Dinləmələrdə Azərbaycana qarşı “Maqnitski qanunu”ndan istifadə edilməsini təklif ediblər. Bu, sanksiya xarakterli qanun layihəsi olmaqla, insan hüquqlarının pozulduğu ölkələrdə tətbiq edilir. Sözügedən qanun layihəsinin yaranma tarixi Ermitaj Kapital Fondunun hüquqşünası Sergey Maqnitskinin 2009-cu ildə təcridxanada vəfat etməsi ilə bağlıdır. Artıq sübut olunub ki, Maqnitski, pis təsadüfdən, məhz azərbaycanlının rəhbərlik etdiyi “Motrosskaya tişina” təcridxanasında VAXTINDA HƏKİM YARDIMI EDİLMƏMƏSİ SƏBƏBİNDƏN (seçdirmə bizimdir) vəfat edib. Həmkarları və qohumları hesab edirlər ki, hüquqşünası 5.4 milyard rubl həcmində büdcə vəsaitinin mənimsənilməsi sxemini aşkar etdiyinə görə həbs ediblər. Bu hadisədən sonra amerikalı senator Benjamin Kardin “”Maqnitski siyahısı"nı tərtib edib.



2011-ci ildə ABŞ Dövlət Departamenti S. Maqnitskinin ölümündə əli olan və ya əli olduğundan şübhə duyulan 60 rusiyalı məmurun ABŞ-a girişini yasaqlayıb.
Rəsmi Bakının xarici təzyiqlər mövzusunda həssaslığı aydındır; hakimiyyət kiminsə xahişi və ya tələbi ilə dustaq buraxmır. O da məlumdur ki, bəzi beynəlxalq təşkilatlar erməni lobbisinin təsiri altında bu kimi həbslərdə Azərbaycana qarşı istifadə edir. Azərbaycana sanksiyalar tətbiqi ilk növbədə Ermənistanın da işinə yarayır. Amma bu bəhanəni Azərbaycanın dünyada pis duruma düşməsini istəyən ermənilərə verməmək də olar. Bunun üçün L.Yunusla bağlı məsələ təcili dövlət rəhbərliyinin müdaxiləsini tələb edir. L.Yunus axı o qədər təhlükəli suçlu deyil ki, bu cür ağır vəziyyətdə təcridxanada saxlanılsın. Ağır xəstəliyi nəzərə alınaraq, onun həbsi ev dustaqlığı ilə əvəz edilə bilər. Buna Azərbaycan qanunları imkan verir...

Ölkə bir neçə aydan sonra ilk Avropa Oyunlarına ev sahibliyi edəcək. Azərbaycanda bir hüquq müdafiəçisinin, Allah etməmiş, təcridxanada vəfat etməsi təkcə ölkəmizdə həqiqi haqq-ədalətin bərpasını istəyənləri deyil, bədxahlarımızı da hərəkətə keçirəcək.
Hələ gec deyil...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.